5. Radiasiya kəşfiyyatı və nəzarət ölçü cihazlarının iş prinsipi və istifadə qaydaları. MM sistemində dozimetriyanın əsas vəzifəsi müxtəlif radiasiya vəziyyəti şəraitində əhalinin MM qoşunları və hərbiləşməmiş dəstələrinin fəaliyyətini təmin etmək və bu şüalanmaların onlar üçün yaratdığı təhlükənin dərəcəsini qiymətləndirməkdir.
Dozimetrik caihazları – onların təyinatına, vericisinin tipinə, ölçülən şüalanmanın növünə və cihazın sxeminin çevirdiyi elektrik siqnalların xarakterinə görə təsnif etmək olar.
Təyinatına görə bütün cihazlar aşağıdakı qruplara ayrılır:
İndiqatorlar – radiasiya kəşfiyyatı üçün ən sadə cihazdır. Bu cihazlar vasitəsilə şüalanmaları aşkar etmək, beta və qamma şüalanma dozalarının gücünü təxmini qiymətləndirmək mümkündür. Cihazlar işıq və ya səs siqnalı verən sadə elektrik sxeminə malikdir. İndiqatorlar vasitəsilə doza gücünün artdığını və ya azaldığını təyin etmək olar. Cihazların bu qrupuna DP-63, DP-63A, DP-64, CİT-350,CİT-650 indeqatorları aid edilir.
Rentgenmetrlər – rentgen şüalarının və ya qamma şüalanma dozalarının gücünü ölçmək üçündür. Belə cihazların ölçmə diapazonu rentgenin yüzdə bir qismindən bir neçə yüz rentgen saata (R/saat) qədərdir. Bu cihazlardan verici olaraq ionlaşma kameraları və qaz boşalma sayğacları tətbiq edilir.
Rentgenmetrlər DP-3, DP-3B, DP-5A,B,V, İMD-21, İMD-1 və s. belə cihazlardır.
Radiometrlər – müxtəlif səthlərin avadanlığın texnikanın paltarın, havanın əsasən alfa və betta hissəciklərlə radioaktiv zəhərlənməni aşkar etmək və bu zəhərlənmənin dərəcəsini təyin etmək üçündür. Radiometr vasitəsilə az səviyyəli şüalanmanı ölçmək mümkündür. Bu cihazlar daha çox yayılmış və geniş tətbiq olunur. Universal bazalı QBR -3, SRP-68-01, KRK, KRBP, “LUÇ-A”, betta qamma radiometri, “Tiss” radiometri, DP-100M, DP-100ADM radiometrik qurğuları və s. belə cihazlardır.
Dozimetrlər – zəhərlənmiş rayonda fəaliyyət göstərən bütün müddət ərzində şəxsi heyətin aldığı ümumi şüalanma dozalarını təyin etmək üçündür. Fərdi dozimetrlər kiçik ölçülü ionlaşma kamerasından və plyonkalı fotokasetdən ibarətdir. Kameralar komplektindən və doldurma – ölçmə tərtibatından ibarət cihaz dəstinə - fərdi dozimetrik nəzarət komplekti deyilir. DK-02, DP-22V, DP-24, İD-1 və s. cihazlar fərdi dozimetrlər komplektləridir.
Ölçülən şüalanmanın növünə cihazları γ – şüalanma ölçən, β və α hissəcikləri ölçən cihazlara ayırmaq mümkündür. Cihazın sxemində çevrilən siqnalların xarakterinə görə dozimetrik qurğular iki qrupa ayrılır.
Birinci qrupa elə cihazlar aid edilir ki, burada nəzarət edilən şüalanmaların hissəcikləri və ya fotonları detektor vasitəsilə qısa, ardıcıl elektrik siqnallarına çevrilir. Bu qrup cihazların elektrik sxemi çevirici və impuls gücləndirici rolunu oynayır.
İkinci qrup dozimetrik cihazlarda isə cihazın dedektoru ona təsir göstərən şüalanmaları fasiləsiz sabit cərəyana çevrilir. Belə halda cihazın sxemi sabit cərəyan gücləndirici və çevirici rolunu oynayır. Müasir dozimetrik cihazların demək olar ki, hamısı ionlaşdırma metodu əsasında işləyir. Cihazların əsas qovşaqları aşağıdakılardan ibarətdir:
Vericilərin əsas tərkib hissəsi olmaqla, dedektorlar, yəni ionlaşma kameraları, qazboşalma sayğacları və ya ssintillyatorlar;