İqtisadi sfera insanların maddi nemətlər istehsal etməsini, bu nemətlərin bölgüsünü, mübadiləsini, istehlakını həyata keçirən fəaliyyəti səhəsidir. Bu sfera insanların maddi həyat şəraitini əhatə edir. Maddi nemətlərin istehsalı üsulunun iki tərəfi, yəni iki tərkib hissəsi mövcuddur – məhsuldar qüvvələr və istehsal münasibətləri. Onların vəhdəti istehsal üsulunu təşkil edir. Məhsuldar qüvvələr və istehsal münasibətləri. Onların vəhdəti istehsal üsulunu təşkil edir. Məhsuldar qüvvələrin tərkibinə istehsal vasitələri və onları hərəkətə gətirmək qabiliyyətinə, vərdişinə və biliyinə malik olan insanlar daxildir. İstehsal vasitələri özündə istehsalı həyata keçirmək üçün nələr lazımdırsa (xammal və materiallar, qurğular, nəqliyyat və s.) hamısını birləşdirir. Bildirilir ki, iqtisadi dövrlərin bir-birindən fərqi onda deyildir ki, “nə istehsal edilir, bundadır ki, necə istehsal edilir, hansı istehsal vasitələri ilə istehsal edilir”. Beləliklə, müəyyən biliyə və vərdişlərə malik olan insanlar və istehsal vasitələri birlikdə cəmiyyətin məhsuldar qüvvələrini təşkil edirlər. Məhz həmin qüvvələr vasitəsi ilə insan (cəmiyyət) təbiətə təsir edir, ondan öz məqsədinə uyğun istifadə edir. Bu prosesdə ətraf mühiti dəyişən insan özünü də dəyişir və inkişaf etdirir. Yeni texniki vasitələri yaradıb, tətbiq etməklə insan həm də istehsalı təkmilləşdirir, məhsuldarlığı artırır.
Maddi nemətlərin istehsalı üsulunun digər tərəfini istehsal prosesində insanlar arasında yaranan münasibətlər təşkil edir. İstehsal münasibətləri maddi nemətlər istehsalı prosesində insanlar arasında yaranan münasibətlər sistemidir. İstehsal münasibətlərinə daxildir: a)istehsal vasitələrinə, xüsusilə əmək alətlərinə əsaslanan mülkiyyət münasibətləri; b)bilavasitə istehsal prosesində yaranan münasibətlər və ya “mübadilə fəaliyyəti” münasibətləri; v)bölgü münasibətləri və ya əmək məhsullarının bölüşməsindən yaranan münasibətlər; q)istehlak münasibətləri. Bütün istehsal münasibətləri sistemində aparıcı və müəyyənedici rol
mülkiyyət münasibətlərinə məxsusdur. Bütün digər münasibətlər ondan asılıdır, onunla müəyyən olunur, hətta istehsal üsulunun növü belə mülkiyyətin növündən asılıdır.
Hər bir ictimai-iqtisadi formasiyanın əsasında məhsuldar qüvvələr, əmək alətləri və predmetləri, onları hərəkətə gətirən və maddi nemətləri istehsal edən insanlar durur. Hər bir ictimai-iqtisadi formasiyanın istehsal münasibətləri həmin formasiyanın bazisini təşkil edir. Bu bazis üzərində cəmiyyətin fəlsəfi, hüquqi, siyasi, əxlaqi, bədii, dini baxışları – üstqurum yüksəlir.
Mülkiyyət bəşər tarixi boyu mövcud olan bütün cəmiyyətlərdə, bütün sosial-iqtisadi quruluşlarda bir ana xətt kimi fəaliyyət göstərmiş və göstərir. O, daim mütərəqqiyə doğru dəyişmiş, formalaşmış və inkişaf etmişdir. O, dərin sosial, iqtisadi, fəlsəfi məzmuna malikdir.
Mülkiyyət dedikdə, bu və ya digər birliyə (ailə, səhmdar cəmiyyəti və s.) daxil olan hər bir insanın qanuni əldə etmiş olduğu nemətlərə sahib olması, istifadə etməsi və üzərində sərəncam verməsi başa düşülür. Müəyyən mülkiyyət forması meydana gəlmədən onun mahiyyətinə uyğun gələn bir cəmiyyət qərarlaşa bilməz. Mülkiyyət münasibətlərinin inkişaf səviyyəsindən asılı olaraq tarixən cəmiyyətin müxtəlif tipləri təşəkkül tapmışdı. Məsələn: icma mülkiyyət münasibətləri ibtidai icma cəmiyyətini, istehsal vasitələri və qullar üzərində xüsusi mülkiyyət tipi quldarlıq cəmiyyətini, feodal mülkiyyət münasibətləri feodalizm cəmiyyət tipini, XV-XVI əsrlərdən etibarən isə istehsalvasitələri üzərində xüsusi mülkiyyətə əsaslanan kapitalist istehsal münasibətləri özünə uyğun olaraq kapitalizm cəmiyyətini formalaşdırmışdır.
Müasir dövrdə cəmiyyətdə mülkiyyət formaları çox müxtəlifdir. Burada əsas yeri xüsusi mülkiyyət, səhmdar mülkiyyəti, dövlət mülkiyyəti, bələdiyyə mülkiyyəti tutur.