Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ


MÖVZU 7. TƏLİM FƏALİYYƏTİ VƏ PSİXİ PROSESLƏR



Yüklə 255,76 Kb.
səhifə16/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
1   ...   12   13   14   15   16   17   18   19   ...   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)

MÖVZU 7. TƏLİM FƏALİYYƏTİ VƏ PSİXİ PROSESLƏR
PLAN:

1.Psixi proseslərin inkişafında təlim fəaliyyətinin aparıcı rolu
2.Tədris prosesinin təşkili zamanı psixi proseslərin qanunauyğunluqlarının nəzərə alınması
4. Təlim prosesində psixi inkişafın səviyyəsi və “inkişafın yaxın zonası”nın nəzərə alınması


Ə D Ə B İ Y Y A T

1.Həmzəyev M.Ə. Pedaqoji psixologiya. Bakı., “Maarif” 1991
2.Əliyev B, Əliyeva K.. Cabbarov R.Pedaqoji psixologiya. Dərslik. Bakı., 2011
3.Əliyev B.J.Piajenin nəzəriyyəsinin təlim fəaliyyəti üçün əhəmiyyəti. Bakı., 1996
4. Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri. Bakı, “Ozan”, 1998
5.Əlizadə Ə.Ə., Əlizadə H.Ə. Pedaqoji psixologiya. Bakı., 2010
6. Həmzəyev M.Ə. Yaş və pedaqoji psixologiyanın əsasları. Bakı., 2002
7.Qasımova L.N., Mahmudova R.M. Pedaqogika. Bakı., 2003


1.Psixi proseslərin inkişafında təlim fəaliyyətinin aparıcı rolu

Təlim fəaliyyətinin psixi proseslərlə sıx əlaqəsi vardır. Bir tərəfdən təlim fəaliyyəti bütövlükdə şagirdlərdə psixikanın inkişafına təsir etdiyi kimi, psixi proseslərin inkişafında da həlledici rol oynayır. Təlim fəaliyyəti şagirdlərin psixi proseslərinin bütün növlərinin qarşısına yüksək tələblər qoyur. Digər tərəfdən təlim fəaliyyətinin, tədrisin təşkilində psixi psixi proseslərin qanunauyğunluqlarının nəzərə alınması xüsusi əhəmiyyət kəsb edir. Bu cür qarşılıqlı təsirin xüsusiyyətlərini bilmək təlim fəaliyyətinin idarə olunmasının mühüm şərtlərindən biridir.


Təlim fəaliyyəti şagirdlərin psixi proseslərinin bütün növlərinin qarşısına yüksək tələblər qoyur.Təlim prosesinin müvəffəqiyyəti üçün diqqətin, qavrayışın, hafizənin, təfəkkürün, təxəyyülün, hisslər və iradənin yüksək inkişaf etməsinin zəruriliyini sübut etməyə ehtiyac yoxdur. Şagirdlərin təlim fəaıiyyətində mühüm rol oynayan həmin psixi proses və halətlərin özləri də təlim prosesinin özündə təşəkkül tapır və inkişaf edir.
Adətən, təlim prosesində şagirdlərin fəallığını birinci növbədə onların diqqətlilik səviyyəsi ilə ölçürlər. Bununla yanaşı, diqqətin inkişafında təlim fəaliyyətinin geniş imkanları vardır. Diqqət elə həmin prosesin özündə təşəkkül tapır. Təlim fəaliyyətinin ixtiyari diqqətin tərbiyəsi üçün xüsusilə böyük əhəmiyyəti vardır. Dərsdə şagirdlərin qarşısına müəyyən məqsəd qoymaq və onları həmin məqsədin üzərinə cəmləşdirməyi tələb etməklə müəllim onları ixtiyari olaraq tələb olunan məsələ üzərinə yönəltməyə alışdırır. Diqqətli olmadıqda müəllimin tələblərini yerinə yetirə bilmədiyini hiss edən şagird öz diqqətini ixtiyari olaraq obyektin üzərinə yönəldir.
Psixoloqlar artıq çoxdan sübut etmişlər ki, dərsdə şagirdlərin diqqətinin cəlb olunması və saxlanmasında, bununla yanaşı həmişə diqqətli olmağın onlarda şəxsiyyətin keyfiyyəti kimi tərbiyə edilməsində tədris prosesinin düzgün təşkili böyük rol oynayır. Ümumiyyətlə, təcrübəli müəllim təlim prosesində şagirdlərin diqqətini səfərbərliyə almaqla onun inkiçafını təmin etmiş olur
Tədris prosesində şagirdlərin diqqətinin inkişafına materialın məzmununun və çatdırılma yollarının düzgün seçiməsi əsaslı təsir göstərir. Adətən uzun sürən, yaradıcı olmayan tədris işləri diqqəti nəinki inkişaf etdirmir, əksinə onun mərkəzləşməsini zəiflədir, şagirdləri diqqətsizliyə alışdırır. Bu mənada, xüsusilə aşağı siniflərdən başlayaraq müxtəlif növlü və formalı işlərin tətbiq olunması şagirdlərdə zehni fəallığı artırmaqla, onlarda diqqətin inkişafına əsaslı təsir göstərir.
Diqqətin öyrənilməsi sahəsində görkəmli tədqiqatçı kimi tanınmış psixoloq N.F. Dobrınin belə bir cəhəti əsaslandırmışdır ki, biz təlim prosesində şagirdlərdə ixtiyari diqqəti tərbiyə edə bilərik və etməliyik. Bunun üçün birinci növbədə onlarda ixtiyari və iradi cəhdi inkişaf etdirmək lazımdır. Bununla əlaqədar S.L.Rubinşteyn də qeyd edir ki, ixtiyari diqqətin inkişafı uşaqlarda iradi keyfiyyətlərin formalaşması ilə sıx şəkildə bağlı olan mühüm tələbatlardan biridir. Buradan belə bir nəticəyə gəlmək olur: təlim fəaliyyəti elə qurulmalıdır ki, şagirdlərdə iradi cəhdin təzahürünə imkan yaransın. Belə olduqda təlim fəaliyyəti diqqətin, xüsusilə iradi diqqətin inkişafına təkan verə bilər.
Təlim materialının mənimsənilməsi onun qavranılmasından başlanır. Ona görə də şagirdlərdə qavrayışın inkişafı təlim fəaliyyətinin müvəffəqiyyətində əsaslı rol oynayır.Qeyd etmək lazımdır ki, qavrayışın ixtiyari növü olan müşahidənin formalaşmasına təlim fəaliyyəti əsaslı təsir göstərir. Müşahidə - obyektlərin dərk olunması üçün onların məqsədəyönəlmiş, planlı qavranılmasından ibarətdir. Təlim fəaliyyətində isə şagirdlər daima tədris materialını bu cür qavramağa yönəldilirlər. Bu iş düzgün təşkil edildikdə şagirdlərdə ixtiyari qavrayış olan müşahidə inkişaf edir və hətta müşahidəçiliyə çevrilə bilir. Nəticədə şagirdlərin təlim materiallarını daha yaxşı qavramaq imkanı yaranır.
Təlim fəaliyyətindən danışarkən şagirdlərin hafizəsi ilə bağlı məsələlər də diqqəti cəlb edir. Əgər şagird qavradıqlarını yadda saxlayıb sonradan lazım gəldikdə onu yada sala bilmirsə ,deməli onun biliyi yoxdur. Hər bir aktual fəaliyyət hafizə proseslərindən kənarda mümkün deyildir. Ona görədə, şagirdlərdə hafizənin inkişaf etdirilməsi təlim fəaliyyəti üçün zəruri olmaqla yanaşı, eyni zamanda həmin fəaliyyətin başlıca vəzifələrindən biri hesab olunur.Təlim fəaliyyətində buna geniş imkan var və həmin imkanlardan lazımi səviyyədə istifadə olunmalıdır. Hafizəni məşq etdirmək mümkündür və təlim prosesi buna lazımi şərait yaradır.
Məsələn, müəllim təlim prosesində yadda saxlanılacaq materialın əhəmiyyətini şagirdə başa salmaqla, onda yaddasaxlama ustanovkası yaratmaqla, yadda saxlayacağı materiala qarşı onun müsbət münasibətini oyatmaqla, materialı məntiqi yolla işləməyin xüsusi tərzlərini göstərməklə təkcə bu və ya digər materialın yaxşı mənimsənilməsini təmin etmir, eyni zamanda şagirddə hafizənin, onun proseslərinin inkişafına kömək etmiş olur.
Təlim fəaliyyəti şagirdlərdə Təfəkkürün inkişafında da mühüm rol oynayır. Doğrudur, biz ən çox təfəkkürün təlim prosesində, təlim materialının mahiyyətinin dərk edilməsi və şüurlu şəkildə mənimsənilməsində mühüm rola malik olduğunu eşitməyə adət etmişik.
Lakin bu bir inkaredilməz faktdır ki, təlim prosesinin özündə də şagirdin təfəkkürü formalaşır, gerçəkliyi məntiqi şəkildə dərk etmək imkanları genişlənir. Təlim fəaliyyəti düzgün qurulduqda yaradıcı təfəkkürün müstəqillik, tənqidilik kimi keyfiyyətlərinin inkişafını təmin edir.
Azərbaycan psixoloqlarından prof.Ə.Bayramov sübut etmişdir ki, hətta kiçik məktəblilərin təlim fəaliyyətində əlverişli şərait yaradılarsa onlarda əqlin müstəqilliyi və tənqidiliyi lazımi səviyyədə inkişaf edə bilər. Onlar idrak obyektlərinin mahiyyətini anlaya bilir, ordan müəyyən nəticə çıxarmağa, səhvləri, uyğunsuzluqları tapmağa, onları törədən səbəblər barədə müəyyən mülahizələr söyləməyə qabil olurlar.
Bütün bunlarla yanaşı təlim prosesində şagirdlərdə məfhumların formalaşması, anlama və fikri iş priyomları və s. inkişafı və formalaşması da baş verir. Bunların necə formalaşması və təlim fəaliyyətinin optimallaşdırılmasında oynadıqları rol barədə də danışmaq olar.
İnsan fəaliyyətinin bütün növlərində mühüm rol oynayan psixi proseslərdən biri də təxəyyüldür. Təxəyyülün məktəblilərin təlim fəaliyyətindəki rolunu xüsusi qeyd etmək lazımdır. Şagird yalnız yaxşı inkişaf etmiş təxəyyülün köməyi ilə bilavasitə qavrayışa müyəssər olmayan hadisələri təsəvvür edə bilər. Ona görə də hər bir dərs şagirdlərdə təxəyyülün inkişafı üçün imkan yaratmalıdır.Hər bir dərsdə belə imkan vardır. Müəllim dərs zamanı şagirdlərin yaradıcı işinin təşkilinə diqqət yetirdikdə, onlar müstəqil olaraq yeni obrazlar yaratmaq tələbi ilə qarşılaşırlar. Bu isə təxəyyülün inkişafına öz müsbət təsirini göstərir. Təlim prosesində şagirdlərdə istər bərpaedici, istərsə də yaradıcı təxəyyülün inkişafı üçün geniş imkanlar mövcuddur. Şübhəsiz burada əsas məsələ həmin imkanlardan lazımi səviyyədə istifadə etməkdən ibarətdir. Müxtəlif formalı inşa yazılar, şəkil üzrə təsvir, sxem və çertyojlar üzrə aparılan iş, bədii əsərlərin təhlili və s. bu baxımdan böyük əhəmiyyətə malikdir.
Nəhayət, təlim fəaliyyəti şagirdlərdə hisslərin və iradənin inkişafında da mühüm əhəmiyyətə malikdir. Təlim prosesində şagirdlərdə əxlaqi, estetik, zehni hisslər inkişaf edir. Bununla yanaşı olaraq təlim fəaliyyətinin icrası, təlim materiallarının məzmunun təsiri altında şagirdlərdə dözümlülük, təkidlilik, mərdlik, cəsarətlilik, igidlik, qəhrəmanlıq kimi iradi keyfiyyətlər formalaşır və inkişaf edir.


Yüklə 255,76 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin