3. Ərizənin mahiyyəti, məzmunu, forması və dil xüsusiyyətləri
İşgüzar üslubun ən sadə sənədlərindən biri də ərizədir. Ərizə ərəbcə “ərz” sözündən olub mənası müraciət etmək, anlatmaq, bildirmək, söyləməkdir. “İki mənada işlənir: 1. XIX əsrin sonlarına qədər yazılan dram əsərlərində ərizə müraciət mənasında işlədilirdi. 2. Müasir dövrümüzdə bir arzu və ya xahiş ifadə edən məktub, yazılı müraciət mənasında işlənir” (2, 259).
Ərizə müəssisə, təşkilat, idarə və s. rəhbərlərinə müraciət etmək, onlardan kömək istəmək, nəyisə xahiş etmək və ya dərdini bildirmək məqsədi ilə yazılır. Hüquqi xarakterli sənəddir. Belə ki, işə qəbul olunarkən və ya işdən xaric edilərkən bir sənəd kimi ərizəyə əsaslanılır.
Ərizə tələbənin ən çox istifadə etdiyi sənəd növüdür. Onlar icazə, arayış almaq, akademik borclarını ləğv etmək və s. üçün ərizə ilə universitet rəhbərliyinə müraciət edirlər.
Ərizələr məzmunca xahiş və şikayət formasında olur. Xahiş ərizələri işə qəbul olunarkən, universitetə qəbul edilərkən, hər hansı bir sənəd alınarkən yazılır. Şikayət ərizələri isə hüquqlarının pozulduğunu bildirmək məqsədilə yazılır.
“Ərizənin xarakterindən asılı olaraq bəzən müxtəlif hüquqi aktlardan, cinayət məcəlləsinin və mülki məcəllənin maddələrindən istifadə etmək lazım gəlir. Adətən belə ərizələri vəkillərə yazdırırlar” (1, 546).
Ərizələr formasına görə sadə və mürəkkəb olur. Sadə ərizədə fikir bir neçə cümlə ilə aydın şəkildə ifadə olunur. Mürəkkəb ərizələrdə rəsmi sənədlərin adı çəkilir, onlara münasibət göstərilir və münasibətin icrası üçün rəhbərlərdən bu barədə sərəncam verilməsi xahiş olunur.
Ərizənin də xüsusi forması vardır. Vərəqin sol tərəfindən 4-5 sm buraxılmaqla ortadan müraciət olunan şəxsin vəzifəsi, adı, soyadı yazılır. Onun ardınca ərizə verənin vəzifəsi, adı, soyadı qeyd edilir. Sonra olardan aşağıda vərəqin ortasında böyük hərflə ərizə sözü yazılır. Ondan aşağıda abzasdan ərizənin məzmunu göstərilir. Sonda yazanın imzası, adı, soyadı və ayın tarixi qeyd olunur. Məsələn:
Ərizə ədəbi dildə yazılır. Fikir aydın və anlaşıqlı şəkildə ifadə olunmalıdır. Ədəbi dilin normaları gözlənilməli, kobud söz və ifadələrə yer verilməməlidir.
Dostları ilə paylaş: |