Demoqrafik amillər. Demoqrafik amillər ölkə əhalisinin tərkibində baş verən dəyişiklikləri xarakterizə edir. Bura əhalinin təbii artımı və ya azalması; əhalinin yaş strukturu; ailələrin sayı; ailədə uşaqların sayı; yeni evlənənlərin sayı; əhalinin miqrasiyası; əhalinin ümumi təhsil səviyyəsinin dəyişməsi və digər demoqrafik amillər aiddir.
İqtisadi amillər. Bu amillər ölkənin iqtisadi vəziyyətini xarakterizə edir və bütünlükdə bazarın tutumuna təsir edən ən mühüm amildir. Bu amillərə ölkənin təsərrüfat tipi; ümumi daxili məhsulun və milli gəlirin həcmi; adam başına ümumi məhsulun və milli gəlirin həcmi; ölkənin iqtisadi inkişaf tempi; qiymətin səviyyəsi; inflyasiya səviyyəsi; işsizlik səviyyəsi; kredit alma imkanı; ölkə iqtisadiyyatına investisiya qoyuluşu və s. iqtisadi göstəricilər aiddir.
2.2.2. Marketinqin siyasi-hüquqi mühiti
Siyasi-hüquqi mühit amilləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və tənzimlənməsi qaydalarını, bazar subyektləri arasındakı əlaqələrin təşkili və istehlakçıların hüquqlarının müdafiəsi qaydalarını, həmçinin ölkədəki siyasi vəziyyəti xarakterizə edir. Bura siyasi amillər; hüquqi amillər və istehlakçıların hüquqlarının müdafiəsi amilləri aiddir.
Siyasi amillərə siyasi stabillik; valyuta məhdudiyyətləri; xaricdən məhsul alınmasına münasibət: dövlət aparatı; ayrı-ayrı siyasi və dövlət xadimlərilə qarşılıqlı münasibətlər və digər siyasi amillər aiddir.
Hüquqi amillərə ölkədə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsini və tənzimlənməsini təmin edən qanunlar və qanunvericilik aktları və onlara əməl edilməsi üzərində dövlət nəzarəti sistemi aiddir.
İstehlakçıların hüquqlarının müdafiəsi amillərinə bütünlükdə cəmiyyətin, o cümlədən istehlakçıların mənafeyinin qeyri-mükəmməl, haqsız sahibkarlıq fəaliyyətindən və sahibkarların məsuliyyətsiz fəaliyyətindən müdafiəsini təmin edən amillər, həmçinin sahibkarlıq etikası və istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət və ictimai təşkilatlar aiddir.
2.2.3. Marketinqin mədəni mühiti
Mədəni mühit dedikdə, cəmiyyətin dəyərlər sistemini, qavrama modelini, tələbatlarını, həyat və davranış tərzini formalaşdırmağa kömək edən sosial institutlar və digər güclər başa düşülür. Marketinqin mədəni mühit amillərinə bəşəri və milli mədəniyyət; submədəniyyətlər; milli adət-ənənələrə sadiqlik; insanların bir-birinə, ictimai institutlara və cəmiyyətə münasibəti; cəmiyyətin mədəni inkişaf səviyyəsi; həmçinin danışıqların aparılması tərzi və digər mədəniyyət amilləri daxildir.
Bəşəri mədəniyyət. Bəşəri mədəniyyət dedikdə, bütün dünya xalqlarının qəbul və əməl etdiyi dəyər və normalar sisteminin, qavrama modelinin, davranış stereotiplərinin və s. məcmusu başa düşülür.
Milli mədəniyyət. Milli mədəniyyət ayrı-ayrı millətlər və xalqlara məxsus olan dəyərlər və normalar sisteminin, qavrama modelinin, davranış stereotiplərinin və s. məcmusudur. Müxtəlif millətlərin mədəniyyətində olan bu fərqlər məhsulların differensiallaşdırılmasını, marketinq kompleksinin və strategiyasının onlara uyğunlaşdırılmasını və deməli, hər bir bazar (və ya bazarlar) üçün xüsusi marketinq strategiyasının və proqramlarının hazırlanmasını tələb edir.
Submədəniyyət. Submədəniyyət dedikdə, həyat təcrübəsinə və cəmiyyətdəki mövqeyinə uyğun olaraq bütünlükdə cəmiyyətdə və müxtəlif millətlərdə üstünlük təşkil edən dəyərlərdən fərqlənən oxşar dəyərlər sisteminə, tələbatlara və davranış tərzinə malik olan geniş istehlakçılar qrupu (ayrı-ayrı etnik qruplar, irqi, dini, dil əlamətlərinə və s. görə formalaşmış qruplar) başa düşülür.
2.2.4. Marketinqin təbii mühiti
Təbii mühit amilləri müxtəlif dövlət təşkilatlarının, ictimai təşkilat və hərəkatların təbiətin mühafizəsi, ekoloji tarazlığın qorunması uğrunda mübarizəsilə əlaqədardır və istehlakın sosial dəyərini, onun cəmiyyətə verdiyi xeyrin və yaxud ziyanın dəyərini xarakterizə edir. Bu amillərə ölkənin təbii sərvətləri və onlardan istifadənin intensivliyi, ekoloji cəhətdən təmiz məhsulların istehsalı və istifadəsi, bəzi təbii resursların ehtiyatlarının tükənməsi və qıtlığı, məhsulun qablarının utilizasiya səviyyəsi, təbiətin çirkləndirilməsi səviyyəsi, yerin ozon qatının mühafizəsi və yeni məhsulların heyvanlar üzərində təcrübədən keçirilməsinə qarşı mübarizə ilə əlaqədar olan amillər aiddir.
Dostları ilə paylaş: |