Mövzu 12 TƏBİİ FƏLAKƏT, İSTEHSALAT QƏZALARI VƏ HÜCUM ZAMANI YARANAN ZƏDƏLƏNMƏ OCAĞINDA ƏHALİNİN DAVRANIŞ VƏ FƏALİYYƏT QAYDALARI. Nüvə hücumu zamanı əhalinin davranış və fəaliyyət qaydaları.
Nüvə zədələnmə ocağı dedikdə, düşmənin nüvə silahının təsirinə məruz qalan yaşayış məntəqələri, sənaye,
kənd təsərrüfatı və digər obyektlərin ərazisi nəzərdə tutulur.
Əhalinin nüvə zədələnmə ocağındakı fəaliyyəti və davranışı nüvə hücumu zamanı harada olmasından
(Sığınacaqlarda (daldalanacaqlarda) və ya onlardan kənarda) asılıdır.
Sığınacaqlar nüvə silahının bütün zərərləyici amillərindən qoruyan effektiv vasitədir. Sığınacaqlarda olarkən
yalnız rəhbər şəxslərin tələblərini yerinə yetirmək kifayətdir. Tənəffüs orqanlarını qoruyan fərdi mühafizə
vasitələrini (FMV) daim hazır vəziyyətdə saxlamaq lazımdır. Sığınacaqlardan çıxarkən isə bu FMV-ləri geymək
lazımdır.
Nüvə hücumu zamanı sığınacaqlardan kənarda, açıq sahələrdə və ya küçələrdə olarkən ən yaxın təbii
daldanacaqlardan istifadə etmək lazımdır. Belə daldalanacaqlar yoxdursa, partlayışdan əks tərəfə çevrilərək,
üzü aşağı yerə uzanmaq, əlləri bədənin altında gizlətmək vacibdir; partlayışdan 15 - 20 san sonra, zərbə dalğası
bitən kimi qalxmaq və radioaktiv maddələrin insanın daxilinə keçməsinin qarşısını almaq məqsədilə əleyhqaz,
respirator və ya tənəffüz orqanlarını qorumaq üçün ağzı, burnu örtmək üçün dəsmal, şərf və ya qalın parçadan
istifadə etmək lazımdır. Bundan sonra paltar və ayaqqabının üzərinə yayılan tozu çırpmaq, əldə olan dərini
qoruyan mühafizə vasitələrini geymək (əgər varsa), zədələnmə ocağından uzaqlaşmaq vacibdir.
Radioaktiv maddələrlə yoluxmuş ərazidə insanların fərdi mühafizə vasitələrindən istifadə etməsinə
baxmayaraq, onlar şüalanmaya məruz qala bilərlər. Bunun qarşısını almaq məqsədilə, belə ərazilərdə olduqdan
sonra tibbi profilaktik tədbirlərdən keçmək lazımdır.
Nüvə partlayışı buludundan radioaktiv çöküntülər düşən zaman, və həmçinin, külək, insanlar, maşınların
hərəkəti zamanı yerə yatmış toz qalxarkən havanın radiaokativ çirklənməsi baş verir. Bu toz qapılardan,
pəncərələrdən, nəfəsliklərdən, hava ötürücülərindən, çatlardan yaşayış və istehsalat binalarının, anbarların və
d. tikililərin içərisinə daxil ola bilər. Tozun, bakterial və kimyəvi maddələrin içəri daxil olmasının qarşısını almaq
məqsədilə pəncərə və qapılardakı bütün dəlikləri, hava bacalarını və s. örtmək, çatları yenidən işləmək,
malalamaq, çatlamış şüşələri yeniləri ilə əvəzləmək lazımdır.
Tozlardan əlavə hər bir evin radioaktiv şüalanmaya (nüfuzedici radiasiya) qarşı mühafizə xüsusiyyətlərini
gücləndirmək lazımdır. Pəncərə aralarını kərpiclə, qum, torpaq kisələri ilə tutmaqla, divarlara yerdən 1.8 metr
hündürlükdə taxta çəkib aralarını torpaqla doldurmaqla buna nail olmaq mümkündür.