Viruslar bitkilərə mexaniki zədələrdən, calaq alətlərindən və toxunma vasitəsilə keçə bilir. Virus xəstəliklərinin əlamətlərinin müxtəlif olmasına baxmayaraq, başlıca olaraq, nekroz, xloroz, saralma, yarpaqların qıvrılması, qırışlı qıvrılma, mozaika və alabəzəklik kimi meydana çıxır. Mozaika xəstəliyini Myzodes virusu törədir. Xəstəlik zamanı həm yarpaqlar, həm də pomidorlar zədələnir. Yarpaqların kənarı aşağıya doğru büzüşür və kobudlaşır. Pomidorun üzərində külli miqdarda dolaşıq və qeyri-müəyyən şəkilli ləkələr əmələ gəlir. Zədələnmiş sahələr qonurlaşır. Stolbur xəstəliyinə Lycopersicum virus səbəb olur. Bu zaman həm yarpaqlar, həm də meyvələr zədələnir. Yarpaqlar formasını itirir. Yarpaq saralması - Törədicisi Triticum virusudur. Xəstəliyin əlamətləri payızda bitkinin yarpaqları boyunca açıq-yaşıl və ya sarımtıl (limon rəngində) zolaqlı şırımlar və xətlər (cizgilər) olmasıdır. Virusa yoluxmuş bitkilər güclü kollanır, gövdələri boyunca qısa və solğun olur, məhsuldar gövdələrin əmələ gəlməsi prosesi pozulur, sünbüllərdə mayalanma getmir. Yarpaq qıvrılması – törədicisi Potato leafroll virusudur. Xəstəliyin başlıca əlaməti yerüstü hissədə ilkin olaraq üst yarus yarpaqların kənarlarının yuxarıya doğru qalxmasıdır. Xəstə kartof yarpaqları sarımtıl, bənövşəyi, qırmızımtıl bəzən isə narıncı rənglərə çalır. Kövrəkləşmiş yarpaqlar inkişafdan qalır. Yumruların əmələ gəlməsi zəifləyir. Güclü yayılma illərində kartofun məhsuldarlığı 25-70%-ə qədər aşağı düşür. Qırışlı qıvrılma. Törədicisi Potato Y virusudur. Xəstəliyin başlıca əlaməti yarpaqların qırışması, sonradan qıvrılması və damarlararası lətin üst hissəsinin əvvəlcə sarımtıl-yaşıl rəng alması, sonradan saralması ilə səciyyələnir.