MÜRƏKKƏB SİNTAKTİK BÜTÖVLƏRİN SƏRHƏDLƏRİNİN
PROBLEMLƏRİNƏ DAİR
Jalə XƏLİLLİ
Bakı Slavyan Universiteti
xelillij@mail.ru
Mətn dilçiliyi dilçilik sahələri arasında ən gənc olanıdır. Bu sahənin tədqiqi XX yüzilin ikinci yarısından sonraya
aiddir. Bundan əvvəlki dövür dilçiliyində ən böyük sintaktik vahid kimi cümlə götürülürdü. Praqa funksional dilçilik
məktəbi nümayəndələri cümlədən böyük mürəkkəb sintaktik bütövlərin olduğunu müəyyənləşdirmişlər.
1980-ci ildən etibarən isə mətn dilçiliyi, qrammatikası, quruluşu və sintaksisi və ya mətinin həm fonetik-fonoloji və
morfoloji, həm də qrammatik-leksik, leksik-leksikoqrafik və frazeoloji-semantik və funksional özəllikləri mətn-diskurs,
intertekstual və interdiskursiv kontekstlərdə bir bütün olaraq araşdırılmaqdadır.
Dilçilikdə mətn sintaksisi termininin müəyyənləşdirilməsi mübahisəli olmuşdur. Bu terminlə paralel “mürəkkəb
sintaktik bütöv”, “cümlədən böyük və ya frazadan böyük vahidlər” işlədilmişdir.
Mətn- ərəb mənşəli olub, rusca текст, yunanca texstum-birləşmə sözünə uyğundur-möhkəm daxili struktur-semantik
əlaqələri olan cümlələr birliyi deməkdir.
Türk dilçiliyində XX yüzilin 60-cı illərində Kazan Universitetinin professoru M.Z. Zəkiyev ilk dəfə mətn sintaksisi
sahəsində uğur qazanmış türkoloqdur. Onun “Синтаксическии строй татарского языка” (1963) bu sahədə fundamental
əsərdir.
Türk ədəbi dillərində mətn tədqiqatları əsasən mətnin qrammatikası və semantikası, mətn və üslubiyyat
istiqamətlərində olmuşdur.
Azərbaycan dilçiliyində mətn sintaksisinin geniş tədqiqi Kamal Abdullayevin adı ilə bağlıdır. Onun “Azərbaycan dili
sintaksisinin nəzəri problemləri”, “Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər”(toplu) kimi dərsliklərin müəllifidir.
Mətn mikro və makro mətnlərə ayrılır. Makro mətn dedikdə tədqiqat üçün seçilmiş bütün yazılı mətnləri başa düşürük.
Mikro mətn dedikdə isə makromətnlərin içəriindən seçilmiş, bitkin mənalı, mətnlərə bölünə bilməyən ən kiçik mənalı
parçası başa düşülür.
Mikro mətn termini ilə yanaşı və həmin terminə sinonim kimi sintaktik bütövlər, mürəkkəb sintaktik bütövlər, period,
abzas, diskurs, frazafövqi vahid, prozaik bəndlər, tekst və.s terminlərindən istifadə edirlər. Lakin bunlar arasında sintaktik
bütövlər termini geniş istifadə olunur. Sintaktik bütövlərin sintaktik məkanda müəyyənləşdirilməsi üçün onların sərhədlərini
bilmək lazım gəlir. Sintaktik bütövlərin sərhədləri müxtəlif prinsiplər üzrə aparılır. Yekdil olaraq türk dilçiliyində sintaktik
bütövlərin başlanğıc və son nöqtəsini göstərən bir düstur yoxdur.
Sintaktik bütövlərin sərhədləri göstərilən zaman onların semiotik, quruluş və üslubi bütövlüyünə diqqət yetirilir.
Sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı dilçilər müxtəlif fikirlər söyləmişlər. Bəzi dilçilər mətnin sərhədlərini abzasla
eyniləşdirirlər. Digərləri mətnin sərhədlərini mətndəki son cümlənin uzunluğu ilə müəyyən edirlər. Başqaları isə fonoloji
meyarla eyniləşdirirlər. Fonolji meyar kimi pauzaları qeyd edirlər. Azərbaycan türk dilçiliyində sintaktik bütövlərin
sərhədləri ilə bağlı ilk fikir Ə.Xəlilova aiddir.
Kamal Abdullayev mətnin sərhədlərini müəyyənləşdirərkən propozisyon üsuldan istifadə etməyi əsas götürmüşdür.
Onun fikrincə Azərbaycan türk dilində cümlənin vacib struktur sərhədlərinindən biri ondakı tərkib vahidlərinin dəqiq
ardıcıllığıdır.
|