-Təbiət, cəmiyyət, təfəkkür, texnika, fəaliyyət qaydaları haqqında biliklər
Biliksiz heç bir məqsədəuyğun fəaliyyət mümkün deyil. Aydındır ki, bəşəriyyətin tarix boyu qazanmış olduğu biliklər çox zəngin və müxtəlifdir. Bu məzmunu bütövlükdə cəmiyyət mənimsəyir, hər bir fərd isə yalnız “kiçik bir hissə”ni mənimsəyir. Təhsilin məzmununu elə seçmək lazımdır ki, bu “kiçik hissə” müxtəlif elm sahələrini əhatə etməklə yanaşı, konkret elm sahəsini daha dərindən öyrənməyə ictimai, sosial, əmək, ailə məişət həyatında fəal surətdə qoşulmağa imkan versin.
-Konket fəaliyyət növlərinin əsasını təşkil edən intellektual və praktik bacarıq və vərdişlər sistemi
Hər bir təhsil alan nəzəri bilikləri mənimsəməklə yanaşı, həm də onların tətbiqi bacarıqlarına və vərdişlərinə yiyələnməlidir.
Nəzəri və praktik, ümumi və spesifik (xüsusi) bacarıq və vərdişlər ayırd edilir.
-Yaradıcılıq təcrübəsi
Təhsilin məzmununa bəşəriyyətin ictimai-praktik fəalyyətdə tarix boyu yaratmış olduğu yaradıcılıq təcrübəsi və onun əsas əlamətləti haqqında biliklər daxil edilməli, hər bir təhsil alan şəxsdə yeni problemləri həll etmək, ətraf aləmi yaradıcı surətdə dəyişmək bacarığı formalaşdırılmalıdır.
İnsan əqlini ancaq biliklər sistemi ilə zənginləşdirmək, bacarıq və vərdişlərlə silahlandırmaqla onda yaradıcılıq qabiliyyəti inkişaf etdirmək mümkün deyil. Təhsilin məzmunu elə modernləşdirilməlidir ki, o hər bir təhsil alanı müvafiq bilik, bacarıq və vərdişlər sistemi ilə silahlandırmaqla yanaşı, onu həm də yaradıcı fəaliyyətə hazırlasın.
-Münasibətlər sistemi
İnsanın ətraf aləmlə münasibətlər sistemi onun intellektual sferasının və tərbiyəlilik səviyyəsinin təzahürüdür. Ətraf aləmə münasibətlər insanın biliiklərindən, bacarıqlarından daha çox, onun həyata, əməyə emosional münasibətindən, dəyərlərindən asılıdır. İnsanın gerçəkliyə münasibəti, onun hiss və emosiyaları heç də həmişə malik olduğu bilikləri, yaxud bacarıq və vərdişləri ilə üst-üstə düşmür. Münasibətlər şəxsiyyətin nüvəsini təşkil edir. İnsanın başqa adamlara və özünə, obyekt və hadisələrə, əməyə və s. bəslədiyi münasibət onun şəxsiyyətini xarakterizə edir. Şəxsiyyətin mənlik şüuru və ləyaqəti də nəticə etibarilə onun münasibətləri lə müəyyən olunur.
-Şəxsi məna
Şəxsiyyətin tələb və arzularına uyğun gələn hər bir şey onun üçün şəxsi məna kəsb edir. Bu, hər şeydən öncə, şəxsiyyətin hiss və emosiyalarında, maraq və meyillərində, həyat mövqeyində, psixoloji durumunda, sosial istiqamətində aydın ifadə olunur. İnsan öz həyatında, ətraf aləmdə baş verən hadisələri müəyyən baxımdan qiymətləndirir. İnsan, sosial qrup və cəmiyyət üçün şəxsi və ictimai əhəmiyyət kəsb edən, zəruri olan, tələbat və maraqlarına uyğun gələn, ehtiyaclarını ödəyən hər şey dəyərdir. İnsanın bir şəxsiyyət kimi formalaşmasında dəyərlərin rolu çox böyükdür.
Dostları ilə paylaş: |