XVIII əsrin birinci yarısında fransız ədəbiyyatında cərəyanlar mübarizəsi.
Artıq XVIII əsrin ilk onilliklərində fransız cəmiyyətinin mənəvi atmosferində dinə,
kral hakimiyyətinin özbaşınalığına, kral məşuqələrinin və yaxınlarının ağalığına,
əyanların və nazirlərin satqınlığına qarşı kəskin tənqidi münasibətin əlamətləri
müşahidə edilir. Bu əhval-ruhiyyə əvvəlcə ədəbiyya həcvlər, sərt pamfletlər və
digər satirik çıxışlar şəklində daxil oldu. Tədricən güclənərək, tarixin fəlsəfəsi
(Volter), hüququn və dövlət quruluşunun nəzəri məsələləri (Monteskyö), dini
ehkamların və kilsənin tənqidi (Volter, Didro, Helvetsi, Holbax) kimi
ümumiləşdirilmiş konsepsiyalarla təzahür etməyə başladı.
Fransada Maarifçilik dövrünü adətən üç mərhələyə bölürlər. Birinci mərhələə
şərti olaraq, XIV Lüdovikin ölümü (1715) tarixi ilə başlayır, bu həm də "klassik"
XVII əsrin sonu hesab olunur. Birinci mərhələ Ensiklopediyanın (1751) birinci
cildinin çıxdığı ilə qədər davam edir. İKinci mərhələ 1751-ci ildən Böyük Fransa
İnqilabına qədər davam edir. Üçüncü mərhələ əslində ikinci mərhələnin sərhəldəri
çərçivəsində qalır: Jan-Jak Russonun ideyalarının geniş yayılması ilə xarakterizə
olunur. (1760-1770-ci illər).
XVIII əsrdə Fransada estetik zövqlər dəyişməyə başalyır. Ədəbiyyata qarşı yeni
tələblər ortaya çıxır. Çünki, ədəbiyyat artıq XVII əsrdə olduğu kimi, yalnız
əhalinin yüksək təbəqəsinə şamil olunmurdu, demokratik təbəqələr arasında geniş
yayılmağa başlamışdı. Bu əsrdə Fransız ədəbiyyatında əsasən dörd cərəyan özünü
göstərirdi: maarifçi klassisizm, maarifçi realizm, sentimentalizm və rokoko.
1715-1750-ci illərdə Fransada fəlsəfi fikir sürətlə inkişaf etməyə başlamışdı, bir
tərəfdən də klassik zövq və üslub özünü qoruyurdu. 1715-ci ildə XIV Ludovikin
ölümündən sonra ta 1751-ci ildə Ensiklopediyanın nəşrinə qədər Fransada
maarifçilik klassik üslubun hakimliyi ilə müşahidə olunur. Bu mərhələnin əsas
fəlsəfi prinsiplərinə gəlincə, Tanrı mərkəzli qurulmuş ənənəvi inanc yerinə
filosoflar şüurun əqli və təcrübi prinsiplərini irəli sürürlər. Dinin nüfuzu yerinə
bəşəri elmlərin nüfuzunu qoymağa çalışırlar. Nyuton sistemi, mədən xalq içində
böyük maraq doğurur, elm dünyasına getdikcə artan rəğbət sayəsində batil
etiqadlarla dolu köhnə fiziki qanunlar iflasa uğrayır. Əyalət Akademiyalarında,
hətta həmvətənlərin görüşlərində təcrübə və laboratoriya tədqiqatlarına meyl artır,
eyni zamanda tarixi və arxeoloji şüur inkişaf edir. Kosmopolit (çox dünyalı)
xarakter formalaşır. Başqa ölkələrin adət və ənənələrinə güclü bir maraq yayılır.
Səyyahlar getdikcə çoxalır. İngiltərə xüsusi hörmət və ehtirama layiq ölkə statusu
qazanır. Milli özünə hörmət barədə Fransız və İngilis qurumları arasında tez-tez
sərt müqayisələr aparılır. İncəsənət sahəsində böyük klassiklər hələ örnək olmaqda
davam edir. Faciə, komediya, roman müəyyən yeniləklərlə dövrün əsas janrlarını
təşkil edir. Pyer Marivonun teatrı klassikanın böyük uğuru hesab edilir. Volter və
Monteskyö öz görüşlərini klasik dühaya uyğun düşüncə aydınlığı və ifadə səlisliyi
ilə yazıya çevirirdilər.Klassisizm XVII əsrdə Fransanın dövlət tərəfindən etiraf
edilən rəsmi bədii üslubu idi. Kral və hakim dairələr klassisist sənətkarları himayə
edir, onlara təqaüdlər verirdilər. Mütləqiyyətçi dövlətin siyasəti feodal
məhəlləçiliyindən və əyalətçiliyindən ümummilli birliyə keçid dövründə mütərəqqi
bir hadisə idi. IV Henrixin, kardinal Rişelyenin və XIV Lüdovikin köhnə feodal
qaydalarını dağıdıb yeni dövlət və vətəndaşlıq intizamı prinsipini yeritdiyi bir
dövrdə incəsənətdən də ciddi forma intizamı tələb olunurdu. Klassisizmin
estetikasında gözəlliyin əbədi, dəyişməz və bütün zamanlar üçün mütləq dərəcədə
eyni olması fikri əsas yer tutur. Onlar gözəllik anlayışının tarixiliyini, nisbiliyini,
dəyişkən olduğunu qəbul etmirdilər. Buna görə də onlar elə hesab edirdilər ki,
gözəlliyin hər hansı bir dövrdə yaradılmış ideal nümunələri bütün başqa dövrlər
üçün də doğrudur, sonrakı dövrlər ancaq əvvəlki dövrlərin yaratdığı ideal
nümunələri öyrənməli, onu təqlid etməli, öz yaradıcılığında ona daha yaxın olmağa
çalışmalıdır. Gözəlliyin belə ideal və bütün dövrlər üçün örnək olan ideal
nümunələri, klassisizm estetikasına görə, artıq antik dövrdə yaradılmışdır. Yeni
dövrün sənətkarlarının işi bu antik ideal nümunələr təqlid etməkdən ibarətdir.
İntibah dövrünün humanistləri kimi klassisistlər də incəsənətin tərbiyəvi vəzifəsinə
xüsusi diqqət yetirir, eyibləri tənqid edir, xeyri, gözəlliyi mükafatlandırmaq
prinsipini əsas götürürdülər. Ağlı bədii həqiqətin əsas meyarı kimi götürmək
prinsipi də klassisizmin estetikasının toxunulmaz qanunlarından biri idi. Onlar belə
düşünürdülər ki, antik müəlliflər ağlın qanunları ilə yazıb yaratdıqları kimi, yeni
dövrün yazıçıları da ağlın tələblərinə əməl etməlidirlər. Buradan da riyazi
dəqiqliklə
yerinə
yetirilməsi
tələb
olunan
qaydalar
və
qanunlar
müəyyənləşdirilmişdi. Üç vəhdət qanunu, janrların növlərə və qruplara bölünməsi,
əsərin quruluşundan tələb olunan simmetriya və mütənasiblik buna misal olabilər.
Bu cəhət klassisist əsərlərin soyuq, quru, cansız çıxmasına səbəb olmuşdur. Ancaq
tək-tək böyük sənətkarlar bu məhdudluqlardan yaxa qurtara bilmiş və əsl sənət
əsərləri yaratmışlar
Molyer, Kornel, Rasin kimi ən yaxşı nümayəndələri tamaşaçını və oxucunu
"əyləndirərək öyrədirdilər". Lakin daha az istedada və bacarığa malik olan
klassisistlər quru nəsihətçilik səviyyəsinə enir, ürəkləri həyəcanlandıra bilmirdi.
Lakin onu da qeyd edək ki, müəyyən dövrlərdə klassisizmin tərbiyəedici
tendensiyalılığı mütərəqqi rol oynamış, azadlıq ideyalarının daha coşqun və
ehtiraslı şəkildə irəli sürülməsində əlverişli bir vasitə olmuşdur. XVIII əsrdə
Volterin yüksək vətəndaşlıq pafosu ilə aşılanmış faciələri bu cəhətdən artıq başqa
tarixi məqsədlərə ləyaqətlə xidmət edirdi.
Maarifçi realizm – bu istiqamətin formalaşmasında Alen Röne Lesaj və Pyer
Marivonun mövqeyi xüsusi əhəmiyyət daşıyır. Volter və Didronun nəsrində özünü
göstərib. Maarifçi realistlər müsbət, şüurlu insanın tərbiyə və təhsil sayəsində yeti-
şəcəyinə inanırdılar. Maarifçi realizm üçün cəmiyyətin ziddiyyətləri və insanların
qüsurlarının avamlıq və savadsızlığın nəticəsi kimi göstərilməsi əsas olub. Maarifçi
realizm ədəbiyyatda yeni ədəbi formaların, xüsusilə roman və dramın, satira
janrının daha da inkişaf etməsində mühüm rol oynadı. Lakin maarifçilər teatr və
dramaturgiyaya da əsas sosial tərbiyə janrları kimi baxırdılar. Bu realizmin əsas
əlaməti onun müsbət, şüurlu insanı tərbiyənin və təhsilin məhsulu kimi
anlamasıdır. Elə buradan da maarifçi realizm termininə yaxın olan pedaqoji roman
anlayışı yaranmışdır. Maarifçi yazıçılar öz əsərlərində düzgün tərbiyə sistemini və
onun nəticəsi olan şüurlu vətəndaşların obrazlarını yaratmağa çalışırdılar. İlkin
maarifçilik mərhələsində hələ Burjua cəmiyyətinin qəddar və yırtıcı təbiəti ortaya
çıxmamışdı. Onu görə sosial ədalətsizliyin azalmasında düzgün tərbiyə amilinə
xüsusi əhəmiyyət verilirdi. Maarifçi realizm üçün cəmiyyətin ziddiyyətlərini,
insanların qüsurlarını tərbiyəsizliyin, savadsızlığın nəticəsi kimi təqdim olunması
səciyyəvi idi. Fransız dramaturgiyasında Bomarşenin yaradıcılığı maarifçi
realizmin bariz nümunələrindəndir.
Sentimentalizm - Fransada ədəbiyyatında sentimentalizmi klassik formada özünü
bildirib. Jan Jak Russo "Yeni Eloiza" və "Emil" romanlarında didaktik
söhbətlərdən, ricət, haşiyə, mühakimə və əhatəli təbiət təsvirlərindən istifadə
etmişdir. Çünki onun niyyəti insanların hissiyatına təsir göstərmək, dünyabaxışı və
mənəviyyatı formalaşdırmaq, burjua əxlaq normalarını tənqid etmək idi. 1790-cı
illərdə, Böyük Fransa inqilabı mərhələsində sentimentalizm tədricən öz mövqeyini
itirir və yerini tədricən romantizmə ötürür.
Rokoko- XVII əsrdə yaranmış Fransız incəsənətinə aid, memarlıq və incəsənət
üslubudur. Bu dövrün saray və köşklərinin iç dekorasiyası və mebelləri də bu yeni
üslubu əks etdirməkdədir. Sənət tarixçiləri, bitki mənşəli bəzəmələrin və divarları
örtən şəkillərin göz əyləndirən, dərdsiz və zərli üslubunu "Rokoko" deyə
adlandırmışlar. Bu söz, Fransızca rocaille sözündən gəlməkdədir. Rocaille- çürük
quruluşlu daşların xərclə qarışdırılmasıyla yaradılan süni qayalıqlara verilən
addır.Fransız Rokoko rəssamı Fragonardın Saint-Cloudda Əyləncə (Banque də
France, Paris) adlı rəsmi, o dövrdə saray ətraflarının çox xoşlandıqları parkı və
park həyatını müvəffəqiyyətlə əks etdirməkdədir. Rokoko üslubunun əsas
elementləri :rahatlılıq, səliqə, kompozisiyalarin simmetriyasızlıqi, zəriflik; gizli
pavilyonlar, çin evcikləri, xəlvət qrotlar; üslubun ideali: yeniyetmə qadin;
materiallar: ağac, zər, parçalar, aynalar, tunc, büllur; zəngin işiqli palitra: pastel
tonlar, mirvarili qamma, solğun bənövşəyi və mərmər çalarlar, yaşil və cəhrayı
rənglərin ahəngi; tökmə bəzək, qızıli ornamentlər, kəsmə panellər;
kompozisiyalarin və interyerin iri dekorativ yüklənməsi; xırda üslublaşdırılmış
incə ornament , qrotesk, buruqlar, qabariq lövhələr, yuvarlaq və ya oval guşəli
balaca otaqlar, assimetrik dinamik formalar.Rokoko üslubu çətin və qəliz detallara
həvəs göstərənlər üçün, zərif, incə və nazik naturalar üçün idealdir.Məhz Rokoko
özündə yüngüllük, bədii gözəllik və dekorativlik birləşdirir.Şübhəsiz, Rokoko
üslubunda interyer olduqca zərif alinir, və bu heç də təəccüblü deyil: Madam
Pampadur özü bu üslubun yaranmasina əl qoyub. Markiz de Pezayın şeirlərində,
Luve de Kuvun romanlarında rokoko tərzi özünü göstərir. Ümumiyyətlə, rokoko
dövrün klassik, realist, sentimentalist cərəyanlarına məxsus əsələrin içində
müəyyən elementlər şəkilndə rast gəlinir. Rokoko üslubunda yazılmış poeziya və
nəsr yüngül olur. Mahnı, sonet, həcv, madrigal janrları rokoko cərəyanı üşün daha
xarakterik idi.
Dostları ilə paylaş: |