MƏHƏMMƏD ƏFŞARIN " FƏNNİ - SƏRFİ - TÜRKİ " ƏSƏRİNDƏ DİLÇİLİK TERMİNLƏRİ
Rəxşanə BABAZADƏ
Qafqaz Universiteti
rbabazade@std.qu.edu.az
Azərbaycan dilçiliyi tarixində Xələfi Mirzə Məhəmməd Əfşarın "Fənni-sərfi-türki" əsəri xüsusi qeyd olunmalıdır. Bu
əsər təxminən XIX əsrin II yarısında Azərbaycan dili qrammatikasına aid azərbaycanca yazılmış ilk əsərlərdən biri kimi öz
zamanı üçün ən mükəmməl bir qrammatika dərsliyi olmuşdur. Lakin 90 əlyazması səhifəsindən ibarət olan bu əsər indiyə
qədər nəşr edilməmişdir.
"Fənni-sərfi-türki" əsərində işlənən dilçilik terminləri XIX əsrin II yarısında yazılan bütün qrammatika əsərlərində
olduğu kimi, əksərən ərəb mənşəlidir və onların bir çoxu sonradan dilimizdə yeniləri ilə əvəz olunmuşdur. Əsərdə ərəb
dilçilik ənənələri ilə bağlı olan dilçilik anlayışları üstünlük təşkil edir. Buna görə də, dilçilik terminləri içərisində ərəb
mənşəli sözlərə və izafət tərkiblərinə daha çox rastlanır. Əsərin məziyyətlərindən biri də budur ki, M.Əfşar Azərbaycan dili
qrammatikasına dair bilgiləri ərəb, fars dili və Osmanlı türkcəsi ilə müqayisəli şəkildə təqdim edir.
Əsər iki hissədən ibarətdir: sərf və nəhv. "Fənni-sərf" termini morfologiya, "fənni-nəhv" termini isə sintaksis
anlayışını bildirir. Hər hissə bir neçə bəhsə ayrılır. Birinci hissə "babül-hərf" ("babül-hüruf"), "babül-ism", "babül-fel" və
"babül-mübhəmat vəl-ədəvat" bölmələrindən ibarətdir. Qeyd edək ki, əsərdə "bab" termini "fəsil" terminlndən daha geniş
mənada başa düşülür. Belə ki, müəllif qeyd edir: "Fənni-nəhviyyəsi dəxi bir bab və neçə füsul (fəsillər-B.R.) üzrə xitam
bulur".
Hərf fəslində əlifbadakı bütün hərflər ümumilikdə "hürufi-heca" adlandırılır. Səs mənasında "sövt" termini işlənir.
Ondan əvvəl yazılmış əsərlərdən fərqli olaraq hərflər məxrəcinə görə üç yerə bölünür: 1) boğaz ("hürufi-həlq"); 2) dil
("hürufi-lisani"); 3) dodaq hərfləri ("hürufi-şəfəvi"). Bundan başqa, "hürufi-müttəsilə" və "hürufi-münfəsilə" adı ilə bitişik
və ayrı yazılan hərflər də fərqləndirilir. Belə ki, bir sıra hərflər vardır ki, özündən sonra gələn hərflərlə əsla birləşmir: ( ر ذ د ا
و ژ ز ). Müəllif saitlərdən bəhs edərkən də, sait səsləri bildirən hərflər və səslər, habelə, uzun və qısa saitlər bir-birindən
fərqləndirilir: "hürufi-musavvitə" (səsli hərflər) və ya "hürufi-imlai" adı ilə saitləri (adətən, uzun saitləri) göstərən hərflər,
"hərəkəi-musavvitə" ("səsli hərəkə") adı ilə sait səsi bildirən hərəkələr (diakritik işarələr). ["hərəkəi-musavvitə dəxi üçdür:
zəbər, zir, puş. Bunların hər birisi həmcinsi olan hərfin yarı sövtini verir; zəbər əlif’in, zir ya’nın və puş vav’ın həmcinsidir.
Bu əlamətlər ərəbcə "fəthə, kəsrə, zəmmə" adlanur"]. Məsələn, "zəbər sövti" dedikdə [ə] səsi nəzərdə tutulur. Onu da qeyd
etmək lazımdır ki, yalnız bu hərflərə (ﻩ ﯼ و ا) "hürufi-samitə" ("lal hərf") deyilir, çünki bu hərflər yerindən asılı olaraq
müxtəlif səsləri bildirir.
|