II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
292
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
CƏNUBİ AZƏRBAYCAN PUBLİSİSTİKASINDA CƏFƏR XƏNDAN FENOMENİ
Sakibə ƏLƏSGƏROVA
Azərbaycan Dövlət Pedaqoji Universiteti
t_raqimli@mail.ru
1941-ci ildə Azərbaycanın şimalından Cənubi Azərbaycana getmiş yaradıcı insanların içərisində C.Xəndanın olması
cənublular üçün ilahi bir qismət idi. Onun Cənub haqqında yazılarını oxuyanda xalqın həyatının real, düzgün əksi və
ürəkdən deyilmiş humanist fikirlərlə üzləşirik. C.Xəndanın istər poeziya, istər tənqid, istərsə də publisistika sahəsindəki
istedadı qədərindən artıq idi. Sovet dövründə Azərbaycanın mühərrir, ədib və şairlərinin əməyi sayəsində nəşr olunan
“Vətən yolunda” qəzetini izləyərkən 1941-ci ilin axırından başlayaraq “C.Xəndan”, “C.Hacıyev” imzalı ədəbi yazılar
diqqəti daha çox çəkir. Bu yazılarda Cənubi Azərbaycan şairləri və Azərbaycan ədəbiyyatı tarixi haqqında geniş və əhatəli
təhlillər, zəngin ədəbi-mədəni tariximizin tənqidi analizi məzmunca sosialist meylli olmasına baxmayaraq, həmin dövr üçün
mədəniyyətimizin inkişafı və çiçəklənməsi öz əksini tapmışdır. Həmin dövrə qədər ibtidai şəkildə olsa da, Azərbaycan
ədəbiyyatı tarixi yaranmışdı. Müntəxabat, siyahılar, xatirələr, ədəbiyyat tarixi adına bəzi təzkirələr var idi. Ədəbiyyat
tariximizi elmi surətdə işləmək Cəfər Xəndan kimi korifeylərin üzərinə düşdü.. Cənubi Azərbaycanın tanınmayan, istedadlı
nümayəndələrinin üzə cıxmasında onun böyük əməyi var.
“Vətən yolunda” qəzetinin 1945-ci il, 4 fevral sayının ikinci səhifəsində C.Xəndan Cənubi Azərbaycan şairi
M.M.Çavuşinin yaradıcılığından bəhs edir, onu xalqlar dostluğundan ilham alan bir şair kimi qiymətləndirir. Sovet
ordusunun faşizmə qarşı mübarizəsini əsərlərində tərənnüm edən Çavuşinin mövqeyi tənqidçini qürurlandırır. O, yazır:
“İndiki zamanda faşizmə nifrət etməyən şair böyük şair ola bilməz. Öz vətənini sevən cavan şair Çavuşi... bu cəhəti çox
gözəl, çox aydın ifadə etmişdir..”
Çavuşi İnqilabi Demokratik hərəkat dövrünün ən fəal şairlərindəndir. Sovet Azərbaycanının da tərkibində olduğu
SSRİ-nin Almaniya üzərində qələbəsindən ilham alan şair onun şənliyinə şərik olur.:
Qucağında Nizamilər, Füzulilər bəsləyən,
Tarixlərdə fəxr eyləyən diyarı var yurdumun.
C.Xəndan Cənubi Azərbaycan xalqını Çavuşinin timsalında qonşusunun qələbəsindən ilham alan, onun istiqlalına
hörmət bəsləyən mehriban bir xalq kimi qiymətləndirir. Şairlər yurdu olmuş qocaman Təbrizdən Q.Təbrizi, Xətai, Ləli kimi
nəhənglər ilham almışdır. İnqilab, mədəniyyət beşiyi olan bu şəhər qəhrəman keçmişə malikdir. Onun qəhrəmanları fədai
olub, ancaq xoşbəxt həyat uğrunda mübarizələrdən çəkinməyib. Dünyanın gözəli, qoca Şərqin gəlini olan T.Ə.Fitrət,
Etimad, Çavuşi, Ə.Tudə, B.Azəroğlu, .Pişəvəri vətəni oldu.. C.Xəndan Mir Mehdi Çavuşini 1940-cı illərin Təbriz şairləri
sırasında öz yurdunun doğma oğlu kimi qiymətləndirir. Dəyanətdən danışan, düşmənin labüd məhvinə inanan Çavuşi
C.Xəndan üçün qətiyyətli, iradəli, gələcəyə ümid bəsləyən bir şairdir. Çavuşi C.Xəndan qələmiylə qiymətləndiriləndə hələ
ədəbiyyat aləminə təzə-təzə addım atırdı. “Mir Mehdi Çavuşi. həm heca, həm də əruz vəznində şeirlər yazır. Onun
yaradıcılığı üçün məzmun mühümdür. Hələ ədəbiyyat aləmində geniş təcrübəsi olmayan bu cavan şairin yaradıcılığı bizə
böyük ümidlər verir” – fikirlərini yazıya köçürən C.Hacıyev onun istedadını görür və gələcəyinə inanırdı. Çavuşinin çilingər
dükanında işləyərkən hər vaxt mütaliə etməsi C.Xəndana M.Ə.Sabiri xatırladırdı. “Səndən alıb ilham yazıram, ustad” kimi
düşüncəsini yazıya köçürən Çavuşi tənqidçini heç də təəccübləndirmədi. Çünki onun şeirlərində satiranın da mühüm yer
tutmasını görürdü.
“Vətən yolunda” qəzetində verilən əksər yazıların qarşısında bir məqsəd dururdu: “Xalqı inqilabi ruhda tərbiyə
etmək”. Bu məramın həyata keçirilməsində var gücü ilə əmək sərf edən C.Xəndan xalqı öz keçmişilə də üzləşdirir, gələcək
ümidi verən istedadlı gəncliyin üzə çıxmasına, yeni ədəbi nümunələrin formalaşmasına çalışırdı. Qəzetin 1945-ci il 2 mart
sayında uzaq keçmişimizdən xəbər verən, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin ən qədim və ən əzəmətli yadigarı olan,
Midiya dövründə yaradılan Zərdüştün “Avesta”sını cənublulara tanıtdırır, onu qədim dünya ədəbiyyatının xəzinəsində
özünəməxsus yeri olan bir inci kimi qiymətləndirir.
1940-cı illərdən sonra mədəniyyətimiz yüksəlməyə başladı, elmi müəssisələrin sayı artdı, ali məktəblər çoxaldı. Bu
da alimlərimizin, ədiblərimizin qarşısına şərəfli bir vəzifə qoydu: Azərbaycan ədəbiyyatı tarixini yaratmaq. Çətin və şərəfli
olan bu vəzifə M.Rəfili, H.Hüseynov, M.Arif, H.Araslı, F.Qasımzadə, M.Cəlal və s. kimi korifey ədəbiyyatşünasları, o vaxt
hələ elmi işçi olan M.Təhmasibi, M.Rzaquluzadəni ağır bir kursun – “Azərbaycan ədəbiyyatı tarixi”ni yaratmağın ətrafında
birləşdirdi. C.Xəndan bu işi çox yüksək qiymətləndirirdi. Qəzetin 2 mart 1945-ci il sayındakı məqaləsində yazırdı:”İstər
sovet Azərbaycanı, istərsə də Cənubi Azərbaycanda yaranmış zəngin ədəbiyyatdan ətraflı surətdə bəhs edən bu kitablar elm
aləminin böyük hüsn-rəğbətini qazanmışdır.” O vaxt hələ ədəbiyyatşünaslıq elmləri namizədi olan C.Hacıyev bir akademik
mənəviyyatı ilə publisistikada ədəbiyyatımızı və mədəniyyətimizi təbliğ edir, ədəbiyyatımızın tarixi baxımdan sistemə
salınmasına əmək sərf edirdi. Şimali Azərbaycanda Böyük Vətən Müharibəsinin, Cənubda İnqilabi Demokratik hərəkatın
gərgin vaxtında belə xalqın keçmişini və gələcəyini qoruma altına almaq kimi bir ağır missiyanın daşıyıcısı olmaq, yaxud
onun çox ağırlığını öz üzərinə götürmək, qeyrət və mənəvi güc tələb edir.