Ürəyin işemik xəstəliyi haqqında anlayış. Ürəyin işemik xəstəliyi qan-damar sistemi xəstəlikləri arasında ən geniş yayılmış patologiyadır. Fəaliyyətdə olan ürək əzələsinin arterial qanla təchiz olunmasının pozulması nəticəsində baş verir. İşemik xəstəliyin bütün formalarında koronar qan dövranının bu və ya digər dərəcədə çatışmamazlığı qeyd olunur. Miokard infarktı, stenokardiya, kardioskleroz işemiya nəticəsində inkişaf edir. Bu xəstəlik 45-65 yaşlı kişilər arasında nəzərə çarpır. Əsas səbəbi tac damarların aterosklerozla əlaqədar daralması, onların tıxanması və ya uzun müddət sıxılması nəticəsində koronar qan dövranının pozulmasıdır. Ürəyin işemik xəstəliyinin inkişafına risk amillərindən yaş, irsiyyət, sənət, hipertoniya, şəkərli diabet, piylənmə, papiros çəkmə və s. aiddir. Ürəyin işemik xəstəliyinin aşağıdakı formaları ayırd edilir:
1. qan dövranının birincili dayanması
2. stenokardiya
3. miokard infarktı
4. ürək çatışmazlığı
Kəskin ürək və damar çatmamazlığı. Ürək çatmamazlığı qan dövranı çatmamazlığının ən çox rast gələn formalarından biridir. Normal qan dövranı ürəyin və damarların əlaqəli surətdə işləməsi ilə təmin olunur. Ürək və damar çatmamazlığında arterial və venoz təzyiqin şiddətlə enməsi, venoz qanın kiçik qan dövranına daxil olmasının pozulması ilə və periferik damarların qanla az dolması ilə meydana çıxır. Kəskin damar çatmamazlığı həm xarici, həm də daxili qanaxmalar, intoksikasiya və infeksion xəstəliklər zamanı rast gəlinir. Ürək çatmamazlığında əsas əlamət hərəkət və sakitlik vaxtı tövşümədir. Qan təzyiqinin dəyişməsi maksimal təzyiqin azalması, minimal təzyiqin artması müşahidə olunur. Müalicə tədbirləri görülməsi nöqteyi nəzərindən ürək çatışmamazlığı 2 yerə bölünür:
1. Kəskin ürək çatmamazlığı – ürək astması, ağciyər ürəyi
2. Kəskin damar çatmamazlığı – kollaps, şok.
Ürək astması. Ürək astması boğulma tutmaları ilə xarakterizə olunur. Bu hal sol mədəciyin zəifləməsi ilə əlaqədardır. Sol mədəciyin çatmamazlığı hipertoniya, ateroskleroz, kardioskleroz, aorta qapaqlarının çatmamazlığı, miokard infarktı olan xəstələrdə müşahidə olunur. Xəstələr yuzudan boğulma hissi ilə ayılır və xəstə oturaq vəziyyət almağa məcbur olur, tənəffüs tezləşir və getdikcə çətinləşir, köməkçi əzələlər fəaliyyətə gəlir, tənəffüs uğrunda amansız mübarizə gedir, sianoz, dəridə şiddətli avazıma baş verir, çoxlu yapışqanlı tər ifraz olunur.
Ağciyərlərdə yaş, bəzən fışıltılı xırıltılar eşidilir. Xəstənin bəzən huşu pozulur, arterial təzyiq azalır, nəbz tezləşir.
İlk tibbi yardım zamanı 500 ml qədər qan buraxma, venaya 10 ml qlükozada 0,5 ml strofantin məhlulu yeritmək qan dövranının yükünü azaldır, sol mədəciyin yığılma qabiliyyətini artırır. Ürək nahiyyəsində ağrı olduqda morfi təyin olunur, oksigen balışından istifadə olunur. Nitroqliserin də yaxşı təsir edir.
Ağciyər ürəyi – bu çatmamazlıq ağciyər arteriyasının emboliyası nəticəsində baş verir. Emboliyanı törədən mənbələrdən aşağı ətraf venalarının tromboflebiti, travmanı, sümüyün parçalanmasını, operativ müdaxiləni göstərmək olar.
Aşağıdakı simptomlar nəzərə çarpır:
1. qəflətən baş verən təngənəfəslik
2. şiddətli döş ağrısı
3. ağciyər infarktı zamanı öskürmə
4. sianoz, boyun venalarının şişməsi
5. taxikardiya, zəif puls
6. arterial təzyiqin düşməsi, venoz təzyiqin artması
7. mədə-bağırsaq traktında durğunluq və nəticədə meteorizm və qəbizlik baş verir.
Müalicəsi.
Xəstə yataq rejimini gözləməklə bərabər tənəffüs gimnastikası, ağır hallarda oksigen tətbiq olunur. Dəri altına kamfora, kofein, ağrı kəsici kimi morfi təyin edilir. Venaya qlükoza ilə 1-2 ml miqdarında 12-24% -li eufillin məhlulu vurulması daha yaxşı nəticə verir.