5.NİTQDƏ DURĞU- FASİLƏ
NİTQDƏ lazımi yerdə fasilələr etmək vacibdir. Bu, həm məruzəyə, həm də adi söhbətlərə aiddir. Fasilələr edilməsə, fikir aydın başa düşülməyəcək, əksinə, nitq söz axınına bənzəyəcək. Düzgün fasilələr nitqin aydın olmasına kömək edir. Ondan, həmçinin elə istifadə etmək olar ki, əsas məqamlar uzun müddət yadda qalsın.
Nə zaman fasilə edəcəyini necə müəyyən edə bilərsən? Fasilələrin uzunluğu nə qədər olmalıdır?
Durğu işarələrinə görə fasilələr. Durğu işarələri yazılı dilin vacib tərkib hissəsidir. Bu işarələr fikrin və ya sualın bitdiyini bildirir. Bəzi dillərdə onlardan sitatları göstərmək üçün istifadə edirlər. Bəzi durğu işarələri cümlənin bir üzvü ilə digərinin əlaqəsini göstərir. Adam özü-özünə oxuyanda durğu işarələrini görür. Ancaq başqaları üçün oxuyanda yazılı materialdakı durğu işarələri onun intonasiyasında əks olunmalıdır. Durğu işarələrinin tələb etdiyi yerdə fasilə etmədikdə, oxuduğun çətin başa düşülər və hətta mətnin mənası təhrif oluna bilər.
Durğu işarələrindən başqa, cümlədə fikrin ifadə olunma tərzi də harada fasilə edəcəyini müəyyən edir. Bir dəfə tanınmış musiqiçi demişdi: «Mən bir çox başqa pianoçulardan heç də yaxşı çalmıram. Ancaq notlar arasındakı fasilələr ki var, bax əsil sənət burada başlayır». Eyni şeyi danışmağa da aid etmək olar. Lazım gələn yerdə edilən fasilələr yaxşı hazırladığın nitqə gözəllik və məna qatacaq.
Üzündən oxuyacağın çap olunmuş materialda işarələr qoymaq auditoriya qarşısında oxumağa hazırlaşarkən sənə kömək edə bilər. Qısa fasilə tələb olunan yerdə kiçik şaquli xətt, nisbətən uzun fasilə tələb olunan yerdə isə bir-birinə yaxın iki şaquli xətt çək. Əgər bəzi ifadələri düzgün oxumaqda çətinlik çəkirsənsə və hər dəfə lazım olmayan yerdə fasilə edirsənsə, çətin ifadəni təşkil edən sözləri karandaşla bir-birinə bitişdir. Sonra ifadəni əvvəldən axıra kimi oxu. Bir çox təcrübəli natiqlər belə edirlər.
Adətən adi danışıqda fasilələr etmək çətin olmur, çünki adam çatdırmaq istədiyi fikri yaxşı bilir. Ancaq yeri gəldi-gəlmədi eyni intervalla fasilə etmək vərdişin varsa, nitqin zəif və anlaşılmaz olacaq.
Yeni fikrə keçmək üçün edilən fasilə. Bir əsas fikirdən digərinə keçərkən fasilə etsən, dinləyicilərin düşünməyə, yeni fikri gözləməyə, fikrin gedişatının dəyişdiyini anlamağa və növbəti fikri daha aydın başa düşməyə imkanı olacaq. Bir fikirdən digərinə keçərkən fasilə etmək, bir küçədən digərinə dönəndə sürəti yavaşıtmaq qədər vacibdir.
Bəzi natiqlərin fasilə etmədən bir fikirdən digərinə keçmələrinin səbəblərindən biri onların həddən artıq çox materialı əhatə etməyə çalışmalarıdır. Bəzilərinin adi danışıq tərzi belədir. Ola bilsin, onları əhatə edən insanlar bu cür danışır. Ancaq bununla yaxşı öyrətməyə nail olmaq qeyri-mümkündür. Əgər dinləyicilərin eşitmələrini və yadda saxlamalarını istədiyin vacib bir fikri söyləmək istəyirsənsə, onu aydın nəzərə çarpdırmaq üçün kifayət qədər vaxt ayır. Unutma ki, fikri aydın çatdırmaq üçün fasilələr son dərəcə vacibdir.
Əgər plana əsaslanaraq çıxış etməyə hazırlaşırsansa, materialı elə qruplaşdırmaq lazımdır ki, əsas bəndlər arasındakı fasilə aydın görünsün. Əgər hazır mətni üzündən oxuyacaqsansa, əsas bəndlər arasındakı keçidi işarələ.
Fikirlər dəyişərkən edilən fasilələr adətən durğu işarələrinə görə edilən fasilələrdən uzun olur. Ancaq bu fasilələr nitqi cansıxıcı edəcək qədər uzun olmamalıdır. Əgər fasilələr həddən artıq uzun olsa, elə təəssürat oyanacaq ki, pis hazırlaşmısan və nə deyəcəyini fikirləşirsən.
Vurğulamaq üçün edilən fasilə. Vurğulamaq üçün edilən fasilə çox vaxt dinləyicilərin diqqətini cəlb edir və coşğunluqla səsləndirilən sual və ya nəqli cümlədən sonra, yaxud əvvəl gəlir. Belə fasilə dinləyicilərə deyilən sözlər üzərində düşünməyə imkan verəcək, ya da onlarda növbəti fikrə maraq oyadacaq. Bunlar fərqli şeylər olduğundan, onlardan hansına nail olmaq istədiyini müəyyən et. Lakin yadda saxla ki, bu fasilələrdən sözün əsil mənasında əhəmiyyət kəsb edən ifadələri vurğulamaq üçün istifadə etmək lazımdır. Əks təqdirdə həmin ifadələrin dəyəri itəcək.
İsa Nazaret şəhərindəki sinaqoqda Müqəddəs Yazıları ucadan oxuyanda fasilələrdən məharətlə istifadə etmişdi. Əvvəlcə o aldığı tapşırıq haqqında Yeşaya peyğəmbərin tumarından oxudu. Lakin onu izah etməzdən öncə, tumarı bükdü və xidmətçiyə qaytarıb oturdu. Sonra sinaqoqda olanların hamısının gözü onda ikən dedi: «Eşitdiyiniz bu ayələr bu gün yerinə yetdi» (Luka 4:16-21).
Şəraitin tələb etdiyi fasilələr. Hərdən şəraitdən irəli gələrək sözümüzə ara verməli oluruq. Yoldan nəqliyyat keçəndə, yaxud uşaq ağlayanda xidmətdə rastlaşdığın adamla söhbəti dayandırmaq məcburiyyətində qala bilərsən. Çıxış edərkən elə də çox səs-küy olmasa, çıxışı davam etdirmək olar. Ancaq səs-küy güclü olsa və uzun çəksə, fasilə etmək lazım gələcək, çünki dinləyicilər onsuz da qulaq asmayacaq. Buna görə də söyləmək istədiyin dəyərli fikirlərdən dinləyicilərinin tam fayda əldə etməsi üçün fasilələrdən düzgün istifadə et.
Cavab verməyə imkan verən fasilələr. Ola bilər, çıxışın zamanı dinləyicilərin iştirakı nəzərdə tutulmayıb, ancaq onlara sualı ürəklərində cavablandırmağa imkan vermək vacibdir. Əgər dinləyiciləri düşündürən sual qaldırır, amma kifayət qədər fasilə etmirsənsə, həmin sualların dəyəri itəcək.
Sözsüz ki, fasilə etmək təkcə səhnədən çıxış edərkən yox, həmçinin şahidlik edərkən də vacibdir. Bəziləri sanki birnəfəsə danışırlar. Əgər sən də belə danışırsansa, fasilə etməyi öyrənmək üçün cidd-cəhdlə çalış. Bu, sənə başqaları ilə yaxşı ünsiyyət qurmağa kömək etməklə yanaşı, təbliğ xidmətinin də keyfiyyətini artıracaq. Fasilə bir anlıq sükutdur və haqlı olaraq deyilmişdir ki, o, fikri nəzərə çarpdırır, vurğulayır, diqqəti cəlb edir və qulağa dinclik verir.
Gündəlik söhbətlər adətən qarşılıqlı fikir mübadiləsi şəklində olur. İnsanları dinləyib dediklərinə maraq göstərsən, onlar da sənə daha həvəslə qulaq asacaqlar. Buna görə də onlara fikirlərini ifadə etməyə imkan vermək üçün kifayət qədər fasilə etmək lazımdır.
Xidmətdə söhbət şəklində edilən şahidlik daha effektiv alınır. Bir çox Şahidlər fikir vermişlər ki, salamlaşdıqdan sonra danışmaq istədikləri mövzunu bildirib sual vermək daha səmərəli olur. Onlar həmsöhbətlərinin cavab vermələri üçün fasilə edir, sonra onun dediklərini nəzərə alırlar. Müzakirə zamanı həmsöhbətlərinə öz fikrini bildirməyə dəfələrlə imkan yaradırlar. Onlar bilirlər ki, müzakirə olunan məsələyə dair insanın fikrini bilsələr, ona kömək etmək daha asan olacaq
Əlbəttə, verdiyin suallar heç də hamı tərəfindən müsbət qarşılanmayacaq. İsa da belə vəziyyətlə qarşılaşmışdı, ancaq bu, ona mane olmamışdı ki, hətta təqibçilərinin də danışması üçün kifayət qədər fasilə etsin Danışmağa imkan vermək insanı düşünməyə təşviq edir, bunun da nəticəsində onun ürəyindəkilər aşkara çıxa bilər. Xidmətdə nail olmaq istədiyimiz məqsədlərdən biri insanları Allahın Kəlamındakı vacib məsələlərə ürəkdən hay verməyə təşviq etməkdir. Çünki bu məsələlərlə bağlı hər kəs öz qərarını verməlidir
Xidmətdə fasilələrdən düzgün istifadə etmək əsil ustalıqdır. Fasilələrdən yaxşı istifadə edəndə fikirlər daha aydın çatdırılır və adətən uzun müddət yadda qalır.
Dostları ilə paylaş: |