Marketinq vasitəçiləri. Marketinq vasitəçilərinə müəssisənin məhsullarının bölüşdürülməsini və satışını, irəlilədilməsini təmin edən, müəssisəni maliyyə-kredit resursları ilə təmin edən və məhsulların fiziki yerdəyişməsini həyata keçirən müəssisə və təşkilatlar, həmçinin onlara müəyyən xidmət göstərən müəssisə və təşkilatlar aiddir.
Müştərilər. Müştərilər bilavasitə müəssisənin məhsullarını satın alan və ya onu almağa maraq göstərən istehlakçılar, alıcılar və ödəyicilərdir.
Rəqiblər. Rəqiblər alıcılara və istehlakçılara müəssisə ilə eyni növ, ya da əvəzedici məhsullar təklif edən müəssisə və təşkilatlardır. Müəssisə özünün marketinq fəaliyyətini həyata keçirərkən eyni növ məhsul istehsal edən müəssisələrlə yanaşı oxşar və əvəzedici məhsullar istehsal edən müəssisələrin də marketinq strategiyasını nəzərə almalıdır.