Mövzu 13. Azərbaycan Respublikası İlham Əliyevin Prezidentliyi


Azərbaycan diplomatiyasının səyləri nəticəsində XXI əsrin əvvəlləri üçün



Yüklə 94,92 Kb.
səhifə5/5
tarix07.01.2024
ölçüsü94,92 Kb.
#208143
1   2   3   4   5
A.Mövzu 13

2. Azərbaycan diplomatiyasının səyləri nəticəsində XXI əsrin əvvəlləri üçün Azərbaycan sürətlə Avroatlantika məkanına inteqrasiya olunurdu. 2004-cü ildə Azərbaycanın daha 20 ölkədə diplomatik nümayəndəlikləri, o cümlədən Təbrizdə konsulluğu açıldı. Qonşu İran, Rusiya və Türkiyə ilə münasibətlər daha da yaxşılaşırdı. NATO ilə fərdi tərəfdaşlıq barədə razılıq əldə olundu. ABŞ Azərbaycanın strateji tərəfdaşına çevrildi. ABŞ Prezidenti Corc Buş “Azadlığı müdafiə Aktı”na 907-ci düzəlişi dayandırmağa müvəffəq oldu. Bu, ölkəmizə maliyyə yardımı ilə yanaşı, həm də mühüm əhəmiyyətli siyasi dəstək demək idi. 2002-ci il martın 30-da ABŞ-ın Azərbaycana silah satışı üzərinə qoyduğu qadağa da ləğv olundu. Azərbaycanın NATO ilə tərəfdaşlıq proqramının genişlənməsinin nəticəsidir ki, onun 2002-ci ilin noyabrında keçirilmiş Praqa sammitində ölkəmiz NATO Parlament Assambleyasının Assosiativ Üzvlüyünə qəbul olundu. Azərbaycan dövləti Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Ukrayna ilə fəal siyasi, iqtisadi əlaqələr saxlayır, Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasında, bir çox beynəlxalq və regional problemlərin həllində strateji tərəfdaş kimi çıxış edir.
Bu dövrdə yeni neft strategiyası daha da inkişaf etdirilmiş, Xəzər neft və qazının Avropaya öturulməsinin yeni: Türkiyə-Yunanıstan-İtaliya, Odessa-Brodi-Platsk-Qdansk, Nabukko “Cənub axını” və digər boru kəmərlərinin reallaşdırılması üçün marağı olan dövlətlər arasında danışıqların aparılmasına başlanılmışdır. “Qərb-Şərq” proqramının həyata keçirilməsində mühüm rol oynayan Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi xüsusilə türk dünyası üçün böyük əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev Ermənistanın işğalçı olması faktının BMT Təhlukəsizlik Şurasının və Avropa Şurasının sənədlərində ilk dəfə əks etdirilməsinə nail olmuş, 2008-ci il noyabrın 2-də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı RF, Azərbaycan və Ermənistan prezidentlərinin Moskva Bəyənnaməsinə imza atmışdır. 2009-cu ildə Ermənistan prezidenti ilə 9 görüşdə, 2010-cu il yanvarın 25-də Soçidə, 2011-ci il aprelin 24-də Praqada, 2013-cü il noyabrın 19-da Vyanada, 2014-cü il avqustun 11-də Soçidə, 2014-cü il 27 oktyabrın 27-də Parisdə keçirilən və digər görüşlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq norma və prinsiplərə uyğun olaraq dövlətin ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə nail olunması tələbi Azərbaycan dövlətinin xarici siyasətinin əsas xəttini təşkil edir.
Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin 2002-ci il aprelin 30-da keçirilmiş Trabzon zirvə görüşündə “Terrorizmə, mütəşəkkil cinayətkarlığa və digər cinayətlərə qarşı mütəşəkkil mübarizə haqqında” Azərbaycan, Gürcüstan və Türkiyə arasında saziş imzalanmışdır. Xəzər dənizinin dibinin milli sektorlar əsasında bölüşdürülməsinə dair 2001-ci ilin yanvarında Azərbaycan Respublikası ilə RF arasında, noyabrında isə Qazaxıstan arasında bağlanmış sazişlər buna sübutdur. 2002-ci ilin aprelin 23-də Aşqabadda Xəzəryanı ölkələrin dövlət başçılarının Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə dair keçirilmiş Zirvə toplantısında da müəyyən irəliləyişlər olsa da, İranın və Türkmənistanın bu məsələdə qeyri-konstruktiv mövqe tutması səbəbindən konkret nəticə əldə edilməmişdir. Hazırda Azərbaycan dünyanın 128 ölkəsi ilə ticarət münasibətləri qurmuşdur. Ticarət əlaqələrinin 80%-dən çoxu İtaliya, Rusiya, İngiltərə, Türkiyə, ABŞ, Türkmənistan, Almaniya, Yunanıstan, Qazaxıstan, İsrail, Fransa, Yaponiya, Malayziya və İran dövlətlərinin payına düşür.
2011-ci il oktyabrın 25-də Azərbaycan Respublikası BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi və 2012-ci ilin yanvarından etibarən Azərbaycan iki il müddətinə BMT-nin Təhlükəsizlik Şurasının ona verdiyi səlahiyyətləri layiqincə yerinə yetirmişdir. 2014-cü ilin yanvar ayında Azərbaycan Prezidenti İlham Əliyev İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirak etdi. Prezidentin fəaliyyəti nəticəsində Azərbaycan dünya birliyində öz mövqelərini daha da möhkəmləndirmiş, yeni müttəfiq ölkələr qazanmış, beynəlxalq və regional təşkilatlarda iştirakını, onlarla əməkdaşlığını daha da intensivləşdirmiş, inkişaf sürətinə, iqtisadi potensialına görə Cənubi Qafqazda lider dövlətə çevrilmişdir.
Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq cəhdləri Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Dünyada və bölgədə yaşanan çoxsaylı mənfi proseslərdən asılı olmayaraq, Azərbaycan son bir ildə ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirmiş, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımlar atmış, əhalinin firavan həyatı üçün ardıcıl tədbirlər görülmüşdür.
Son dövrdə qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyəti daha da kəskinləşdirmişdir. Bütün bunlara baxmayaraq, müstəqil və çoxşaxəli xarici siyasət kursu Azərbaycanın Cənubi Qafqaz regionunun aparıcı və ən inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin etmişdir. İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilmiş, bir sıra əhəmiyyətli əməkdaşlığın təşəbbüskarı olmuşdur.
Bu dövrdə Azərbaycan müsəlman aləmində çox böyük hörmət, nüfuz qazanmış, İslam həmrəyliyi ilə bağlı atılan addımlar İslam Əməkdaşlıq Təşkilatı və eyni zamanda, bir çox müsəlman ölkələri tərəfindən çox yüksək qiymətləndirilmişdir. Prezident İlham Əliyevin apardığı siyasət, Azərbaycanın həyata keçirdiyi tədbirlər İslam aləmində həmrəyliyi, əməkdaşlığı və İslam birliyini daha da möhkəmləndirir. Bununla yanaşı, ölkəmizin ev sahibliyi etdiyi, dövlətimizin başçısının təşəbbüsü ilə keçirilən bir sıra mühüm əhəmiyyət kəsb edən tədbirlər - VI Bakı Beynəlxalq Humanitar Forumu, Qoşulmama Hərəkatının Xarici İşlər Nazirləri Konfransı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Nazirlər toplantısı, Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi, VII Qlobal Bakı Forumu və s. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu xeyli yüksəltmişdir.
Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı genişlənmişdir. 2018-ci ilin iyul ayında Avropa İttifaqı ilə Azərbaycan arasında qəbul olunmuş “Tərəfdaşlıq prioritetləri” adlı mühüm sənəddə bir çox məsələlər öz əksini tapmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək və hörmət ifadə olunur. Həmçinin 2018-ci il iyulun 11-12-də Brüsseldə keçirilmiş NATO Zirvə görüşünün Yekun Bəyannaməsində də Alyans üzvlərinin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək öz əksini tapmışdır. 2019-ci ildə Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşü keçirildi və Azərbaycanın BMT-dən sonra dünyanın ikinci böyük təşkilatına sədrlik etməsi ölkəmizin nüfuzunu daha da artırdı.
Bununla yanaşı, 2018-ci il avqustun 12-də Xəzər dənizinin hüquqi statusuna dair aparılan uzunmüddətli danışıqların nəticəsi olaraq, Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının V Zirvə Toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması xarici siyasətimizlə bağlı vacib məsələlərdən biri kimi qiymətləndirilməlidir. Bu Konvensiya ölkəmizin maraqlarının təmin edilməsi baxımından böyük diplomatik və siyasi uğurudur.
Keçən dövr ərzində müxtəlif regional əməkdaşlıq formatları çərçivəsində öz təşəbbüskarlığı ilə seçilən Azərbaycan Respublikası ilk dəfə olaraq dövlət başçıları səviyyəsində keçirilmiş Azərbaycan-Rusiya Regionlararası Forumuna, həmçinin Azərbaycan, Gürcüstan, İran və Türkiyənin xarici işlər nazirlərinin birinci dördtərəfli görüşünə ev sahibliyi etməsi xarici siyasətin növbəti uğuru idi.
2018-ci il aprelin 25-də Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclasında bir sıra mühüm sənədlərin imzalanması, iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi iki dost və qardaş dövlətin münasibətlərinin ən yüksək zirvədə olduğunun bariz göstəricisidir. Sentyabrın 15-də keçirilən və Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad iki qardaş dövlətin 100 il bundan əvvəl olduğu kimi, hər zaman bir-birinin yanında olmasını bir daha sübut etdi.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində Azərbaycan dövləti və Prezident İlham Əliyev, ilk növbədə, sülh variantına üstünlük verirdi. Lakin Prezident İlham Əliyev Azərbaycan xalqı və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti və torpaqlarımızın müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını bildirməklə yanaşı, öz torpaqlarımızı azad etmək üçün tam əsasımızın olduğunu və bunun beynəlxalq hüququn normaları ilə təsdiq edildiyini vurğulayırdı. Münaqişə həll olunmadan, yəni, Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını vurğulamaqla yanaşı, dövlət başçısı ölkəmizin öz milli maraqları uğrunda sona qədər mübarizə aparacağını da daim bildirirdi.
Eyni zamanda, bu mübarizədə ədalətin Azərbaycanın tərəfində olduğunu söyləyən Prezident İlham Əliyev dünyaya bəyan edirdi ki, Azərbaycan bundan sonra da nə danışıqlar prosesində, nə də bölgədə gedən başqa proseslərdə öz prinsipial mövqeyindən dönməyəcəkdir. Münaqişənin nizama salınmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır. Problem yalnız Azərbaycanın ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüququn normaları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır.

3. Beynəlxalq İnkişaf Asossiyası ilə Azərbaycan hökuməti arasında imzalanmış “Mədəni irsin qorunmasına yardım haqqında” sazişə uyğun olaraq, Bakıda Şirvanşahlar saray-kompleksində, Naxçıvan Muxtar Respublikasında Möminə xatın və Qarabağlar türbələrində, Şəki xanlarının sarayında bərpa və yenidənqurma işlərinə başlanmışdır. 2002-ci ildə Respublika Abidələrin Bərpası Konservasiyası və Tədqiqi Beynəlxalq Mərkəzinə üzv qəbul olunmuşdur. Azərbaycan tarixində ilk dəfə olaraq Şirvanşahlar saray-kompleksi və Qız qalası da daxil olmaqla İçərişəhər Dövlət tarixi-memarlıq kompleksi YUNESKO-nun “Dünya mədəniyyəti irsi” siyahısına daxil edilmişdir.
İslam mədəniyyətinə xidmət edən yeni-yeni məscidlərin inşa edilməsi və ya yenidən qurulması, musiqinin müxtəlif janrları və mədəniyyətin digər janrları üzrə vaxtaşırı müsabiqələrin keçirilməsi, Bakıda xüsusi “Muğam evi”nin tikilib istifadəyə verilməsi mədəniyyətə dövlət qayğısının bariz nümunəsidir. 2005-2013-cü illər arasında 4 Muğam Televiziya Müsabiqəsi keçirilmişdir. 2011-ci ildə Azərbaycan “Avroviziya” (Eurovision) mahnı müsabiqəsində qalib gələrək 39 iştirakçı dövlət içərisində I yeri tutmuşdu. Bakı, Gəncə, Şəki, Quba, Bərdə və Naxçıvan şəhərlərində Olimpiya kompleksləri tikilib istifadəyə verilmişdir. 2001-ci ildə Azərbaycan Dünya Turizm Təşkilatının tamhüquqlu üzvü oldu. Azərbaycan idmançıları müxtəlif beynəlxalq miqyaslı idman yarışmalarında və Yay Olimpiya oyunlarında fəal iştirak edərək böyük uğurlar qazanmışlar, belə ki, təkcə 2012-ci ildə Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları medalların sayını 10-a (2 qızıl, 2 gümüş, 6 bürünc) çatdırdılar.
Müstəqillik dövründə Azərbaycan bəstəkarlarının kamera-instrumental əsərləri məzmun rəngarəngliyi, forma və üslub müxtəlifliyi, alətlərin tərkibinin orijinallığı ilə fərqlənirdi. Yeni mövzuların, müasir ifadə vasitələrinin, yeni yazı texnikasının sınanması üçün şərait yarandığından, bəstəkarlar bu janra daha çox müraciət edirdilər. Bəstəkarların əsərlərində milli musiqidən, xalq çalğı alətlərindən istifadə prinsipləri yenilənir, xalq musiqisi ilə müasir musiqi sintezinin yeni, rəngarəng formaları yaranırdı.
2015-ci il mayın 18-də Bakıda keçirilən “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” mövzusunda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Azərbaycan kəlağayı sənətinin UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyini təsdiqləyən sənəd Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təqdim olunub. Kəlağayı ilə yanaşı Azərbaycanın muğam ifaçılıq sənəti, aşıq sənəti, Novruz bayramı, Azərbaycan xalçası, tar ifaçılıq sənəti, Lahıc misgərlik sənəti də UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə qurumun təcili qorunmağa ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. 
2016-cı il noyabrın 28-dən dekabrın 2-dən Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyanda Azərbaycanın təşəbbüsü ilə, Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən UNESCO-ya birgə təqdim edilən “Lavaş, Katırma, Jupka, Yufka - Nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti” UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına salınmışdır. 
2017-ci ilin 4-9 dekabr tarixində Cənubi Koreya Respublikasının Jeju adasında keçirilən UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 12-ci sessiyasında Azərbaycanın təqdim etdiyi “Mədəni kimliyinin hissəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsi” UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmişdir. Həmçinin həmin sessiyada Azərbaycan Respublikasının və İran İslam Respublikasının birgə təqdim etdiyi “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti” UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmişdir. 
2018-ci ilin 26 noyabr-1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilən qərarla “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilmişdir. Həmçinin Hökumətlərarası Komitənin həmin sessiyasında qəbul edilmiş qərarla Azərbaycanın Türkiyə və Qazaxıstan ilə birgə təqdim etdiyi “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” çoxmillətli mədəniyyət nümunəsi kimi UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir. 
2019-cu il iyulun 7-də Bakı Konqres Mərkəzində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının növbəti iclasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyası UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir.
Ötən illər ərzində Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən bir çox görkəmli mədəniyyət və incəsənət xadiminin yubileyləri qeyd olunmuşdur. 2013-cü ildə Azərbaycan peşəkar teatrının 140 illiyi geniş qeyd olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Üzeyir Musiqi Gününün keçirilməsi haqqında” 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq hər il sentyabrın 18-də ənənəvi Üzeyir Musiqi Günü keçirilir. Azərbaycanın Qəbələ şəhərində 2009-cu ildən başlayaraq ənənəvi olaraq hər il yay aylarında Qəbələ Beynəlxalq Musiqi Festivalı keçirilir.
Azərbaycan Respublikasında yaşayan azsaylı xalqların, milli azlıqların, etnik qrupların mədəniyyətlərinin inkişafına xüsusi qayğı göstərilir. Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi “Bir günəş altında” sənədli filmini çəkmişdir. Filmdə Azərbaycanda yaşayan 17 etnik qrupun 134 nümayəndəsinin müsahibəsi lentə alınmış, tamaşaçıya ötürülən əsas mesaj Azərbaycanda tolerant bir mühitin olması və burada dinindən, dilindən, milliyyətindən asılı olmayaraq, hamının bərabər yaşamasıdır.
Ölkəmizin qədim şəhərlərindən olan Naxçıvan 2018-ci il üçün “İslam mədəniyyəti paytaxtı” elan olunmuşdur. Ötən müddətdə incəsənətlə bağlı qəbul edilən bir sıra dövlət sənədləri - “Teatr və teatr fəaliyyəti haqqında” qanun, “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” sərəncam, “2009-2019-cu illərdə Azərbaycan teatrı”, “2008-2019-cu illərdə Azərbaycan kinosunun inkişafı haqqında” Dövlət Proqramları bu sahələrin inkişafına geniş zəmin yaratmışdır.
Azərbaycan Respublikasının mədəniyyət sahəsində dövlət siyasəti ümumi dövlət siyasətinin tərkib hissəsidir. 21 dekabr 2012-ci ildə “Mədəniyyət haqqında” Azərbaycan Qanunu qəbul edilmişdir.“Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” həyata keçirilmişdir. Azərbaycan mədəniyyətinin inkişafını, daxili və xarici təhdidlərdən qorunmasını, dünya mədəniyyətinə uğurlu inteqrasiyasını, mədəniyyət sahəsində insan və vətəndaş hüquq və azadlıqlarını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 fevral tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” təsdiq edilmişdir. “Kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət proqramı”, "Azərbaycan kinosu 2008-2018-ci illərdə", "Azərbaycan teatrı 2009-2019-cu illərdə", "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə" Dövlət Proqramları icra edilmişdir.
Hazırda Azərbaycanda 240 muzey, o cümlədən 76 tarix, 42 memorial, 69 diyarşünaslıq, 41 sənətşünaslıq və 12 digər profilli muzeylər mövcuddur. Azərbaycanda 29 teatr, o cümlədən 1 opera və balet teatrı, 19 dram, komediya və musiqili teatr, 9 uşaq və gənc tamaşaçılar teatrı mövcuddur. 2021-ci il yanvarın 1-nə olan statistikaya əsasən Azərbaycanda 2922 kitabxana, o cümlədən şəhərlərdə 410, kəndlərdə 2512 kitabxana fəaliyyət göstərir. Bu gün ölkədə 2231 klub müəssisəsi, o cümlədən şəhərlərdə 335, kəndlərdə 1896 klub mövcuddur.
Azərbaycanın mədəniyyət mərkəzi Şuşanın 2020-ci il noyabrın 8-də Ermənistanın işğalçı qoşunlarından azad edilməsindən sonra şəhərdə çoxşaxəli mədəni quruculuq işlərin həyata keçirilmişdir. 12-13 may 2021-ci ildə Şuşada “Xarıbülbül” festivalı, 30-31 avqust 2021-ci ildə Vaqif Poeziya Günləri, 18-24 sentyabr 2021-ci ildə Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı, keçirilmişdir. 29 avqust 2021-ci ildə Şuşa şəhərində Üzeyir Hacıbəylinin heykəli, Bülbülün ev-muzeyi, Molla Pənah Vaqifin büstü və muzey-məqbərə kompleksi açılmışdır. 
Beləliklə, Azərbaycanın sosial və iqtisadi sahələrdə uğurları, beynəlxalq aləmdə daim artan nüfuzu ölkə vətəndaşlarının Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş mədəni hüquqlarının həyata keçirilməsi üçün əlverişli imkanlar yaratmışdır. Bu gün Azərbaycan Respublikasında hər kəsin mədəniyyət sahəsində hüquq və azadlıqları, beynəlxalq hüququn prinsip və normaları rəhbər tutulmaqla təmin edilir.
Yüklə 94,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin