2. Zəhərləyici maddələrin (ZM) orqanizmə təsirinin xarakterinə görə növləri. Orqanizmə təsirinin xarakterinə görə Zm aşağıdakı qruplara ayrılır: sinir-iflicedici, dərideşici (dəridə yara çıxaran), boğucu, ümumi zəhərləyici, psixokimyəvi, qısıqlandırıcı, toksinlər.
Sinir – iflicedici təsirli ZM - zarin, zoman və V(x) - qazları mərkəzi sinir sisteminin zəhərlənməsinə səbəb olur. Bu ZM öldürücü təsirlidir. Onlar rəngsiz və ya sarımtıl məhlullar olub, demək olar ki, iysizdir,üzvi əridicilərdə yaxşı, suda isə pis həll olurlar. Yay vaxtı ərazini zarin damcıları 8 saata, zoman isə 24 saatadək müddətə zəhərləyə bilər. Zarinin buxarları havadan 4,77 dəfə, zomanınkı isə 6,33 dəfə ağırdır. Zarin tənəffüs üzvləri, dəri, ağız boşluğu vasitəsilə orqanizmə daxil olur, maye - damcı və buxar halında tətbiq edilərkən dərini zədələmədən orqanizmə qəbul edilir. Zarinin təsirindən ağız suyu ifrazı, çoxlu tərləmə, qusma, başgicəllənmə, şüurun itməsi, güclü qıcolma tutmaları, iflic və güclü zəhərlənmənin nəticəsi kimi ölüm baş verə bilər.
Zoman əsas xüsusiyyətlərinə görə zarinə oxşayır. Dayanıqlığı zarinə nisbətən bir qədər yüksəkdir, insan orqanizminə zarindən 10 dəfə güclü təsir göstərir. Zomanın (zarinin) davamlığı ərazidə yayda bir neçə saat, qışda - 2günə qədər olur.
V(x) - qazları yüksək qaynama temperaturuna malik, az uçucu mayedir, ona görə də onun davamlığı zarindən çox-çox yüksəkdir. V(x) - qazlarının insan dərisinə düşmüş bir neçə kiçik damcısı insanın ölümünə səbəb olur. V -qazları, zoman, zarin davamlı ZM - dir.
Sinir-iflicedici ZM - lə zədələnmişlərə ilk növbədə əleyhiqaz geydirilir, fərdi apteçkadakı şpris-tyubikdə olan antidot (afin) yeridilir və zədələnmiş ərazidən uzaqlaşdırılır.
Dərideşici (dəri zədələyən) ZM –elə zəhərli birləşmələrdir ki, onlar hətta ən cüzi miqdarda bədənin dəri örtüyünü zədələyə bilərlər. İprit ölümcül təsirli ZM - dir. Kimyəvi təmiz iprit - zəif iyli şəffaf, texniki iprit – tünd rəngli, xardal və ya sarımsaq iyi verən məhluldur. İprit üzvi əridicilərdə yaxşı, suda isə pis həll olur, müxtəlif laklı-boyalı örtüklərə və məsaməli materiallara yaxşı hopur. İprit maye - damcı və aerozol halında döyüş məqsədilə tətbiq olunur. Ərazi uzun müddət: yayda - 7sutka, qışda bir neçə həftə zəhərli qalır. İprit suda yavaş hidroliz olunur və neytrallaşır. Xlorlu əhəng, xloraminlər və sulfidlər ipriti tez zərərsizləşdirir. Dəri zədələnmələri I, II, III dərəcəli. İprit davamlı ZM - dir.
Zədələnmənin olmaması və zədələnmə dərəcəsini azaltmaq üçün əleyhqaz və mühafizə geyimindən başqa, vaxtında hissəvi sanitar təmizləmə də böyük rol oynayır. İpritlə zədələnmə ocağında sanitar proseslər uzun müddət davam edir. Tibbi xidmət dəstələrinin şəxsi heyəti tibbi yardımı əleyhqazda və mühafizə geyimində aparmalıdır .