II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
263
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Birinci dövr sosialist realizminin şəriksiz hakim olduğu gərgin bir mərhələ olaraq xatırlanır, lakin keçən əsrin 60-cı
illərindən başlayaraq şəxsiyyətə pərəstiş kultunun uçulması ilə ölkədə ədəbi ab-hava qismən mülayimləşir. Təbii ki,
ədəbiyyatımız da bu prosesdən kənarda qalmır. Məhz bu dönəmdə B.Vahabzadə, N.Xəzri, F.Qoca, F.Kərimzadə, İsa
Hüseynov, Anar, İsi Məlikzadə, Elçin, İsmayıl Şıxlı, Y.Səmədoğlu, V.Səmədoğlu və başqalarının yaradıcılığında sosialist
realizmi ədəbi cərəyanı ilə qətiyyən uyğunlaşmayan meyillər diqqəti cəlb etməyə başladı. Ədəbiyyatın mövzusu adi
insanların həyatının əks olunmasına yönəldi. Qəhrəmanın iç dünyasının təsvirinə maraq artdı.
Bu dövrdə insana yeni baxışın formalaşması qəhrəman anlayışının dəyişilməsinə, yeni tip və xarakter anlayışının
ortaya çıxmasına səbəb oldu. Yazıçıların yeniliyə doğru addımlarından başlıcası məhz ideyaçılıqdan yayınmaq idi.
70-ci illərdən başlayaraq ədəbiyyatımızda bədii qəhrəman əsasən şəxsi həyat dairəsində təsvir olunur, əvvəlki
dövrlərdən fərqli olaraq qəhrəmanın əmək fəaliyyəti, demək olar ki, önəmsənmir. İntellektualizmə doğru meyil güclənir və
bunu “Toğana”, “Yasamal gölündə qayıqlar üzürdü” (Sabir Əhmədov), “İdeal” (İsa Hüseynov), “Labüdlük ” (Ç.Hüseynov),
“Əlaqə”, “Macal” (Anar) və s. əsərlərdə müşahidə edə bilərik. Bu, əlbəttə, yazıçıların psixoloji üslub baxımından yeni
səviyyəyə qalxdıqlarını göstərir. Onlar artıq sadəlövh adamların daxili yaşantılarını qələmə almaqla kifayətlənmir, get-gedə
daha artıq ziddiyyətli fikirlər içərisində dolaşıb qalan mürəkkəb təbiətli intellektual qəhrəmanlara müraciət edirlər.
70-ci illərdə özünü göstərən intellektuallaşma meyli 80-ci illər ədəbiyyatında bir qədər də dərinləşdi: bu, hər şeydən
əvvəl, qeyd olunduğu kimi, bədii əsər qəhrəmanları arasında düşüncə sahiblərinin artmasında özünü göstərir. Həmin
adamlar daha tez-tez insanın özü üçün başlıca hesab etdiyi əxlaqi və mənəvi-psixoloji anlayışlar haqqında dərin düşüncələrə
dalır, mühakimələr yürüdür, başqaları, yaxud öz-özləri ilə mübahisə edirlər. Belə əsərlərdə süjet və hadisələr elə də mühüm
rol oynamır, bədii dinamika qəhrəmanın fikri axtarışları üzərində cəmləşir.
Bu baxımdan Anarın “Əlaqə” povestinə nəzər salsaq görərik ki, burada tələbə və astrofizik alimin mübahisəsini
verməklə müəllifin məqsədi bizim mütləq həqiqət saydığımız anlayışlara münasibətimizi dəyişməkdir. Daha artıq kainatın
başqa guşələri – planetlər, qalaktikalar ilə mümkün ola biləcək əlaqələr barəsində uzun mühakimələr yürüdən qəhrəman son
nəticədə bu problemi insan ağlının öz təbiəti ilə bağlayır: “...Biz şüurumuzun dəyişməz məntiqi qanunlarının pozulmasına
razı olacayıqmı? Hadisələrin səbəb-nəticə bağlılığının qırılmasıyla barışa biləcəyikmi? Tamam başqa bir şüur sisteminin
olmasını qəbul edəcəyikmi? Uzaq dünyalarla əlaqənin yaranıb-yaranmayacağı məhz bunlardan asılıdır...”
Ədəbiyyatımızda 70-80-ci illərdə güclənən digər bir istiqamət də intellektualizmlə bir növ təzad yaradan lirik-
emosional üslub istiqamətidir. Bu ekspressiv üslub istiqaməti Elçinin (“Bir görüşün tarixçəsi”, “Mahmud və Məryəm”), İsi
Məlikzadənin (“Küçələrə su səpmişəm”, “Gümüşü göl əfsanəsi”) və başqalarının əsərlərində zənginləşdi.
XX əsrin 90-cı illərində isə ölkəmizin tarixində bir sıra köklü dəyişikliklər baş verdi. Müstəqillik əldə edilsə də, qara
buludlar xalqımızın başının üstünü kəsdi, bir sıra ağır sınaqlardan çıxmalı olduq. Bu illər qanlı olaylarla, məhrumiyyətlərlə
yadda qaldı. Və təbii olaraq bu acılı-ağrılı günlər, heç vaxt unudulmayan hadisələr ədəbiyyatımızdan da yan keçmədi. Bir
çox dəyərli sənətkarlarımız öz qələmlərini istiqlal yolunda, Qara yanvar günlərində və Qarabağ məsələrlərində mənfur
düşmənlərimizin üzərinə tutulmuş bir silaha çevirdilər. Bunlara Vidadi Babanlının “Ömürlük əzab”, A.Abdullazadənin
“Qanlı yaddaş”, “Sınaq kürəsi”, Ə.Əmirlinin “Ölü doğan şəhər” və s. kimi əsərlərini misal göstərmək olar.
Müstəqillik dövründə yaradılmış əsərlərdə artıq sovet dövründə alışdığımız qəhrəmanlar adi, sadə insanlarla
əvəzlənirdi. Onları “müsbət” və ya ”mənfi” kimi bölgülərə ayırmaq meyillərindən əl çəkilməsi, insana yeni fərqli tərzdə
baxışın yaranması demək idi.
Beləliklə, qəhrəman, tip, xarakter probleminin əslində sırf ədəbi bir problem olaraq qalmadığı qənaətinə gəlmək olar.
Çünki yazıçı təxəyyülünün məhsulu olan obraz formalaşdığı ictimai mühitin xarakterini açıqlayır. Yəni hər bir dövrün ədəbi
qəhrəmanını, o dövrdə yaradılmış obrazlardakı ümumiləşdirmə və fərdiləşdirməni öyrənib təhlil etməklə, həmin dövrün
düşüncəsi, cəmiyyətindəki münasibətlər sistemi ilə bağlı məlumat almaq mümkündür.
Dostları ilə paylaş: |