II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
290
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
obrazlarının təsviri ilə tamamlanır və bu əsərləri təhlil edərkən həm məkanı həm də zamanı müstəqil olaraq təhlil etmək
mümkündür.
Kamal Abdulla Azərbaycan ədəbiyyatında roman, povest, hekayə, eyni zamanda şeirlərin və dram əsərlərinin müəllifi
kimi tanınır. Xüsusilə də yazıçının nəsr əsərlərində xronotopun çoxqatlı elementlərini, zamanın və məkanın semantik və
simvolik dəyişikliklərə uğradılaraq mifik və mistik planda verildiyi görmək çətin deyil.
Bu sahədə yazıçının “Sehrbazlar dərəsi” romanı xüsusilə qeyd edilməlidir. Romanda əsas hadisələr orta əsrlərdə
cərəyan edir. Burada dərvişliyin, təriqətlərin və dində fikir ayrılıqlarının öz əksini tapdığını nəzərə alsaq, eyni zamanda
əsərdəki Ağ dərviş obrazının yaydığı ideyaların Həllac Mənsurun fikirlərinə uyğunluğunu qeyd etsək, anlayarıq ki,
romanda tarixi zaman təxminən IX-X əsrləri əhatə edir. Lakin bu tarixi zaman kəsimi romanın sadəcə qılafını təşkil edir.
Əsərin nüvəsində isə sakral-müqəddəsləşdirilmiş zaman özünü göstərir. Zaman özü əsərin daxilində müstəqil bir obraz
kimi çıxış edir. Zamanın axışı hər şeyi həll edir. İnsanlar zamanın konkret məqamlarının onların taleyini idarə etdiyinə,
həyatlarını yönləndirdiyinə inam bəsləyirlər. “Gözətçilər yaxınlaşıb onu tanıdılar-tanımadılar büruzə verməyib rəsmi
qaydada itaət edərək başçıları ondan gecənin adını soruşdu. Ürəyində “bilməsəm, nə edərsən?” deyə düşündüsə də dili ilə
“Qıpqırmızı üfüq” cavabını verdi”. Göründüyü kimi bu epizodda gecə adlanan zaman kəsiminin öz çaları, önəmli bir
funksiyası var. Bu funksiya qoruyuculuq funksiyasıdır. Gecənin rənginə görə insanlar təhlükəni və ya uğuru qabaqcadan
müəyən edirlər. Real zamanın içində mistik-sakral zaman məfhumunun gizləndiyi də buradan meydana çıxır. Zaman
məfhumunun özü mistifikasiya funksiyasını yerinə yetirir. Simvolika isə köməkçi xarakter daşıyır.
“Sehrbazlar dərəsi” ronanında zamanın özəyini təşkil edən “zamansızlıq” ideyası əsasən sehrbazların özləri ilə
təkbətək qaldıqları “təkcənəlik zamanı”nda əks olunur. Bu zaman kənardakılar üçün zaman həmişəki kimi axıb gedir.
Sehrbaz üçün isə zaman zamansızlığa keçid edir. Sehrbaz “təkcənəlik zamanı”nda adını soyunur, sadəcə özü olur. Vird edir-
bu isə sufilərin Yaradanı dönə-dönə zikr etməsi məqamı ilə paralellik təşkil edir. “Təkcənəlik zamanı” sanki fikirlərində
qeyb olmuş insanın ekstaz halının ifadəçisi kimi çıxış edir. Bu zaman sehrbazlar ətraf aləmdən təcrid olunur, onların daxilən
nələr küçirdiyini isə kimsə bilə bilməz. Aydın Talıbzadə romanda göstərilə “təkcənəlik vaxtı” ilə bağlı belə bir fikir bildirir:
“Təkcənəlik vaxtında çəkilirsən xəlvətə, bir sən olursan, bir də yüyənsiz ruhun və ayrı heç nə. Dünya hər yerdən sovrulub
yığılır içinə və sən zaman və məkandan çıxırsan”.
Romanda əksər hallarda hadisələrin gecə vaxtı baş verməsi də bir işarədir. Gözəl Pərnisənin gecələr evdən çıxıb Cəllad
Məmmədqulu ilə görüşməsi, Məmmədqulunun anasının oynaşını gecə vaxtı öldürməsi, Karvanbaşını ruh ilə gecə görüşməsi
və s. əslində qəhrəmanların qaranlığa doğru sürüklənən taleyindən xəbər verir. Rus etnoqrafı D.K.Zeleninin fikrincə,
günorta və gecəyarısı sirli və kritik məqamlar hesab olunur. Əsərdə zamanın da zamansızlığa keçmə məqamı bu sirlə və
kritikliklə bağlıdır. “Elə həmin gün axşam vaxtı vəzir Məşdəli hüzurdan qayıdıb yaşadığı mülkə girəndə ürəyində həm
sevincə, həm də qorxuya bənzər birr hiss var idi. Şahın qəzəbindən canı qurtarmışdı-buna əlbəttə ki, şükür edirdi”. “O gecə
mən Çərxi-fələyi tərk edəli ilk dəfə idi ki, gecə yatıb yuxu gördüm”. “Axşamdan xeyli keçmiş və gecə artıq düşmüşdü
Karvanbaşı evinə dönən zaman Xacə İbrahim ağa ki qulağı çöldə səsdə idi, tez duyuq düşüb həyətə çıxdı”. Zaman sadəcə
görünmədən axın etmir, axın etmək funksiyasından çıxaraq, həmçinin bir obraz kimi çıxış edir və əsərin süjetini idarə edir,
onu lazımi yöndə istiqamətləndirir. Gecənin rəng çalarları qəhrəmanların taleyindən xəbər verir. Nəzərə alsaq ki, qırmızı
həm dı qan rəngidir, əsərin başlanğıcında, yol alan karvanın dincəldiyi gecənin “qıpqırmızı üfüq” adlandırılması karvanın
sahibini bu yolun sonunda qanlı bir faciə gözlədiyinə işarədir ki, elə buna görə gecənin rəngi qırmızıya boyanmışdır. Və ya
qeyd edilən hissələrdə hər hansı hadisədən əvvəl axşamın düşdüyü və zamanın gecəyə yaxınlaşdığı təsvir olunur. Bu artıq
hadisələrin sonunun fəlakətlə bitəcəyi, gecə kimi sonsuzluğa sürüklənəcəyinin xəbərçisi kimi özünü göstərir.
Göründüyü kimi Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanında zamanın poetikliyi geniş şəkildə öz əksini
tapmışdır. Əsərdə zamanın hansı prizmadan dəyərləndirilməsindən asılı olmayaraq, zaman kəsimi anlayışı mistifikasiyaya
xidmət edir. Bu proses romanda ayrı-ayrı ritualların və magik hadisələrin köməyilə bir daha öz təsdiqini tapır. Zaman
getdikcə zamansızlığın içində əriyir, obrazları bütün süjeti də öz daxilində əridir.
Dostları ilə paylaş: |