Kollaps və şok.
İnfeksion-toksik prosesin təsirindən vazomotor mərkəzin parezi baş verir, qanın xeyli hissəsi dövrandan çıxaraq ürəyə gələn qanın miqdarını azaldır, mərkəzi sinir sistemi, həyat əhəmiyyətli orqanlar qanla az təchiz olunur.
Klinikası – xəstənin ümumi vəziyyəti kəskin pisləşir, zəiflik, soyuqluq, susuzluq və hava çatmamazlığı baş verir. Xəstənin huşu aydın olur, başın aşağı əyilməsi xarakterik əlamətdir. Arterial və venoz təzyiq kəskin azalır, dəri soyuq və yapışqanlı tərlə örtülür, dil quruyur, qusma baş verir. Çox vaxt bu əlamətlər şiddətlənir və xəstə tənəffüsün get-gedə zəifləməsi və huşun itməsi nəticəsində həlak olur.
Şok və kollapsın klinik mənzərələri və formaları eynidir, lakin şok başqa səbəblərdən irəli gəlir. Məsələn, kəskin peritonit, müxtəlif travmalar və yaralanmalar, yanıqlar, çoxlu qanitirmə və müxtəlif zəhərlər şok verə bilər.
Müalicəsi: xəstəyə üfüqi vəziyyət verilməlidir, başını azca aşağı əyib isti çay vermək lazımdır, venaya 10-20 ml 40% qlükoza məhlulu vurulur, karbon qazı ilə nəfəs almaq da yaxşı nəticə verir, oksigen məsləhət deyil, çünki oksigen qan dövranında onsuz da azalmış qan kütləsini daha da azaldır, venaya vurulan məhlullara adrenalin və ya noradrenalin qatılması (böyrəküstü vəzin hormonu) əlverişlidir. Damar dərmanları ilə bərabər ürək preparatları da tətbiq edilməlidir. Bu məqsədlə strofantinin venaya yeridilməsi yaxşı nəticə verir.
Hipertoniya xəstəliyi.
Hipertoniya xəstəliyi müasir təbabətin aktual məsələlərindən biridir. Xəstəliyin baş verməsində arterial qan təzyiqini tənzim edən ali sinir mərkəzlərinin funksional patologiyası, sinir-psixi qıcıqlanmalar, əvvəlcədən keçirilmiş mərkəzi sinir sistemi zədələnmələri, beyin silkələnmələri, iltihab prosesləri, su-duz mübadiləsinin elektrolit balansının pozulması böyük rol oynayır.
Klinikası:
Hipertoniya xəstəliyi orta və yaşlı adamlarda rast gəlinir. Xəstəlik ümumi nevroz əlamətləri ilə müşahidə olunur, ən çox baş ağrısı, ürəkdə ağrı, əsəbilik, yuxunun pozulması, stenokardiya tutmaları qeyd edilir. Eyni zamanda ürəyin sol mədəciyinin böyüməsi və zəifləməsi zamanı gecələr boğulma olur. Beyin damarlarının zədələnməsi üstünlük təşkil etdikdə beyin damarlarının spazmı, qəflətən baş ağrıları, qusma, görmə qabiliyyətinin zəifləməsi, huşun müvəqqəti itməsi, karlıq, bəzən ətrafda ifliclik kimi ciddi ağırlaşma verir. Görmənin pisləşməsi şiddətlənib davamlı korluq verə bilər.
Dostları ilə paylaş: |