ETNOPSİXOLOGİYA 142
Danışıqlarda iştirak edən ingilislər üçün işə qabarıq şəkildə
ifadə olunan prosesual empirizm, fürsətcil (konyunktur) yanaşma
xarakterikdir. Qeyd olunmalıdır ki, işlər dərhal gəlir və uğur
gətirdikdə ingilislər çox iddialı, özlərinə güvənən davranış nümayiş
etdirirlərsə, uğur və gəlirlər 5-10 il sonra əldə olunacağı təqdirdə
olduqca ləng və könülsüz işə daxil olurlar. Bununla belə,
partnyorluğun gələcəkdə davam və inkişaf etdirilməsinə olduqca
pozitiv yanaşırlar.
İngilislər danışıqlara hazırlıq məsələlərinə olduqca az diqqət
ayırırlar. Hazırlıqlara praqmatizm (gəlir əldə etmək) baxımından
yanaşırlar. Yəni düşünürlər ki, danışıqlarda tərəf müqabilinin
yanaşmasından asılı olaraq ən uyğun qərar tapılacaqdır. Bununla
belə, onlar kifayət qədər elastikdirlər, əks tərəfin bütün
təşəbbüslərinə həvəslə cavab verirlər. İngilislər üçün ənənəvi
bacarıq kəskin tərəflərdən qaçmağı və yayınmağı bacarmaqdır.
Bununla yanaşı, ingilis şəriklərlə danışıqlar dəqiq və razılıqla
olmalıdır, onlar adətən improvizasiyanı, düşünülməmiş hansısa
təkliflərin irəli sürülməsini qəbul etmirlər.
Danışıqlar faktiki, sorğu əsasında əldə olunmuş və statistik
məlumatlara əsaslanaraq aparılır və hər bir yanaşma nəzərdən
keçirilir. Aparılan danışıqların detallaşdırılması (danışıqlarda hər
bir xırdalığın nəzərdən keçirilməsi) səviyyəsi kifayət qədər yüksək
olur. Belə ki, gələcək razılaşmanın hər bir detalı, parametrləri ciddi
şəkildə müzakirə edilir.
İngiltərə klassik mühafizəkarlıq ölkəsidir. Onun həyat və
yaşam tərzində ciddi riayət olunan ənənəvi və çoxəsrlik ritualizm
böyük məna kəsb edir. Belə hesab olunur ki, ingilislər danışıqlar
aparılması üçün müəyyən ünsiyyət ritualı hazırlayıblar və ona ciddi
əməl edirlər. Misal üçün, əgər ticarət danışıqları aparılırsa, onlara
başlamamışdan əvvəl ən azından bazarın firmalar baxımdan
xarakteristika edilməsi (hansı şirkət və firmaların bazara məhsul
təqdim etdiyini), məhsulun dəyərini, qiymətin qalxma və ya
enməsinin nəyə əsaslanmasını, lazım olan ingilis şirkəti və orada
işləyən şəxslər barəsində məlumatın toplanması mühümdür.