Fəaliyyət Qeyri-səlis məntiq nəzəriyyəsindən əlavə Lütfi Zadə 5 fundamental elmi nəzəriyyə təklif etmişdir: "təəssüratlar nəzəriyyəsi", "sistemlər nəzəriyyəsi", "sözlə işləyən kompyuter nəzəriyyəsi", "optimal süzgəclər nəzəriyyəsi" və "soft kompyutinq".
Lütfi Zadənin elmdə Z-çevirmə kimi tanınan işi diskret və rəqəmli idarəetmə, informasiya və kommunikasiya sistemlərinin yaradılmasının əsasını qoymuş elmi nəzəriyyədir. Onun məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarə olunma və müşahidə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.
Lütfi Zadənin qeyri-səlis məntiqini obrazlı şəkildə belə izah etmək olar: "Aristotel məntiqi" ilə mühakimə yürüdən beyin dünyanı yalnız ağ və ya qara rəngdə qavrayır, "Zadə məntiqi" isə dünyanı bütün çalarları ilə qavramağa imkan verir. Çünki, "Aristotel məntiqi" ikili (binar) məntiqdir, "Zadə məntiqi" çoxmənalı (kəsilməz qiymətli) məntiqdir. Aristotelə görə, bir müddəa ya doğru, ya da yalan ola bilər. Lütfi Zadəyə görə, hər bir müddəanın doğruluq dərəcəsi doğru və ya yalan arasında (və ya sıfırla bir arasında) kəsilməz qiymətlər alır. "Zadə məntiqi"ndə real həyatı daha dürüst inikas etmək qabiliyyəti var, bu məntiqdə tolerantlıq daha çoxdur. Düz 20 il Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməyən qeyri-səlis məntiq nəzəriyyəsi, nəhayət, 1980-ci illərdə yapon alimləri tərəfindən böyük maraqla qarşılanmışdır
2013-cü ilin 19-20 iyun tarixlərində Madrid şəhərində İspaniyanın BBVA (Banco Bilbao Vizcaya Argentaria, S.A.) fondunun elm və mədəniyyət sahəsi üzrə təsis etdiyi mükafatların təqdimetmə mərasimi keçirilib. Fond tərəfindən İnformasiya-Kommunikasiya Texnologiyaları kateqoriyasında Lütfi Zadə 400 min avro dəyərində mükafata layiq görülüb[5].
2016-cı ildə Lütfi Zadənin nəzəriyyəsi əsasında yapon alimləri tərəfindən ilk dəfə olaraq süni-intellektə malik robot hazırlanıb Alter adlı robot Tokiodakı Beynəlxalq Elm Muzeyində sərgilənib
Hər bir azərbaycanlının qürur mənbəyi olan görkəmli azərbaycanlı alim Lütfi Zadənin adı dünyanın elm tarixinə qızıl hərflərlə həkk olunub. Lütfi Zadənin elmi kəşfləri, elmi ideyaları bəşəriyyətin inkişafına, insanların rahatlığına, rifah halını yaxşılaşdırmağa xidmət edən elmi ideya və kəşflərdir. Bütün dünyada, xüsusilə vətənində - Azərbaycanda L.Zadəyə böyük diqqət göstərilir, önəm verilir. Təsadüfi deyil ki, 2011-ci ilin fevralında Prezident İlham Əliyevin Sərəncamı ilə dünya şöhrətli alim texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib. 90 illik yubileyi ilə əlaqədar yüksək səviyyədə bir sıra tədbirlər keçirilib. Bundan əlavə, Lütfi Zadə haqqında "Müasir elmin korifeyi" (müəlliflər - Fərhad Tağıyev, Şamxəlil Məmmədov), "Dünya dahilərsiz yaşaya bilmir" (müəllif - Möhbəddin Səməd) adlı kitablar yazılıb , "Uzaq və yaxın Lütfi Zadə" (quruluşçu rejissoru - Oqtay Babazadə, ssenari müəllifi - Möhbəddin Səməd) sənədli filmi çəkilib, Lütfi Zadə irsi və Süni İntellekt Assosiasiyası, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyası yaradılıb.
Dostları ilə paylaş: |