20. Sellülozanın və pektinli maddələrin yağ turşusuna qıcqırması
Mürəkkəb polisaxaridlərdən olan sellüloza, çətin parçalanan maddələrə aiddir. Lakin bakteriyaların və bəzi göbələklərin əmələ gətirdiyi sellüloza və sellobiaza kimi fermentlərin təsiri ilə bu birləşmə sadə şəkərlərə qədər hidroliz olunur. Sellülozanın anaerob qıcqırması zamanı yağ turşusu, sirkə turşusu etil spirti, CO2, H2 və metan alınır. Prosesdə iştirak edən bakteriyalar rus alimi V.L.Omelyanski tərəfindən öyrənilmiş və burada iki növ bakteriyaların iştirakı müəyyən edilmişdir. 1) Bac. cellulosal. hydro genicus – sporlu çöpşəkilli bakteriyadır, bu sellülozanın qıcqırması zamanı son məhsul kimi hidrogen əmələ gətirir. 2) Bac. cellulosal. methanicus – xarici görünüşünə görə birinci növü xatırladır, lakin kiçikdir. Bu bakteriyanın iştirakı ilə sellüloza qıcqırarkən çoxlu metan əmələ gəlir. b) Pektin maddələri. Pektin maddələri insanların qidalanması üçün əhəmiyyətli olan polişəkərlər aiddir. Pektinli maddələr bitki toxumalarının quruluşunda, xüsusilə hüceyrələrarası lövhə əmələ gətirməklə hüceyrələri bir-birinə yapışdırır və hüceyrə qılafının tərkibinə daxil olurlar. Onlara bitkinin bir çox orqanlarında, meyvələrində, kök yumrularında, portağal qabığında rast gəlmək olur. Nisbətən möhkəm üzvi maddə olan pektin pektinaza və propektinaza əmələ gətirən mikroorqanizmlərin köməyi ilə üzvi turşular, xüsusilə sirkə, yağ, qarışqa turşuları, metil spirti, CO2, H2 kimi sadə birləşmələrə parçalanır. Pektin maddələrinin qıcqırmasını əmələ gətirən Clost.pectinovorum və Cl. felsineum bakteriyalarıdır.. Bu bakteriyalar obliqat anaerobdurlar. Bunlar iri, hərəkətli çöplərdən ibarət olub, çöpün sonunda dairəvi və dəyirmi formalı sporlar əmələ gətirirlər. Pektinli qıcqırma böyük praktik əhəmiyyətə malikdir. Bundan kətan, kəndir və digər bitkilərin isladılmasında istifadə edilir.
Dostları ilə paylaş: |