MƏKAN ANLAYIŞI VƏ ONUN DİLDƏ KOQNİTİV İNİKASI
Ülkər CƏFƏROVA
Bakı Slavyan Universiteti
ulkerbabayeva@rambler.ru
Müasir koqnitiv dilçilik milli düşüncəni ön plana çəkir. Strukturalizmdən fərqli olaraq, koqnitiv dilçiliyi struktur
sxemlərdən çox dünyanı dərk və bu dərkin etnopsixoloji özünəməxsusluğunun dil işarələrindəki ifadəsi maraqlandırır. İlk
baxışdan koqnitiv təhlil ənənəvi onomasioloji təhlildən elə bil ki fərqlənmir. Əslində isə koqnitiv təhlil sadəcə mənadan
işarəyə aparılmır. Mənanın dildə ifadə olunması dünya mənzərəsinin özünəməxsusluğu fonunda izah olunur. Kifayət qədər
dərin təhlil göstərir ki, eyni denotat müxtəlif dillərdə müxtəlif konseptual məzmuna malik olan işarələrlə verilir. Bu bir növ
humboldtçuların əsas tezislərinə haqq qazandırır. Xüsusən də L. Vaysberqerin leksik mənanın siqnifikatının belə ayrı-ayrı
quruluşa malik olmasının mümkülünyü o qədər də əsassız görünmür.
Iş orasındadır ki, siqnifikat məntiqi məfhumla eyniləşdirilərək, universal səciyyə daşıyır. Məlum olduğu kimi,
məfhumun strukturunu əşyalar sinfinin mühüm xüsusiyyətləri təşkil edir. Bu baxımdan eyni məfhumun adı olan leksik
vahidlərdə heç bir fərq ola bilməz. Lakin Vaysqerberin təliminə görə, olur və olmalıdır.
Müasir koqnitiv dilçilik bu fikri daha da dərinləşdirir. Əlbəttə, burada həmin leksik vahidlərin konseptual məzmunu ilk
növbədə nəzərə alınmalıdır. Bundan əlavə, dünyanın dil mənzərəsini yaradan mühüm konseptlərin sistem şəklində mövcud
olması əsas şərtlərdən biridir. Əslində milli mentalitet haqqında təsəvvürlər məhz bu səbəblən reallaşa bilir. Yəni milli
təfəkkür və milli psixologiya real hadisələrdirsə, bunun kökünü dil vahidlərinin konseptual məzmununda və konseptlərin
vahid sistem təşkil etdiyində görmək lazımdır.
Koqnitiv dilçilik üçün ən əlverişli dil materialı atalar sözləridir. Ilk növbədə ona görə ki, bunlar bütöv bir fikri ifadə
edir. Atalar sözlərində əksin tapan fikirlər xalq düşüncəsinin ən parlaq göstəriciləridir. Təcrübənin lakonik formada ifadəsi
atalar sözlərini koqnitiv qəliblərin son mərhələsi və nəticəsi kimi dəyərləndirməyə imkan verir.
Atalar sözləri xalq təcrübəsinin ifadəsi olaraq həmin təcrübənin bütün sahələrini əhatə edir. Burada həm konkret
hadisələr, həm də mücərrəd fəlsəfi anlayışlar əks olunur. Insan varlığının ən mühüm parametrlərindən biri, zamanla yanaşı,
məkandır. “Məkan” anlayışı müxtəlif dillərdə müxtəlif konseptual məzmuna malik olur, lakin bu anlayış ifadəsini tapmadığı
dil yoxdur. Əlbəttə, milli təfəkkürdən və ətraf mühitdən asılı olaraq atalar sözlərində “məkan” konseptinin müxtəlif təzahür
formaları müşahidə oluna bilər. Ən başlıcası isə məkan dedikdə müəyyən ərazi haqqında təsəvvür oyanmamalıdır. İnsan
təfəkkürü üçün fundamental səciyyə kəsb edən bu konseptin işarələr sistemində fərqli-fərqli inikasını görə bilərik.
“Məkan” konseptinin əsas koqnitiv əlaməti bir neçə əşyanın həmsahə olmasını bildirməkdir. Yəni əşyaların, yaxud
hadisələrin, bir-birilə bağlılığı və qarşılıqlı mövcudluğu məkan fonunda reallaşır. Əslində heç “fon” anlayışı burada o qədər
dəqiq də deyil. Məkan münasibətin reallaşma, gerçəkləşmə hadisəsi məhz məkan şəraitində mümkün olur. Deməli, məkan
reallaşmanın şərtidir. “Məkan” konseptinin bu koqnitiv əlaməti müxtəlif istiqamətlərdə təzahür edir. Məsələn, dilçilikdə
cümlə söz üçün kontekstdir, kontekst isə sözün mənası üçün reallaşma məkanıdır.
Dünya dillərinin paremioloji sistemlərində “məkan” konseptinin təzahürü əksər hallarda mühüm struktur-semantik
səciyyə daşıyır. Ilk baxışdan adi təsəvvürlərə uyğun gəlməyən sözlər paremiya daxilində konseptual məzmununa görə
“məzmun” anlayışını ifadə edir. Məsələn, Hər qaba bir qapaq qoyarlar atalar sözündə qab leksik vahidi məkan bildirir.
Ifadənin implisit məqsədi “ölçü” parametrinin vacibliyini vurğulamaqdır. Yəni xalq təfəkkürü hadisənin yaxud əşyanın
mövcud olduğu məkana uyğun olmasının zəruriyyətini təsdiqləyir.
Digər tərəfdən, qoyarlar feli hadisənin adiliyini göstərir, yəni normanı işarə edir, “adətən belə edərlər”, “bu cür
olmalıdır”. Bir komponenti isə hadisənin xüsusi olmasını göstərir. Beləliklə, burada əşya və məkan, hadisə və məkan
korrelasiyası son dərəcə dərin ifadəsini tapır.
Ümumiyyətlə, atalar sözləri müəyyən məntiqi sxem üzərində qurulur, ona görə də semantikası mücərrəd səciyyə
daşıyır. Yalnız konkret danışıq situasiyasında bəlli olur ki, söhbət nədən gedir.
Dünya dillərindəki atalar sözlərində zaman-məkan semantikasının öyrənilməsi dilçiliyin qarşısında duran mühüm
problemlərdəndir.
|