ƏLİ AĞA VAHİDİN POEZİYASINDA XƏLQİLİK
Nazilə ABDULLAZADƏ
Azərbaycan Müəllimlər İnstitutu
nazile.s.m.d@mail.ru
Hər bir sənət əsərinin qayəsi onun həyatı əks etdirərkən insan tərbiyəsinə təsiri ilə müəyyənləşir. Sənətkar görüb
müşahidə etdiklərini təxəyyülün gücü ilə obrazlarda ümumiləşdirir. Bu zaman o, xalq həyatı, xalq məişəti, xalq
psixologiyası ilə yanaşı, xalqın dilinə - əxlaq və təbiətini, mənəviyyatını, iç dünyasını əks etdirən dilə əsaslanır.
Xalq dilinin zəngin bədii təsvir və ifadə vasitələrini, canlı danışıq dili nümunələrini əsərlərinə daxil edərək onları
xəlqiləşdirən sənətkarlardan biri də XX əsr Azərbaycan şairi Əli Ağa Vahid olmuşdur. Mürəkkəb yaşam və yaradıcılıq
yolu olan Əli Ağa Vahidin ədəbiyyat tarixində ən böyük xidməti türkdilli qəzəli Füzuli və Seyid Əzim sehrindən azad edib
yeni ruhda, yeni ovqatda, özəl biçimdə yaşatmasındadır. Bu isə ilk növbədə, şairin xalqla sıx bağlı olmasında,
xəlqiliyindədir. Vahidin xəlqiliyi xalq şeiri formalarında yazması demək deyil. Xəlqilik Vahidin yaradıcılıq axtarışlarının
başlanğıc nöqtəsidir. Xalq şairi S.Vurğunun təbirincə desək, “Xəlqilik ilhamın və yaradıcılıq axtarışlarının tükənməz
xəzinəsi, qaynar və qüdrətli el bulağıdır. Bu zəngin xəzinədən ayrılmayan ədib, yaxud bəstəkar həmişə xoşbəxtdir”. Vahid
də belə sənətkarlardan olmuşdur. O, uzun zaman yaratdığı bədii nümunələrdə xalqın inam və etiqadını, gün-güzəranını,
məişətini, bədii zövqünü, estetik baxışlarının poetik tərənnümünü ifadə etmişdir.
Ana dilinin zəngin söz xəzinəsinə malik olan Əli Ağa Vahid ona dərindən bələd idi. O, şeirdə ən aydin, ən lakonik, ən
təsirli, öncəsi, ən yatımlı ifadələri işlətməyi bacarırdı. Klassik qəliblərdən - epitet və təşbehlərdən uzaq olan Vahidin
bənzətmələri sadəliyi, orijinallığı ilə seçilir.
Mən istəyən gözəlin saçları ipək kimidir,
Üzü çəməndə açılmış qızıl çiçək kimidir.
Hər kəs yeni meyvəsin istərsə baharın,
Baxsın bu gözəl dilbərə - xalis çiyələkdir.
Göründüyü kimi, onun yaratdığı təşbeh və bənzətmələr sadəliyi, orijinallığı ilə yanaşı, poetikliyi, ahəngdarlığı ilə də
seçilir.
Xəlqiliyi ədəbiyyatın birinci məziyyəti adlandıran Belinski deyirdi ki, hər bir xalqın həyatı yalnız ona xas olan şəkildə
təzahür edirsə, demək, həyatın təsəvvürü düzgündür, onda əsər, eyni zamanda, xəlqidir. Vahid yaradıcılığı bu anlamda
bənzərsizdir. Dövrünüün ictimai-siyasi, sosial durumunu təsvir edən şeirlərdə müxtəlif peşə-sənət adamlarına, mənfi
stereotiplərə şairin münasibəti aydın ifadə olunur. Vahid nifrətini, hiddətini də sevgisi qədər kəskin ifadə etməyi bacarırdı.
O, canlı danışıq dilindən ustalıqla istifadə edərək müəyyən söz və ifadələri cəsarətlə şeirə gətirir.
Əvvəlcə coşub loğalanıb, hürdü bu sərsəm,
Rusiyyəni bir ayda plan çəkdi götürrəm.
İndi tüpürür cəmdəyinə büsbütün aləm,
Bir ildə bütün batdı, yenə qanmadı Hitler,
Heç yerdə bir insan kimi davranmadı Hitler.
Sarsaq keçi tək atdı bir az çör-çöpə buynuz,
Saldı hərəkətdən onu üç düyməli toppuz,
Vardır bir məsəl: “Ölməz ilan, görməsə ulduz”.
Bir yol bu fəlakət gününə yanmadı Hitler,
Heç yerdə bir insan kimi davranmadı Hitler.
Şifahi ədəbiyyat inciləri – xalq deyimləri, aforizmlər, idiomlar və ibarələr Vahid üçün xalq ruhunu, xalq
mənəviyyatını, xalq müdrikliyini, onun məişət və milli xüsusiyyətlərini, arzu və istəklərini, dünyagörüşünü, poetik
hisslərini duymaq və bunları sadə, xəlqi formada çatdırmaq üçün gözəl vasitə olmuşdur. Canlı və zəngin dil, təbiilik, duyub-
düşündüyünü özünəməxsus vahidanə ifa onun təbiətinə xas poetik bir məziyyətdir. Sadə xalq danışıq dilində işlənən söz və
ifadələrlə Vahid səmimi, istiqanlı Aşiq obrazını yaratmağa müvəffəq olur. O, yetmədiyi gözələ olan məhəbbətindən ah-nalə
etmir, onunla real insani münasibətlərdən söhbət açır, qınayır, zarafat edir, məşuqəsi ilə olan münasibətinə poetik xallar
vurur.
|