Alternativ fənlər dedikdə, əsasən xüsusi fənlər, yaxud tədris fənninin ayrı-ayrı bölmələri nəzərdə tutulur. Tələbələr bu kursları elmi maraqları əsasında seçərək öyrənir. Alternativ fənlərin bir qismi tələbələrin ümumi inkişafını təmin edir, dünyagörüşünü genişləndirir, fənnin metodologiyası ilə tanış edir, ixtisasla bağlı konkret praktik fəaliyyətə cəlb edir.
Tədris planlarında, bir qayda olaraq, alternativ fənlərin siyahısı verilir və tələbələr onları öz maraq və meyillərinə uyğun seçirlər. Universitet təhsilində alternativ fənlərə daha geniş yer verilir.
İxtisas fənləri tələbələrin müvafiq ixtisas üzrə peşə hazırlığının inkişafı və dərinləşməsini təmin edir, elmi və praktik fəaliyyət üçün zəmin yaradır.
Məcburi və sistematik surətdə öyrənilən fənlər tələbədə geniş elmi dünyagörüşü formalaşdırır, tələbəni seçdiyi ixtisası daha dərindən öyrənməyə imkan verən alternativ fənləri və fakultativləri düzgün seçməyə yönəldir. Seçmə fənlər ixtisas hazırlığının səmərəliliyini artırır, ixtisasa daha mükəmməl yiyələnməyə imkan verir.
Ali məktəbin tədris planlarının tərtibi zamanı mütləq məcburi, alternativ, fakultativ və ixtisas fənləri arasındakı məntiqi əlaqələr nəzərə alınmalıdır.
Tədris proqramı (yunanca proqramma-elan, göstəriş, fərman deməkdir. Tədris fənninin mündərəcəsinin qısa şərti) – hər fənnin məzmununu, öyrədiləcək bilik, bacarıq və vərdişlərin həcmini, sistemini, ardıcıllığını, tədrisin istiqaməti və xarakterini müəyyənləşdirən, fənnin tədrisinin konkret məqsəd, vəzifə və prinsiplərini, müvafiq elmin əsas ideyalarını əks etdirən dövlət təhsil standartıdır.
Tədris proqramı fənni tədris edən müəllimin pedaqoji fəaliyəti üçün kompas rolunu oynayır.
Tədris proqramları elə tərtib olunmalıdır ki, mütəxəssis hazırlığının məqsədinə uyğun professional fəaliyyət üçün zəruri olan tədris materialının tam mənimsənilməsi təmin edilsin.
Tədris proqramları tərtib edərkən, bir sıra ümumi tələblərə əməl olunmalıdır: Bu tələblər aşağıdakılardır:
- fənn üzrə nəzərdə tutulan bilik və bacarıqlar dövlət təhsil standartlarına uyğun olmalıdır;
- tədris proqramları elmi, texniki və texnoloji innovasiyaları özündə əks etdirməlidir;
- fənlərarası əlaqələr gözlənilməlidir;
-tələblərin ümumi, politexnik və professional hazırlığını təmin etməlidir;
-seçilmiş peşəyə maraq formalaşdırmalıdır;
-tələbəni öz əməyinin sosial əhəmiyyətini dərk etməyə yönəltməli, onda məsuliyyət hissini təşəbbüskarlıq və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməlidir.
Dostları ilə paylaş: |