MİRZƏ CƏLİL MƏMMƏDQULUZADƏNİN NƏSRİNDƏ ANTONİMLƏRİN ROLU
Sevinc HACIMƏMMƏDOVA
Qafqaz Universiteti
shacimemmmedova@std.qu.edu.az
Ümumdünya ədəbi qanunları çərçivəsində bənzərsiz bədii dil yaratmaqla Cəlil Məmmədquluzadə nəsri milli
ədəbiyyatda dərin izlər saldı, o, milli yaddaşımıza uyğun yeni tipli nəsr, yeni üslub, yeni ideya, yeni insan və yeni metod
yazıçısına çevrildi. Mirzə Cəlil dramatik və faciəvi hadisələrə yeni bir ifadə tipindən yanaşdı. Üslub və metodiki baxımdan
yumor və satira tipini özündə əks etdirən dramatik komizmi, bəşəri təffəkkürün mənbəyi olan Şərq ədəbi aləmini
yaradıcılığının mayasına, poetikasının bədii ruhuna çevirdi,- desək, yanılmarıq. Fikrimizcə, məhz buna görə onun bədii
dühası məhəlli çərçivələri aşıb keçdi.
Sözdən istifadənin bədii-estetik tərzinə, forma və məzmun zənginliyinə diqqət yetirməklə, ədəbiyyatı yeni sistemlə
tanış etməklə onu yüz illərin təsir dairəsindən çıxartdı. Bu yolda C.Məmmədquluzadə yaradıcılığı semantik söz
qruplarından biri olan antonim sözlərlə zənginləşirdi. Bildiyimiz kimi leksikanın əhəmiyyətli şöbələrindən biri olan
antonimlər sözün mənasını dəqiqləşdirməyə xidmət edərək bədii üslubda maraqlı çalarlar yaradır. Antonimlərin
işlədilməsində əsas məqsəd müqayisə olunan əşyaların əlamət və keyfiyyətləri haqqında aydın təsəvvür yaratmaq, hadisələri
təzadlı şərtlər daxilində düzgün dəyərləndirməkdir. Bu halda leksik mənadan doğan ziddiyyət oxucuya güclü təsir
göstərərək anlayışları qiymətləndirmək baxımından əhəmiyyət kəsb edir.
Antonimlər təzadlı sözlər olsalar da, onlar kateqorial baxımdan oxşarlıq, eynilik nümayiş etdirir etdirir. Bu ümumilik
onların leksik-sintaktik paralellər şəklində işlənməsinə imkan verir. Bununla yanaşı antonimlərin qeyri-paralel şəkildə
işlənməsi də mümkündür.
Dil vahidlərinin inkişafı zamanı birinci növbədə şifahi xalq ədəbiyyatında təşəkkül tapan tapan antonimlər xalq
dilindən bəhrələnən Mirzə Cəlil yaradıcılığında da öz əksini tapmışdır. Antonimlər Cəlil Məmmədquluzadənin
yaradıcılığında bədii-estetik təsir gücünü artıran leksik vahid kimi mühüm yer tutur. Ədib həm öz təhkiyə dilində, həm də
obrazların nitqində antonimlərdən istifadə edərək əsərə canlılıq gətirir, maraqlı və qüvvətli kontrastlar yaradır, onların
vasitəsilə əsərin ideya məzmununu açır, obrazları səciyyələndirir.
Mirzə Cəlilin dilində mənaca bir-birinin tam ziddini təşkil edən sözlərə, mütləq antonimlərə rast gəlinir ki, bu zaman
eyni mənanın zidd tərəfləri daha kəskin şəkildə göstərilir. R.Məhərrəmovanın da dediyi kimi əslində antonimlər zidd
mənalar, anlayışlar bildirən sözlər deyil, əksinə, eyni mənanın, eyni anlayışın müxtəlif əks cəhətlərini qarşılaşdırma yolu ilə
bildirən sözlərdir. Oyza-buyza məkan, qoca-cavan yaş, kasıb-dövlətli maddi durum, göyçək-çirkin xarici görünüş
anlayışlarının bir-birinə zidd olan tərəfləridir.
Oyza çöndü, buyza çöndü və axırı bir mətləbdə gəldi dayandı.
Üçüncü də Zeynəb ondan ötrü Xudayar bəyə bu cavabı verdi ki, necə övrət ola, - ya kasıb, ya dövlətli, ya cavan, ya
qoca, ya göyçək, ya çirkin, - razı olar yüz il ərsiz qalsın, amma üzünü Xudayar bəyin adama oxşamaz üzünə və iri burnuna
sürtməsin.
Mirzə Cəlil yaradıcılığında işlənmiş antonim sözlər arasında əksmənalılığın dərəcəsi heç də eyni deyildir. Bəzi sözlər
arasında əkslik münasibəti dil sistemində də mövcuddur; bəzi sözlər arasında əkslik münasibəti üslubi tələbatla əlaqədar
yazıçı qələmi altında formalaşır ki, bu da mətnin çərçivəsindən kənarda antonim kimi fəaliyyət göstərə bilmir. Antonimlərin
bu xüsusiyyəti haqqında S.Cəfərov yazmışdır: “Antonimlik də sözlərin mənası ilə bağlıdır. Bu nöqteyi-nəzərdən müasir
|