1930-CU İLLƏR AZƏRBAYCAN ƏDƏBİ TƏNQİDİNDƏ MƏHƏMMƏD FÜZULİNİN YERİ
Aysel QULİYEVA
Azərbaycan Müəllimlər İnstitutu
a_guliyeva@hotmail.com
Azərbaycan şeiri orta əsrlər dövründə özünün ən uca zirvəsinə Məhəmməd Füzuli yaradıcılığı ilə yüksəlmişdir. İrfani
və fəlsəfi həqiqətlərə mərifətinin olması, dini və etiqadi elmlərə sahib olması Füzuli yaradıcılığını mükəmməl və ölümsüz
etmişdir. Bu ülvilik onun həm nəzm, həm də nəsr əsərlərində aydın görünür. Onun “Mətlə ul itiqad fi mərifəti Məbdəi vəl
Məad” adlı nəsr əsəri tələbələrin yox, alimlərin bəhrələnəcəyi bir elm əsəridir. Divanları və digər nəzm əsərləri isə irfanın
və təsəvvüffün bütün incəlikləri ilə şərhinə yetəcək genişlikdədir. Nəzm və nəsrin qarışığı olaraq yazdığı “Hədiqət us
Süəda” əsəri isə bu özəlliklərdən əlavə tarixi bir əsərdir və təbir ilə desək, Füzuli yaradıcılığının “şah beyt”idir. Füzulinin
yaratdığı əsərlər istər irfani və fəlsəfi sirlərlə, istərsə də bədii ifadə vasitələri zənginliyi ilə əsrlərdir ki, mərifət və söz əhlinin
ruhunu, könlünü oxşamaqdadır.
1930-cu illərdə fəaliyyət göstərmiş ədəbi tənqidimizin görkəmli simalarından olan Ə.Nazimin, M.K.Ələkbərlinin,
B.Çobanzadənin, M.Quliyevin, M.B.Məmmədzadənin məqalə və əsərlərində də M.Füzuli yaradıcılığının bir çox aktual
məsələlərinə nəzər yetirilmişdi. M.K.Ələkbərli dahi Füzulinin əsərlərini “türk şeirinin örnəyi”, Ə.Nazim isə “türk
ədəbiyyatının böyük klassiki”, “bütün dəhası və ustadlığı ilə əsrinin fikri xüsusiyyətlərini əks etdirən” bir qüdrətli şair hesab
edirdi.
Dövrün görkəmli tənqidçisi M.Quliyev 1930-cu ildə çap etdirdiyi “Oktyabr və türk ədəbiyyatı” adlı kitabını M.Füzuli
ilə başlayır. Tənqidçi hər şeiri misilsiz fikir daşıyan şairin hər bir obrazında geniş həyati bilik, psixologiya, təbiət
hadisələrinin dərin təhlilinin bədii əksini tapdığını göstərirdi. M.Quliyev göstərirdi ki, M.Füzuli poeziyasının sehri onun
dərin xəlqiliyindədir və “bütün mədəni Şərqdə məşhur olan” bir şair kimi M.Füzuli poeziyası onu ana dilində oxuyan hər bir
kəs üçün doğmadır.
Tənqidçi B.Çobanzadə, M.K.Ələkbərli şairin türk dilində yazmağa üstünlük verməsi məsələsi ilə bağlı maraqlı fikirlər
söyləmişlər. B.Çobanzadə Füzulinin şeirlərinin çoxunu türkcə yazmasının təsadüfi olmadığını vurğulayırdı. Çünki şair
farsca daha gözəl yazıldığının və “farsca daha ziyadə ədəbi modada bulunduğunun fərqində” idi. Tənqidçi fəxrlə bildirirdi
ki, M.Füzuli də “Aşıq Paşa, Əlişir Nəvai, Yunus İmrə ...kibi digər bir çox qüvvətli türk şairləri kibi türkcə kibi işlənməmiş
bir dil ilə gözəl şeir yazmaq mümkün olduğunu iləri sürmüşdür”. M.K.Ələkbərli isə bu baxımdan “Azərbaycan
ədəbiyyatının mayeyi-iftixarı” hesab etdiyi şairin vaxtilə “ərəb və fars sözləri ilə zibillənmiş olan türk bədii dilinin
inkişafında” çox böyük bir rol oynadığını qeyd edirdi. Bu mənada ana dilli ədəbiyyatımızın, dilimizin inkişafında Füzuli
sənətinin xidməti misilsiz dəyərə malikdir.
M.Quliyev M.Füzuli yaradıcılığına forma nöqteyi-nəzərindən yanaşanda isə əruz, heca vəzni haqqında nihilist mövqe
nümayiş etdirirdi. Bu məqamda tənqidçi Füzuli şeirlərindəki yüksək bədiiliyi, sənətkarlıq qüdrətinin layiqli dəyərini ifadə
edə bilmirdi. Marksist tənqid bədii formanı yüksəltməyi formalizm kimi qəbul edirdi. Tənqidçi “yeni ədəbiyyat, yeni
mündəricə ilə köhnə şəkil, köhnə qəlib kifayət deyildir”, - deyərək əruz və hecanın yararsız olduğunu yazırdı. Qeyd etmək
lazımdır ki, bu hal bu dövrdə zamanın təsir və tələbindən irəli gələrək bir çox tənqidçilərin fikirlərində özünü göstərirdi.
Tənqidçi Ə.Nazim isə dahi romantik olan Füzuliyə realizm tərəfdarı nöqteyi-nəzərindən yanaşırdı. Məlumdur ki, 1930-
cu illərdə romantizmə münasibət birmənalı olmamışdı. Bu baxımdan Ə.Nazimin də Füzuli yaradıcılığına yanaşmasında
müəyyən ziddiyyət özünü göstərirdi. Tənqidçinin fikrincə, “Füzulinin tərənnüm etdiyi hisslər, əməllər eşq və onun min bir
variantı real bir eşq və hisslər deyil, mücərrəd, mütləq, müncəmid, “əzəli” və “əbədi” bir eşqdən başqa bir şey deyildir;
yalnız bəzi acı istehza, satira və kinayəli əsərlərində bir sıra real cizgilər verən Füzuli öz stili etibarilə yenə də Şərq
klassisizminin ədəbi səliqəsindən, qaşılı köşklərindən xaricə çıxmamışdı”.
|