MÜASİR AZƏRBAYCAN ƏDƏBİYYATINDA TÜRKİYƏ TÜRKCƏSİNDƏN
TƏRCÜMƏDƏ PROBLEMLƏR
Sima İSMAYILOVA
Azərbaycan nəşriyyatı
narminsamra1989@yahoo.com
Milli mədəniyyətlər təkcə öz ədəbiyyatı ilə deyil, həm də dünya ədəbiyyatından qidalanaraq zənginləşir. Xalqların
mənəvi sərvətlərinin üzvi vəhdətini yaratmaqda bədii tərcümə sənəti olduqca böyük rol oynayır. Təsadüfi deyil ki, xalqlar
arasında tərcüməçiləri “körpüsalanlar” adlandırırlar.
1990-cı illərdən bu günə kimi olan dövr Azərbaycan tarixinin elə bir dövrü sayılır ki, müstəqillik əldə etdikdən sonra
Azərbaycan bütün çətinliklərə baxmayaraq, hər sahədə iri addımlarla irəliləməyə çalışır və bu inkişaf, sözsüz,
ədəbiyyatımızdan da yan keçməmişdir. İllər boyu qapalı şəraitdə yaşayan respublikamızın sərhədlərinin açılması ölkəmizin
həm Türkiyəyə, həm də Avropaya inteqrasiyasına təkan verdi. Daha çox isə Türkiyəyə inteqrasiya o dildən saysız-hesabsız
leksik vahidlər gətirdi və bu ədəbiyyatımızda özünü daha çox göstərdi. Alınma sözlər lüğət tərkibinin zənginləşməsində
önəmli yer tutsalar da, onlara qarşı olan istər elmi, istərsə də ictimai münasibət birmənalı qarşılanmır. Əgər bir zamanlar
SSRİ-nin ideoloji təsiri altında əsərlər yazılırdısa və bu tərcümədə bir çox problemlərlə özünü büruzə verirdisə, indi Türkiyə
türkcəsindən tərcümələr əsasında eyni məna ifadə edən oxşar kəlmə və ifadələr ədəbiyyatımıza daxil olaraq yerli kəlmələrin
işlənmə arealını məhdudlaşdırır.
Anadolu türkcəsini qohum dil sayıb, tərcüməyə ehtiyac duyulmadığı anlarda türk yazıçılarının əsərlərini dilimizə
“çeviriblər” yaxud “uyğunlaşdırıblar”. Bunun nəticəsidir ki, tərcümədə nöqsanlar çoxdur. Yazıçı Kamal Abdullanın “ən
çətin tərcümə əslində yaxın dillərdən olan tərcümədir” fikri ilə bu məqamda razılaşmaq lazımdır. Türkcədən azəricəyə
tərcümədə “həvəskar tərcümə” oxucu nəzarəti xofu, səhvlərini əvvəlcədən sığortalamaq səbəbi, aldadıcı oxşarlıq, bilərəkdən
və ya bilməyərəkdən ad nə olur-olsun ortaya çıxan məhsulda tərcümənin səviyyəsi aşağı düşür.
Tərcümədə əsas məsələlərdən biri yazıçının üslubunu nəzərə almaqdır. Tərcüməçi müraciət etdiyi müəllifin və əsərinin
üslubunu yaxşı qavramasa, ruhunu duymasa, daha doğrusu “tutmasa” yaxşı tərcümənin ortaya çıxacağından danışmaq
olmaz, yalnız mexaniki çevrilmə olacaqdır. Ona görə də çevrilmənin müsbət alınması üçün sözlərin təkcə birbaşa mənasına
yox, tarixi köklərini, işlənmə arealını, mətnin kontekstindəki yerini nəzərə almağa üstünlük verilməlidir. Məsələn, türk
dilinin özünəməxsus frazeoloji birləşmələri, ən çox nəqli cümlələrdə xəbər şəklinin ixtisara salınması, bəzi hallarda “da”,
“də” ədatının türk qrammatikasına uyğun işlədilməsi, “narahat görünürsən” əvəsinə “rahatsızsan kimi gəlir adama” və.s
kimi türksayağı ifadələr Azərbaycan dilinin qrammatik normalarını pozmuş olur. Məsələn, Orxan Pamukun “Benim adım
kırmızı”, “Qara kitab”, Elif Şafakın “Aşk”, İskəndər Palanın “Şah və Sultan” və.s əsərləri türkcədən çevirmədə formaca
dilimizdəki sözlərlə oxşar, mənaca tamam fərqli sözlər istənilən qədərdir. Nəticədə merdiven (pilləkan) “nərdivan”, leylak
(yasəmən) “leylək” kimi təqdim olunur, fərqli və gülməli məna təhrifləri meydana çıxır. Halbuki dilin saflığı məsuliyyəti
dilçilərlə birlikdə yazıçıların da peşə borcudur.
|