3. Təlim prosesində psixi inkişafın səviyyəsi və “inkişafın yaxın zonası”nın nəzərə alınması. Təlimin optimallaşması üçün birinci növbədə şagirdlərdə psixi inkişafın səviyyəsi nəzərə alınmalıdır. Lakin ilk baxışda asan görünən bu məsələ daim mübahisələrə səbəb olmuşdur, təlim və psixi inkişafın qarşılıqlı əlaqəsi məsələsi həmin sahədə tədqiqat aparan alimlər tərəfindən müxtəlif istiqamətlərdə şərh olunmuşdur.
Vaxtilə Alman alimi V.Ştern belə bir müddəanı əsas tuturdu ki, təlim inkişafın ardınca gedir və ona uyğunlaşır. Bu fikrin əksinə olaraq görkəmli rus alimi L.S.Vıqotski təlim və tərbiyənin uşağın psix inkişafında həlledici rolunu göstərmişdir. Onun fikrincə, təlim inkişafdan irəli gedir və onu öz arxasınca aparır. Məşhur İsveçrə psixoloqu J.Piaje bu məsələdə V.Şternə uyğun mövqe tutmuşdur. O belə hesab edirdi ki, uşağın psixi inkişafı özünün daxili qanunlarıəna malikdir. Onun fikrincə təlim inkişafa heç bir əsaslı təsir göstərə bilməz. Ona görə də təlim inkişafa uyğunlaşmalıdır.
Məşhur Amerika psixoloqu C.Bruner bu məsələdə tamamilə başqa mövqe tutmuşdur. O, təlimin inkişafdakı rolunu həddindən artıq şişirtmişdir.
L.S.Vıqotskiyə görə təlim inkişafın əsas amilidir.
Təlimin həmişə inkişafdan qabaqda getməsi və onu öz arxasınca aparması fikrini əsas götürən L.S.Vıqotski təlimlə əlaqədar baş verən əqli inkişafın iki səviyyəsini və ya zonasını müəyyən etmişdir. Birinci səviyyəni inkişafın fəal, aktual zonası adlandırmışdır. Bu zonaya malik olan şagird gündəlik dərsləri, verilmiş təlim tapşırıqlarını müstəqil surətdə yerinə yetirir, özü başqasının köməyi olmadan dərsdə müvafiq misallardan istifadə edir.
Əqli inkişafın ikinci səviyyəsində isə uşaq bir növ yaşlıların, müəllimin köməyi ilə daha yüksək nailiyyətlər əldə edə bilir. L.S.Vıqotski bu inkişaf səviyyəsini “inkişafın yaxın zonası”adlandırmışdır.
Təlim öz səmərəli nəticəsini vermək və şagirdlərin əqli inkişafına əsaslı təsir göstərmək üçün məhz “inkişafın yaxın zonasına” uyğun təşkil olunmalıdır. Təlimin məzmunu, forma və vasitələrini seçərkən bu tələb birinci tələb kimi nəzərə alınmalıdır.
Bununla yanaşı təlim fəaliyyətinin səmərəliliyini təmin etmək üçün şagirdlərin mənimsəmə imkanlarının aşkara çıxarılması da ən zəruri şərtlərdəndir. Şagirdlərin mənimsəmə imkanlarınınb aşkara çıxarılmasında yaş həssaslığı haqqında psixologiyada toplanmış məlumatların əhəmiyyəti böyükdür. Uşağın inkişafının ayrı-ayrı mərhələlərində psixikanın bu və ya gigər istiqamətdə inkişafı üçün daha əlverişli şərait yaranır. Görünür psixi fəaliyyətin ayrı – ayrı dövrlərinin olması və güclənməsi üçün optimal vaxt mövcuddur. Bu cür yaş dövrləri optimal olarsa həmin dövrlər senzitiv (lat.Həssaslıq) dövrlər adlandırıla bilər