137
Hazırda zərdüştlük İranda kəbrlər, Hindistanda isə parslar arasında qalmaqda-
dır. Onların sayı 100 min nəfərdən artıqdır.
Zərdüştilik İranda hakim dinə çevrildikdən sonra gələcəkdə onun ümumbəşəri
xəlqi və humanist müddəaları öz yerini, əsasən, təlimin esxatoloji görüşlərinə, ayin
və mərasimlərinə verdi. Lakin zərdüştiliyin iki başlanğıcın vəhdəti, onun əksliklə-
rin qarşıdurması və mübarizəsi üzərində yüksələn mövcudatla bağlı təsəvvürləri, tə-
biətə və insana yönəlmiş humanizmi, azad iradəli insanın fəallığı, utopik cəmiyyət
haqqında ideyaları,
gözəlliyə münasibəti, fəlsəfi təliminə məxsus mücərrəd məf-
humlar – ilk başlanğıc, işıq, zülmət, Xeyir, Şər, həqiqət və s. kateqorial anlamları
minilliklər ərzində ictimai fikirdə müxtəlif formalar alaraq dünya fəlsəfi mədəniy-
yətinin ənənəsi kimi yaşamaqdadır. Sonralar, ilk növbədə, Azərbaycan və Orta əsr-
lər İslam Şərqinin zərdüştilikdən də qaynaqlanan mistik fəlsəfəsi, demokratizmi və
humanizmi ilə fərqlənən ideoloji cərəyanları zərdüştilik ideyalarının yaşaması üçün
münbit zəmin oldu. E.ə. I minilliyin birinci yarısında
Azərbaycan fəlsəfi fikrinin
inkişafında Midiya kahinləri nəslindən olan maqların təlimi mühüm yer tutur. Sə-
ciyyəvidir ki, kahin silkindən olan maqlar mədəniyyət tarixinə yalnız din, fəlsəfə,
elm təmsilçisi kimi deyil, həm də təlim yaradıcısı kimi daxil olmuşlar. Mədəniyyət
tarixində “maqlar dini”ndən deyil, daha çox “maqlar təlimi” və “maqlar elmi”ndən
bəhs edilmişdir. Buna səbəb isə maqlar təliminin mənəvi mədəniyyətin müxtəlif sa-
hələrini ehtiva etməsidir. Maqların dünyagörüşü o dövrün yüksək inkişaf etmiş
elmlərinə –
astronomiya, riyaziyyat və təbabətə əsaslanırdı. Onların öz biliklərin-
dən istifadə edərək təbiət və cəmiyyət həyatına müdaxilələri çox vaxt sehr kimi də-
yərləndirilirdi. Mədəniyyət tarixində “maq” anlamı altında zərdüştiliyin təmsilçilə-
rini və ümumiyyətlə, müdrikliyi ilə seçilən şəxsiyyətləri nəzərdə tutmuşlar. Şərqdə
“pir-i muğan” anlamı alim, müəllim, müdrik mənasında işlənir.
Zərdüştilik ilə bərabər maqların təliminin qədim yunan mədəniyyəti və fəlsəfə-
sinə təsirini Demokrit, Pifaqor, Anaksarx, Pirron, Platon, Aristotel, Laertli Diogen,
Evdoks, Feopomp, Rodoslu Evdem, Hekatey öz əsərlərində göstərirlər. Qədim yu-
nanlara istinad edən Laertli Diogen yazır: “Aristotel qeyd edirdi ki, muğlar misirli-
lərdən qədimdirlər… və Klark himnosofistləri (Hindistan brahmanlarını) maqların
şagirdləri hesab edirdi”.
Bununla belə, maqların ilkin fəlsəfi görüşləri haqqında mə-
lumat çox azdır. Maqlar oda üstünlük verir, təbiət hadisələrini ilahiləşdirirdilər. On-
lar varlığın (allahlar da daxil olmaqla) tərkibini xırda zərrələrdə (atomlarda) görür-
lər. Laertli Diogen maqların mövcudatın atomlardan ibarət olması təsəvvürləri ilə,
onların “görüntülər” haqqında təlimi və bu təlimin Epikürün görüşləri ilə bağlılığı
haqqında yazırdı ki, maqlara görə, şeylərdən ayrılan görüntülər vasitəsilə insan for-
maları görür və dərk edir.
Dostları ilə paylaş: