5. Güclü təsirli zəhərləyici maddələr (GTZM), onların fiziki, kimyəvi xassələri, deqazasiya edilməsi üsulları.
Güclü təsirli zəhərləyici maddələr (GTZM) və qəza təhlükəli kimyəvi maddələrin (QTKM) sənayenin müxtəlif sahələrində istehsalının həcmi gündən-günə artır. Belə bir şəraitdə bizi istehsalatda və məişətdə 100-dən çox GTZM əhatə edir. Respublikamızın təsərrüfatlarının bir çox obyektlərində GTZM – dən ya bilavasitə istehsalat məqsədləri üçün, ya da istehsalatla əlaqədar olan müxtəlif proseslərin təmin edilməsi üçün istifadə edilir. Düşmənin nüvə və ya adi silahla havadan zərbələri nəticəsində yaranan qəzalar zamanı kimyəvi obyektlərə GTZM-in ətrafa yayılmasi mümkündür. Kimyəvi təhlükəli obyektlərə aşağıdakı obyektlər aid edilir:
Kimya, neft emalı, neft kimyası sənayesinin və onlarla əlaqədar olan digər sənaye sahələrinin müəssisələri;
Suyu təmizləmək üçün xlordan istifadə edilən su kəməri və sutəmizləmə qurğuları;
Soyuducu maddə kimi ammonyakdan istifadə olunan soyuducu qurğulara malik müəsisələr və ilk növbədə yeyinti, meyvə tərəvəz, ət – yağ sənayesi, balıq sənayesi sahələrinin, ərzaq ehtiyatlarını saxlayan idarələrin soyuducu qurğuları və bazaları;
GTZM daşınan nəqliyyat vasitələrinin dayanması üçün xüsusi yolları olan dəmiryol stansiyaları;
Taxıl və taxıl məmulatları anbarlarının dezinfeksiya və deratizasiya edilməsi üçün ZM ehtiyatı saxlanılan xüsusi anbar və bazalar;
Kənd təsərrüfatında işlədilən kimyəvi təsirli maddələr ehtiyatı saxlanılan anbarlar və bazalar.
İqtisadiyyatda ən çox işlədilən bəzi güclü təsirli – qəza təhlükəli kimyəvi maddələri nəzərdən keçirək.
Ammonyak – boğucu, kəskin naşatr iyli, rəngsiz qazdır, həll olma həddi 0,037 mq/l –dir, dadı çox acıdır, havadan yüngüldür. Ammonyak yuxarı tənəffüs yollarına və gözlərə qıcıqlandırıcı təsir göstərir. Ammonyakı zərərsizləşdirmək üçün 1/20 nisbətində sudan istifadə edilir. Sinir sisteminə təsir edir. Ammonyakla zəhərlənmiş insanlara “KD” və ya “M” markalı sənaye əleyhqazı geydirilir, yüksək konsertrasiyalarda – izolyasiya edici əleyhqaz geyindirilir. Əgər zədələnmiş insanda tənəffüz çətinləşərsə və ya dayanarsa, süni tənəffüs verilir. Ammonyak mədəyə düşərsə, hər stakana bir çay qaşığı sirkə qarışdırılmış bir neçə stakan isti su verilir və qusmaya məcbur edilir.
Xlor – kəskin boğucu iyli, göyümtül – sarı qazdır. Havadan 2,5 dəfə ağırdır. Su təchizatı və kanalizasiya sistemlərinin təmizləyici qurğularında, içməli və tullantı suların təmizlənməsi və zərərsizləşdirilməsi üçün işlədilir. Xloru neytrallaşdırmaq üçün 1/120 nisbətində sudan istifadə olunur.
Xlorpikrin – kənd təsərrüfatı zərərvericiləri ilə mübarizə və dezinfeksiya məqsədləri üçün taxıl, un və digər ərzaq anbarlarının təmizlənməsi əleyhqazların sazlığının yoxlanması üçün işlədilir. Xlorpikrin kəskin iyli, rəngsiz, yağlı mayedir. Xlorpikrin buxarları gözlərin selikli qişasını, ağciyərləri güclü surətdə, yuxarı nəfəs yollarını azacıq qıcıqlandırır.