ATROPATENA DÖVLƏTİ
Atropatena e.ə. IV əsrin son rübündə Cənubi Azərbaycan, İran Kürdüstanı və Şimali Azərbaycanın müəyyən hissəsində meydana gəlmiş çarlığın yunanca adıdır. Atropatena zəngin və qüdrətli bir dövlət olmuşdur. Atropatena yüksək mədəniyyəti, inkişaf etmiş əkinçilik və maldarlıq, sənətkarlıq və ticarəti, iri şəhərləri olan zəngin ölkə idi. E.ə IV əsrin 50-ci illərin əvvəllərində Əhəmənilərin İran dövləti tənəzzülə doğru gedirdi.
E.ə. 334-cü ilin yazında Makedoniyalı İskəndər Kiçik Asiyaya gəldi. E.ə. 334-cü ilin mayında Qranik çayı sahilində birinci döyüş olur. İskəndərin İran ordusu ilə ikinci döyüşü e.ə. 333-cü ildə İss şəhəri yaxınlığında oldu. Farslar məğlub olurlar və III Dara döyüş meydanından qaçdı. Kiçik Asiya İskəndərin hakimiyyəti altına keçdi. 3-cü vuruşma e.ə. 331- ci il oktyabrın 1-də Qavqamel (Mosul yaxınlığında, indiki İraq ərazisində döyüşündə) kəndi yaxınlığında baş verdi. III Daranın ordusu darmadağın edildi. Ancaq III Dara məğlub olmaq istəmirdi. O, Midiyaya qaçdı və orada ordu toplamağa başladı. Midiyanın satratı Atropat idi və o, Qavqamel döyüşündə iştirak etmişdi. İskəndər Atropatı satraplıqdan azad edir (III Daranı müdafiə etdiyinə görə) və Midiyaya yeni satrap təyin edir. Ancaq tezliklə vəziyyət dəyişir. Aydın olur ki, Atropatın müttəfiqləri olan kadusilər III Daranı müdafiə etmirlər. Belə şəraitdə Atropat da III Daranı müdafiə etmir. Buna görə də III Dara Həmədana qaçır və orada ölür. Atropat da öz siyasətini dəyişir və İskəndərin tərəfinə keçir. Buna görə də o, e.ə. 328-ci ildə öz əvvəlki (Midiya satrapı) vəzifəsinə bərpa edilir.
III Daranın ölümündən sonra İskəndər Asiyanın çarı olur. Əhəmənilər impe-riyası süquta uğrayır. Əhəmənilər imperiyası Zaqafqaziya xalqlarının həyatında mühüm rol oynadı. Atropatın adı tarixi mənbələrdə ilk dəfə e.ə. 331-ci ildə baş verən Qavqamel döyüşündə çəkilir. O, bu döyüşdə atlı kəşfiyyat dəstəsinə rəhbərlik etmişdir. Əhəmənilər imperiyasının zəiflədiyi dövrdə Atropat Bütün Cənubi Azər-baycan ərazisinin, həmçinin Şimali Azərbaycan torpaqlarının xeyli hissəsini özünə tabə etmişdi. İskəndər başqa torpaqları işğal etməklə məşğul olan zaman Atropat öz hakimiyyətini möhkəmləndirir. Ümumiyyətlə, İskəndər Atropatın idarə etdiyi əraziyə daxil olmamışdır. Atropat makedoniyalılarla qohum olur. O öz qızını İskəndərin yaxın sərkərdələrdən birinə Perdikaya verir. Ümumiyyətlə İskəndər yerli İran aristokratiyası ilə qohumluğa əhəmiyyət verirdi. İskəndər özü 2 İran şahzadə qızına evlənmiş, onun ənənəsini özünün 80 dostu davam etdirmişdi. Həmçinin Suz təntənələrində 10 min döyüşçü Asiyalı qadınlarla evlənmişdi. E.ə. 324-cü il yayın sonunda Midiyada vəziyyət kəskinləşir. Bariaks adlı bir nəfər özünü İran və Midiyanın çarı elan edərək Makedoniya işğalçılarına qarşı mübarizəyə qalxır. Atropat öz qüvvəsi ilə üsyanı yatırır və Bariaksı tutaraq makedoniyalılara verir və onlar da onu edam edirlər. Bundan sonra Atropatın makedoniyalılarla münasibəti daha da yaxşılaşır. E.ə. 323-cü ilin iyununda İskəndər ölür. İskəndərdən sonra onun varisi Perdika olur. E.ə. 321-ci ildə Perdikanın ölümündən sonra satraplıqlar ikinci dəfə bölüşdürülür. Atropatın satraplığı bu bölgüyə daxil olmur. Görünür bu dövrdən kiçik Midiya müstəqil dövlət olur.
Kiçik Midiya Şərqdə makedoniya əsarətindən azad olan ilk müstəqil dövlət oldu. Strabon özünün “Coğrafiya” əsərində yazırdı – Midiya 2 hissəyə bölünür bir hissə Böyük Midiya adlanır. İkinci Atropat Midiyasıdır. Öz adını o, hərbi rəis At-ropatdan götürmüşdür. O, bu ölkənin Böyük Midiya kimi makedoniyalılara tabe olmasına imkan vermədi. Strabonun məlumatına görə Atropatena 10 min süvari və 40 min piyada qoşun çıxara bilərdi. Manna dövlətinin süqutundan sonra Azərbaycanda ilk müstəqil dövlət meydana gəldi. Bu dövlətin yaranmasının bir neçə şərtləri var idi. Ən mühüm şərtlərdən biri dövlətin meydana gəldiyi regionun yüksək iqtisadi – sosial, mədəni və siyasi inkişaf yüksəlişinə malik olması idi. İkinci mühüm cəhət o dövrün siyasi şəraiti idi. İskəndərin ölümündən sonra onun sərkərdələrinin başının hakimiyyət uğrunda mübarizəyə qarışması yeni dövlətin yaran-masına şərait yaratdı. Həmçinin burada Atropatın şəxsi keyfiyyətləri və onun qohumluq əlaqələri mühüm rol oynadı. Azərbaycan ərazisində döyüşən kadusi və skıf tayfalarının olması da Atropata öz dövlətinin müstəqilliyini qorumağa imkan verdi. İskəndərin ölümündən sonra taxta onun ögey qardaşı Arridey III Filipp adı ilə çıxdı. İskəndərin oğlu İskəndər həddi-buluğa çatandan sonra taxta sahib olmalı idi. Əslində dövlətə qoşun başçısı xəzinədar Perdikka başçılıq edirdi. E.ə. IV əsrin sonunda selevkilər dövlətinin yaranmasının əsası qoyuldu. Selevk (e.ə. 305-280) və onun oğlu Antioxun (e.ə.280-261) səylərinə baxmayaraq e.ə. III əsrin ortalarına yaxın selevkilər dövləti tənəzzül qarşısında idi. Baktriya, Soqdiana və Parfiya ondan ayrılır. Tezliklə Parfiya müstəqil dövlətə çevrilir. Atropatena dövlətinin adına bizim e.ə. III əsrin 20-ci illərində rast gəlirik. Polibinin verdiyi məlumata görə Artabazanın çarlığı xəzər dənizindən Rion çayının yuxarılarına kimi davam edirdi və Ermənistan və İberiya onun tərkibinə daxil idi. Selevki çarı III Antioxun dövründə (e.ə..223-187) Selevkilər Atropatena dövlətinin daxili işlərinə qarışmağa cəhd edir. III Antioxun Artabazanla müharibəsi sülh yolu ilə başa çatır. Atropatena bir müddət Selevkilərin ali hakimiyyətini tanımağa məcbur olur. Er.əv.III əsrin sonu Selevkilər dövlətinin qüdrətli dövrü idi. Ancaq e.ə. 190-cı ildə III Antiox romalılarla müharibədə məğlub olandan sonra selevkilər dövlətinin tənəzzülü dövrü başlayır. Artıq e.ə. II əsrin 60-cı illərində Atropatena tam müstəqil dövlət olur. Selevkilərin tərkibinə daxil olan bir sıra ərazilər ondan ayrılır və müstəqil dövlətə çevrilir. E.ə. II əsrin 50-ci illərində parfiyalılar həlledici siyasi qüvvəyə çevrilir. Təqribən er.əv.148-147-ci ildə Parfiya çarı I Mitridat Midiyanı tutur. Selevkilərin İranda hakimiyyətinə son qoyulur. E.ə. 130-cu ildə Selevkilərin öz hakimiyyətləri-ni bərpa etmək cəhdləri məğlubiyyətə uğrayır.
E.ə. II əsrin sonu I əsrin əvvəllərində Parfiya dövləti ən qüdrətli dövlətə çevrilir. Parfiya dövlətinin Atropatenaya da təsiri güclənir. Ancaq Parfiyanın Atropatenanı işğal etməsi barədə fakt yoxdur. E.ə. I əsrdə Atropatena Roma işğalçılarına qarşı müharibədə iştirak etmişdir. E.ə. I əsrin ortalarında dünya xəritəsi Parfiya və Roma arasında bölünmüşdür. E.ə. 53-cü ildə Parfiya Romalıları ciddi məğlubiyyətə uğra-dır. Bu döyüşdə Atropatena Parfiyalıların müttəfiqi olmuşdur. E. ə. 36-cı ildə Roma dövlətinin başçısı Antoninin də Atropatena və Parfiyaya qarşı yürüşü məğlubiyyətlə başa çatır. Ancaq tezliklə Atropatena ilə Parfiya arasında narazılıq başlayır.. Romalılar tərəfə keçmiş Atropatena tezliklə Roma qoşunlarının ölkədən çıxıb getməsi ilə əlaqədar olaraq Parfiya tərəfindən tutulur. Ancaq bu uzun çəkmir. Eramızın təqribən 20-ci ilində Atropatilər sülaləsinin Atropatenada hakimiyyətinə son qoyulur. Atropatenada hakimiyyəti Parfiyalıların kiçik qolu olan Arşakilərin əlinə keçir. Atropatenanın tarixində Roma təmayülünə son qoyulur və beləliklə Atropatena yenidən Parfiyanın təsiri altına keçir.
Atropatenanın əhalisi etnik baxımdan yekcins deyildi. Burada matienlər, saqartilər, kadusilər, gellər, utilər, maqlar, kaspilər və başqaları yaşayırdılar. Bu tayfaların dil mənsubiyyəti dəqiq müəyyən edilməmduişdir. Çoxsaylı tayfa olan kasilər Strabona görə 20 min yüngül silahlı piyada və 8 min atlıdan ibarət hərbi qüvvə çıxara bilirdilər. Maqlar isə Zərdüşt dini ayinlərinin əsas icraçısı olub, böyük nüfuza malik idilər. Saqartilərin adı mənbələrdə e. ə. VIII əsrdə, kaspilərin adı isə e. ə. V əsrdə çəkilmişdir
Atropatena Azərbaycanın elmə məlum olan ən qədim adlarından biridir. İran mənbələrində “Adurbadaqan”, ərəblərdə “Adərbaycan” formalarda əks olunmuşdur. Atropatın dövründə ölkənin paytaxtı Qazaka şəhəri idi və onun sərhədlərinə Cənubi Azərbaycan, İran Kürdüstanı və Araz çayından şimala torpaqlar da daxil idi. Cənubi Azərbaycanın bütün ərazisi və Şimali Azərbaycan torpaqlarının xeyli hissəsi bu və ya digər dərəcədə Atropatın hakimiyyəti altında idi.
Atropatena əlverişli təbii - coğrafi mövqeyə və iqlim şəraitinə əsaslanan zəngin təsərrüfata malik olmuşdur. Strabon yazırdı ki, bu ölkənin bütün vilayətləri məhsuldardır. Antik müəlliflərdən Strabon, Yevstafi və başqaları Atropatenada torpağın məhsuldarlığını qeyd edərək yazırdılar ki, burada bir üzüm tənəyindən 40 litrə yaxın çaxır hazırlanır, bir əncir ağacı isə 52 litrdən çox məhsul verir. Antik dövr müəlliflərinin əsərlərində Atropatenada heyvandarlığın, xüsusilə atçılığın geniş yayılması haqqında qiymətli məlumatlar var. Polibinin məlumatına görə Atropatenanın Kaspiana vilayətində maldarlıq, dəvəçilik və atçılıq geniş yayılmışdı. Başqa bir antik müəllif Ammian Marseliniyə görə Atropatenada dünya şöhrəti qazanmiş «Nisa» cinsli atlar bəslənirdi. Hərbi işdə və nəqliyyat vasitəsi kimi istifadə edilən atların yetişdirilməsində yonca əsas yem bazası idi. Elian yazır ki, Kaspianada dəvə olduqca çoxdur, ən iri dəvələr ən böyük at boydadırlar və gözəl yunları vardır: onların yunu çox zərifdir, belə ki, yumşaqlığına görə hətta Milet yunundan da geri qalmır. Plininin «Midiya otu» adlandırdığı yonca toxumu Avropamn digər ölkələrinə Atropatenadan aparılmışdır. Atropatena kənd təsərrüfatı məhsullarının bolluğuna ğörə qonşu ölkələrdən fərqlənirdi.
Ölkənin çayları və gölləri forel, kütüm, qızıl balıq növləri ilə dolu idi. Kaspilər ovladıqları balıqları xüsusi üsulla duzlayıb qurudur və dəvələrə yükləyib Ekbatanaya aparırdılar. Kaspilər balıq yağı hazırlayır, xüsusilə balığın içalatından çox möhkəm yapışqan düzəldirdilər.
Atropatenada şəhərlər sənətkarlıq və ticarət mərkəzləri idi. Ölkənin ərazisindən beynəlxalq ticarət yollarının keçməsi daxili və xarici ticarətin inkişafına, şəhərsalma işinə müsbət təsir göstərirdi. Ellin dövlətlərini birləşdirən mühüm ticarət yollan da Atropatena ərazisindən keçirdi. Baktriya (Orta Asiya), Hindistan və Çin malları Ekbatan şəhərinə, oradan ölkənin paytaxtı Qazakaya gətirilir, buradan isə Pont (Qara) dənizinə. Kiçik Asiya vasitəsilə Aralıq dənizi sahillərinə apanlırdı. Ekbatan - Qazaka beynəlxalq ticarət yolu Kaspi (Xəzər) dənizi sahili ilə Alban ölkəsinə, oradan isə şimala doğru uzanırdı. Strabon yazırdı ki, bu yolla dəvə karvanları Hindistan və Babilistan malları daşıyırdı.
Ticarətdə puldan geniş istifadə edilirdi. Atropatena ərazisində tapılmış ən qədim pullar Makedoniyalı İsgəndərin adından kəsilmişdir. Tədavüldə Parfıya pulları da işlədilirdi. Yerli hökmdarların adma kəsilmiş pullara isə rast gəlinməmişdir.
Qeyd etmək lazımdır ki, ellinizm dövründə Atropatena hökmdarları ölkənin iqtisadi və mədəni inkişafını təmin etmək üçün şəhərsalma işinə xüsusi diqqət yetirirdilər. Yazılı mənbələrdə Qazaka, Fraaspa, Fanaspa, Aqnazana kimi şəhərlərin adlan çəkilmişdir. Dövlətin paytaxt şəhəri Qazaka idi və Atropatena hökmdarlarının sarayı da burada yerləşirdi. Sonralar ərəb müəlliflərinin Cənzə adlandırdıqları bu şəhər Urmiya gölünün cənub - şərqində, indiki Marağa yaxınlığında yerləşirdi.
Atropatenanı Atropatlılar sülaləsindən olan hökmdarlar idarə edirdilər. Hökmdar hakimiyyəti irsi idi. Cəmiyyət əyanlardan, kahinlərdən (maq), kəndlilər, sənətkarlar, tacirlər və qullardan ibarət idi. Tarixi mənbələrə görə Misir və Assuriyada mövcud olmuş quldarlıq sisteminə Atropatenada rast gəlinməsə də, burada da qul əməyindən istifadə edilirdi.
Atropatena zəngin mədəniyyətə malik olmuşdur. Burada yüksək şəhərsalma mədəniyyətinin olduğunu arxeoloji qazıntılar nəticəsində tapılmış şəhər qalıqları da sübut edir. Şəhərlərdəki binalarda daş sütunlardan, kirəmitdən geniş istifadə edilirdi.
Şərqdə Ellin mədəniyyətinin yayılması nəticəsində Atropatenada da yunan yazısı və dilindən istifadə olunurdu. Kerefto adlı möhtəşəm memarlıq abidəsi üzərində yunan dilində yazı həkk olunmuşdur.Zaqros dağlarında tapılan və dəri üzərində yazılmış üç əlyazmada icarə müqavilələrindən bəhs olunur. Əlyazmalar yunan dilində olsa da, müqavilədə iştirakçı şəxslər yerli ad daşıyırdılar.
Atropatenadə əhali zərdüşt dininə sitayiş edirdi. Bu dinin yaradıcısı Zərdüştün e. ə. VII əsrin ortalarında Azərbaycanda anadan olması və e. ə. 595-ci ildə özünü peyğəmbər elan etməsi haqqında tutarlı dəlillər vardır. Zərdüştlüyün müqəddəs kitabı «Avcsta» dır. Zərdüştlüyün baş məbədi Atropatena ərazisindəki Qazakada yerləşirdi. Baş məbədin mehrablarında daima od yanır və heç vaxt onu sönməyə qoymurdular.
Beləliklə, Adərbayqan dövlətini idarə edən sülalə nümayəndələri barədə qəti mülahizə yürütmək mümkün deyil. Adərbayqan müstəqilliyini saxlamağı hərbi münaqişələrə qoşulmaqdan üstün tuturdu. Zəruri hallarda isə qonşuların köməyinə gəlirdi. Eyni zamanda Arazın o tayına qədər (Naxçıvan, Paytarakan, Kaspiana) uzanan torpaqları qorumaq, təcavüzkar işğallarının qarşısını almaq məqsədini güdən Adərbayqan dövləti öz varlığını və hüdudlarını saxlamaqda Midiya hökmdarlarının qüdrətinə arxalanırdı. İranda Sasani dövlətinin yaranması ərəfəsində Adərbayqan Midiyada Arşakilər sülaləsinin ağalığının şahidi olaraq qalırdı.
Antik müəlliflər Adərbayqan əhalisinin müxtəlif ad altında yad etmişlər. Hekatey Miletli (e.ə V əsr) Araz çayı sahilində mük tayfasını yerləşdirirdi. Mənşəyi məlum olmayan mük etnonimi Muğan adında qalmışdır. Mük etnoniminin maq (İranda kahinlərə verilən ad) sözü ilə eyniləşdirilməsi düzgün deyil. Herodot Adərbayqanın ərazisi ilə əlaqədar kaspi, matien, mük, bəlkə də mard,mar tayfalarının, Ktesi isə kadusi tayfalarının adlarını çəkmişdir. Strabon bu tayfalarla yanaşı amard, anariak etnik adlarını da çəkmişdi.
Müklərlə qonşuluqda yaşamış, XIV satraplığa daxil olmuş digər mühüm tayfa utilər idi. Bununla əlaqədar olaraq qeyd etməmək olmaz ki, Roma tarixçisi Pliniyə görə, utilərin yaşadığı vilayət Araz çayı üzrə Atropatena ilə və məhz onun Mukana bitişik olan hissəsində həmsərhəd idi. Herodotun "utilər" adı altında antik zamanlarda və erkən orta əsrlərdə Qafqaz Albaniyasının Otenada (erməni müəllifləri "Utik" adlandırırlar) yaşamış məşhur otenlər-utilər-udi tayfasını görmək lazımdır. Hazırda yığcam halda Qəbələ və qismən Oğuz zonasında yaşayan udilər həmin tayfanın qalıqlarıdırlar.
Kaspilər çox qədim və geniş yayılmış etnik törəmələrdən biri idilər. Şübhəsizdir ki, Kaspi dənizinin adı onların adından yaranmışdır. Mövcud mənbələrə görə, kaspilər bizim təsəvvürümüzdə əkinçiliyi, maldarlığı, sənətləri, ticarəti, habelə gəmiçiliyi və dənizçiliyi yaxşı bilmiş xalq kimi canlanır.
Kadusilər Kaspi dənizinin cənub-qərb qismindən başlanmış Matiana torpaqlarınadək olan kifayət dərəcədə geniş ərazidə yaşayırdılar. Antik müəlliflər kadusilərin qonşular kimi madalıları, matianalıları, albanları, karduxları, anariakları, kaspiləri, (a)mardları, sakları, tapürləri, hirkanları və b. xatırladırlar.
Keramika istehsalı təsərrüfatın ayrıca bir sahəsi idi. Mil, Muğan, Talış, Naxçıvan və başqa yerlərin küp qəbirlərindən çıxarılmış gil məmulat Atropatenada keramika istehsalının səviyyəsindən xəbər verir. Hətta mədənlərdə qızıl, gümüş, mis, dəmir, Urmiyə gölündən duz çıxarılması haqqında məlumatlar vardır.
Dostları ilə paylaş: |