II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
525
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
RİYAZİ MƏTNLƏRİN İNGİLİS DİLİNDƏN AZƏRBAYCANCAYA VƏ
TƏRSİNƏ TƏRCÜMƏSİ PROBLEMLƏRİ
Yaqub ƏLIYEV, Natiq ADİLOV
Qafqaz Universiteti
yaliyev@qu.edu.az, nadilov@qu.edu.az
Bakı/AZƏRBAYCAN
Tərcümə dedikdə müəyyən bir prosesin nəticəsi başa düşülməklə yanaşı eyni zamanda nəzərə alınmalıdır ki,
tərcümənin özü də bir proses olaraq da diqqəti cəlb edir. Həmin prosesin nəticəsində məxəz dildə formaca yeni, lakin
məzmunca tərcümə olunan dildəki mətnə uyğun yeni bir mətn ortaya çıxır. Tərcümə olunan dildə ortaya çıxan mətnin
birinci mətn ilə müqayisədə yaxınlığı haqqında fərqli fərziyyələrin olması fonunda demək olar ki, əsasən yazılı tərcümədə
bu 99%-ə, şifahi tərcümədə isə təxminən 70%-ə bərabər olur.
Təbii ki, elmi mətnlərin tərcüməsində hər iki dildəki məzmunun demək olar ki, 100% olmasına diqqət etmək lazımdır.
Bu qəbildən riyazi mətnlərin (kitabların) tərcüməsi üçün aidiyyatı terminlərin bilinməsi vacib məsələ olmaqla, terminlər
arası fərqləndirici xüsusiyyətlərin və müvafiq sahə üzrə məlumatların öyrənilməsi qaçılmaz zərurətdir. Məşhur tərcümə
nəzəriyyəçisi Piter Nyumark məqalələrinin birində yazır: “bədii mətnlər təxəyyül aləminə məxsus olduğu halda qeyri-bədii
mətnlər faktlar aləminə məxsus olur”.
Bu baxımdan riyazi, eləcə də digər texniki mətnlərin tərcüməsi prosesində tərcüməçi sadəcə məlumatın çatdırılması ilə
kifayətlənməməli, lazımı bilik bazasının yaradılmasına xidmət etməlidir. Vurğulan məqsədə çatmaq üçün riyazi mətnlərin
tərcüməsi icra edilərkən tərcüməçi aşağıdakılardan istifadə edə bilər:
- tərcümə edilən mövzu ilə bağlı məlumatların hər iki dildə öyrənilməsi və qarşılaşdırılması zəruridir və bu məqsədlə
ensiklopediyalar və elektron kitabxana vasitələri böyük ölçüdə nəzərə alınmalıdır;
- terminoloji lüğətlərdən istifadə diqqət mərkəzində saxlanılmalıdır;
- mövzu ilə bağlı mütəxəssislərlə fikir mübadiləsi və məlumat alış-verişi etmək lazımdır.
Dostları ilə paylaş: