.Təlimin strukturuna dair D.B.Elkonin və V.V. Davıdovun konsepsiyası.
Təlimin psixoloji strukturu ilə bağlı olaraq diqqəti cəlb edən konsepsiyalardan biri də D.B.Elkonin və V.V.Davıdovun konsepsiyalarıdır. Onların konsepsiyalarına görə hər cür təcrübəyə yiyələnmək (istər konkret və ümumiləşmiş, istər idraki, istərsə də emosional olsun) “mənimsəmədən” ibarətdir.
Onların fikrincə, təlim fəaliyyətinin birinci ilə bağlı olan ikinci mühüm xüsusiyyəti ondan ibarətdir ki, burada tək-tək praktik anlayışlar və ya işlər deyil, məhz elmi biliklər və ümumi fəaliyyət tərzləri mənimsənilir.
Nəhayət, təlim fəaliyyətinin üçüncü mühüm fərqləndirici əlaməti ondan ibarətdir ki, ümumi fəaliyyət tərzləri ya şagirdlərə hazır verilir, ya da konkret məsələni həll edənə qədər onların özləri tərəfindən müstəqil araşdırılır.
Onların fikrincə təlim fəaliyyəti bir – biri ilə qarşılıqlı şəkildə bağlı olan aşağıdakı komponentlərə malikdir: 1) təlim şəraiti və vəzifələri, 2) təlim işləri, 3) mənimsüəmə səviyyəsini qiymətləndirmə ilə bağlı işlər. Təlim şəraiti və vəzifələri onunla xarakterizə olunur ki, burada şagirdlər ümumi fəaliyyət tərzləri və onları mənimsəməyin məqsədi, eləcədə müəyyən tip məsələni həll etməyin ümumi yollarını tapmaq üçün zəruri olan nümunə və göstərişləri mənimsəməklə bağlı tapşırəq alırlar.
Təlim işləri – şagirdlərin elmi anlayışlar və fəaliyyətin ümumi tərzlərini, eləcə də onları yada salmaq və xarakterik məsələnin həllinə tətbiq etmək yollarını almaq və ya tapmaqla bağlı işlərdən ibarətdir. Nəzarət işləri də öz təlim işlərinin nəticələrini verilmiş nümunəyə əsasən ümumiləşdirməyə yönəldilmiş işlərdir.
Qiymətləndirmə işləri verilmiş elmi biliklər və məsələnin həllinin ümumi yollarının mənimsənilməsinin son keyfiyyətini qeydə alır.
V.V.Davıdovun irəli sürdüyü nəzəri ümumiləşdirmə konsepsiyası zamanı, o belə hesab edirdi ki, əqli əməllərin ümumiləşdirilmiş üsulunun öyrənilməsi iştirakçılarda məzmun xarakerli mücərrədləşdirmə və ümumiləşdirmə ilə bağlıdır, onların nəzəri anlayışları mənimsəmələri ilə əlaqədardır.
V.Davıdovun qənaətincə empirik təfəkkürün səciyyəvi cəhəti ondan ibarətdir ki, o obyektlərin yalnız zahiri əlaqələrini əks etdirmək və məfhumların daxili mahiyyətinə varmağa qabil deyil. Bu, bizim məişətdə gündəlik həyatımızda istifadə etdiyimiz təfəkkür tipidir. Ona induktiv əqli nəticə yolu, yəni konkretdən mücərrədə varmaq xasdır. Nəzəri təfəkkür obyektlərin daqxili əlaqələrini və onların inkar qanunlarını əks etdirir. Ona deduktiv əqli nəticə, yəni mücərrəddən konkredə gedən yol xasdır.
Müasir məktəbdə nəzəri təfəkkür, bir qayda olaraq formalaşdırılmır. Məhz bu vəziyyəti V.Davıdov düzəltməyi təklif etdi. O, bunu eksperimental proqramlar vasitəsilə həyata keçirməyi tövsiyyə edir.
Eksperimental proqramların digər proqramlardan fərqi ondan ibarətdir ki, uşaqlar əvvəldən bu və ya digər bilik sahəsinə aid anlayışların yaranma qanunları ilə tanış olurdular. Müəllimin rəhbərliyi ilə müəyyən əşyavi əməlləri yerinə yetirərkən iştirakçılar obyektlərin elə müəyyənedici xüsusiyyətlərini aşkar edir və qeydə alırdılar ki, bu sinfə istənilən tapşırığı həll etməyə imkan verirdi. O, göstərirdi ki, bu əməllərin yerinə yetirilməsi dörd mərhələdən keçir:
Uşaqlar müəllimin təklif etdiyi çalışma ilə tanış olur, ona bələdləşirlıər
Verilən tapşırıq növünü həll etməyə xidmət edən mənimsəmə yoluna yiyələnirlər ki, bu da tapşırıqda müəyyənedici əlaqələri aşkar edir.
Bu əlaqə (münasibət) hər hansı model şəklində qeydə alınır
Əlaqənin (münasibətin) tapşırığın həllinə aparıpb çıxaran şərt və vasitələr aydınlaşdırılır.
Bu sistemdə müəllimin təməl metodik vəzifəsi şagirdlərə öyrənilən əlamətin özlərinin kəşf edə biləcəkləri və imkan verən qrammatik materialı öyrətməkdir. Təlimin belə üsulları uşaqların intellektual inkişafını kəskin şəkildə stimullaşdırır. Materialın nəzərə çarpan çətinliyinə baxmayaraq, uşaqlarda səhvlər xeyki aşağı düşür, təlimin effektivliyi isə dəfələrlə artır.