Ekspressiv – nitq (natiqlik) qabiliyyətləri. Pedaqoji fəaliyyətin müvəffəqiyyətli icrasında nitq qabiliyyətləri də həlledici rol oynayır. Nitq qabiliyyətləri lazımi səviyyədə inkişaf etməyən müəllim nəzərdə tutulan təlim materialını şagirdlərə çatdırmaqda çətinlik çəkir.
Ekspressiv – nitq qabiliyyətləri müəllimin öz fikirlərini və hisslərini nitq formasında aydın dəqiq mimika və pantomimikada zəngin ifadə etməsindən ibarətdir. Adətən müəllimin şagirdlərə zəruri məlumatları çatdırması əsasən ikinci siqnal, danışıq xarakteri daşıyır. Müəllimin nitqi canlı,obrazlı,ifadəli, emosional, aydın, qramatik və fonetik cəhətdən qüsursuz olmalıdır.
Nəzəri qabiliyyətlər. Bu cür anlayış altında müəllimin müvafiq fənn, daha doğrusu elm sahəsinə aid qabiliyyətləri nəzərdə tutulur. Müəllimin tədris etdiyi fənni dərindən bilməsində ifadə olunur. Bu cür qabiliyyətə malik olan müəllimlər öz fənnini təkcə tədris kursunun həcmçində deyil, daha geniş, dərindən bilir, tədris etdiyi elm sahəsində olan kəşfləri daima izləyir.
Təşkilati – kommunikativ qabiliyyətlər.Bu cür pedaqoji qabiliyyətlərə aşağıdakıları aid etmək olar:
Təşkilatçılıq qabiliyyətləri. Bu cür qabiliyyətlər də pedaqoji fəaliyyət üçün az əhəmiyyətə malik deyildir. Təlim və tərbiyənin səmərəliliyi müəllimin təşkilatçılıq qabiliyyətindən çox asılıdır. Müəllimin təşkilatçılıq qabiliyyətləri təlim –tərbiyə prosesində özünü dərhal biruzə verir.
Təşkilatçılıq qabiliyyətlərinə malik olan müəllim şagird kollektivini təşkil etməyi,onu möhkəmləndirməyi, istiqamətləndirməyi bacarır. Belə müəllim icra edəcəyi hərbir işdə öz təşkilatçılığını göstərir, öz işini planlaşdırmağı ona nəzarət etməyi bacarır, vaxtı düzgün bölür.
Avtoritar qabiliyyətlər. Müəllim daima bu və ya digər cəhətdən bir – birindən fərqlənən şagirdlərlə, onların təlim – tərbiyəsi ilə məşğul olur. Bu işdə müvəffəqiyyət qazanmaq onun şagirdlər arasındakı hörmətindən (avtoritetindən) çox asılıdır. Belə qabiliyyətə malik olan müəllim şagirdlərə bilavasitə emosional- iradi təsir göstərir və bunun əsasında onların hörmətini qazanmağı bacarır.