İşıq şüalanması – nüvə partlayışı zamanı meydana çıxan od kürəsinin saçdığı gözəgörünən ultrabənövşəyi və infraqırmızı güclü şüalanma selidir. Təsir müddəti nüvə yükünün gücündən asılı olaraq 10-20 saniyədir. İşıq şüalanmasının zədələyici təsiri işıq impulsundan, yəni işıq şüalarına nisbətən şaquli yerləşmiş səthin hər bir sm2 –nə bütün şüalanma ərzində düşən işıq enerjisinin miqdarından asılı olur. İşıq impulsunun ölçü vahidi olaraq kC/m2 və yaxud kal/ sm2 qəbul edilmişdir. Təsirinin qısa müddətdə olmasına baxmayaraq işıq şüalanması xeyli uzaq məsafələrdə bədənin açıq yerlərində yanıqlara, gözlərin müvəqqəti və ya daimi korluğuna müxtəlif materialların alovlanmasına, yaşayış məntəqələrində, meşələrdə, mədənlərdə, yanğınlara səbəb ola bilər. İşıq impulsunun miqdarından asılı olaraq insanlar müxtəlif dərəcəli yanıqlar ala bilər:
I dərəcəli yanıqlar işıq impulsu 80-160 kC/m2 olarkən əmələ gəlir və bu zaman dərinin qızarması baş verir;
II dərəcəli yanıqlar işıq impulsu 160-400 kC/m2 olarkən baş verir və bu zaman dəridə suluqlar əmələ gəlir.
III dərəcəli yanıqlar işıq impulsu 400-600 kC/m2 olarkən əmələ gəlir və bu zaman dərinin ölməsi baş verir.
IV dərəcəli yanıqlar işıq impulsu 600 kC/m2 yuxarı olarkən əmələ gəlir və bu zaman damarların və sümüyün yanması baş verir.
İnsanların aldığı yanıqların dərəcəsi işıq şüalanmasının miqdarından, paltarın növündən, kipliyindən və rəngindən asılıdır. İşıq şüalanması qeyri-şəffaf materiallardan (divar, taxta, bina və s.) keçə bilmir. İşıq şüalanmasının təsiri metereoloji şəraitdən çox asılı olur. Qatı duman, yağış və qar onun təsirini 10-20 dəfə zəiflədir. Sığınacaq və daldalanacaqlar işıq şüalanmasının təsirindən qorunmaq üçün ən etibarlı yerlərdir.
Nüfuzedici radiasiya –nüvə partlayışı anında qəza partlayış yerindən ətrafa yayılan,gözə görünməyən γ şüalar neytron selindən ibarətdir. Nüfuzedici radiasiya nüvə partlayışından sonra cəmi 10-15 saniyə ərzində mühafizə olunmamış canli orqanizmlərə təsir edir. O gözə görünmür, hiss edilmir, uzaq məsafələrə yayılaraq insanların zədələnməsinə səbəb olur. Udulan dozadan şüa xəstəliyi yaranarsa – xəstəliyin əlamətləri hərarətin artması, ürək bulanması, mədənin pozulması, selikli qişalarda qanaxmanın baş verməsidir. Şüa xəstəliyinin 3 dərəcəsi mövcuddur.
- I dərəcəli şüa xəstəliyi – şüalanma dozası 100-200 R olarkən baş verir və xəstəliyin gizli inkişaf dövrü 3həftəyədək davam edir.
- II dərəcəli şüa xəstəliyi – şüalanma dozasi 200-400 R olarkən baş verir və xəstəliyin gizli inkişaf dövrü bir həftəyədək davam edir.
- III dərəcəli şüa xəstəliyi - şüalanma dozası 400-600 R olarkən baş verir və xəstəliyin gizli inkişaf dövrü bir neçə saat təşkil edir.
Nüfuzedici radiasiyanın təsiri udulan doza ilə qiymətləndirilir və Qrey (Qr), rentgen (R) və rad ölçü vahidləri ilə ölçülür: 1 Qr = 100 rad, 1 R = 0,95 rad. Müxtəlif sıx və qalın materiallardan keçərkən nüfuzedici radiasiyanın təsiri zəifləyir.Bəzi materialların radiasiyanı yarıyadək zəiflətmə qabiliyyəti var. Məsələn, poladın – 3 sm, betonun – 10 sm, torpağın – 14 sm, suyun – 23 sm, ağacın – 30 sm qalınlığı nüfuzedici radiasiyanı iki dəfə zəiflədir. Belə ki, radiasiya dozasını üstü örtülmüş xəndək 40 dəfə, mühafizə üçün uyğunlaşdırılmış zirzəmi 400 dəfə zəiflədir. Neytron seli tərkibində hidrogen olan maddələrdə (su, parafin, beton və s. ) daha çox zəifləyir.