Yaqub Əlioğlunun hekayələri əsərin ilkin eskizlərini xatırladır, hər birində mövzunun natamamlığı açıq-aydın hiss
olunur. Atasının qurd ürəyi yedirdib, qorxmaz bir insan olaraq böyütdüyü oğulun əsgərdən cəsədinin gəlməsi (“Qurd
ürəyi”), nə vaxtsa bir-birini sevən iki yaşlı insanın avtobusda təsadüfən qarşılaşması (“Səs”) haqqında olan hekayələrdə
mövzu öz bədii həllini tapmadan yekunlaşır. Məhəbbət mövzusu bir cox hekayələrdə yer alır. Zemfira Məhərrəmlinin
“Oyuncaq”, Kamil Əfsəroğlunun “Sevgilim” hekayəsi bu mövzuda yazılmış əsərlərdən seçiləcək, yadda qalacaq heç bir
xüsusiyyət daşımır.
Gülşən Lətifxanın “Domino” hekayəsində isə özünü yaxınları üçün fəda edən, lakin qarşılıq görməyən insanın
həyatından bəhs edilir (ümumiyyətlə, bu mövzu müəllifin bir çox hekayələri üçün səciyyəvidir).
Eyni müəllifin “Ad günü” hekayəsində isə xarici vətəndaşla ailə quraraq öz xoşbəxtliyini qurmağa çalışan insanın
yaşadığı iztirablardan söhbət açılır. Lakin təsvir olunmuş “acılar” sayəsində personajın yaşantılarına oxucunun yanması,
onun dərdinə şərik olması baş tutmur, əksinə, əks effekt alınır. Personajın “acınacaqlı” həyatı gözlənildiyi kimi, təəssüf
deyil təəccüb doğurur. Müəllif sanki yaratdığı personajı istədiyi rakursdan göstərə, problemin kökünün nədə olduğunu
düzgün təyin edə bilmir. Avropalı şahzadələrlə ailə quran qızların nikahlarının uğursuzluğunun səbəbi maddiyyatla bağlı
deyilmi? Bu hissləri rəhbər tutaraq ailə qurub, sonradan məhəbbət axtarışına çıxmaq nə qədər məntiqə sığır?! Problemin
səbəbi düzgün təyin olunmadığı üçün ortaya qoyulmuş mövqe də yanlışdır. Zlatanın faciəsini göstərməkdə çətinlik çəkən
müəllif müxtəlif situasiyaları qabartmaqla nəyə isə nail olmağa çalışır. Onun Qərb həyatının özəllikləri kimi təqdim etməyə
çalışdığı bir çox məqamlar artıq bizim də həyatımızda yer alıb və bu səbəbdən də aktuallığını itirib. Beləliklə də, mövzuya
yanaşmada yeni baxışa ehtiyac duyulur.
Dostları ilə paylaş: |