Qarşıdurma
Səmud qəbiləsi iki cəbhəyə bölünüb, mübarizəyə başladılar: iman cəbhəsi və bütpərəstlik cəbhəsi. Kafirlər hər gün mö`minlərə əziyyət verib, onların imanlarını məsxərə edir, ələ salırdılar. Onlara deyirdilər:
-Siz doğrudanmı Salehin Allahın elçisi olduğuna inanırsınız?!
Mö’minlər cavabında deyirdilər:
-Bəli biz onun risalətinə və Allah tərəfindən gətirdiyinə inanırıq. Biz Allahdan başqasına ibadət etmərik.
Bu zaman kafirlər deyirdilər:
-Biz sizin iman gətirdiyinizə küfr edirik.
Onlar özlərini Allahın risalətinə olan küfrlərini açıq surətdə e’lan edirdilər. Çünki, onlar naz-ne’mət içində qərq olmuş varlılar idilər və belə güman edirdilər ki, çoxlu qüdrətləri vardır. Onların həddən artıq daşürəkli olan doqquz nəfəri hamıdan çox küfr edirdilər. Onların ürəklərində heç kəsə qarşı rəhm və qayğıkeşlik yox idi. Öz mənafelərindən başqa bir şey fikirləşmirdilər. Onlar hiss etdilər ki, Saleh onların nüfuzu üçün böyük bir təhlükədir. Buna görə də ürəklərində ona kin bəslədilər. Dəvəyə qarşı da kin bəsləməyə başladılar. Çünki, dəvə, Salehin peyğəmbərlik nişanəsi və onun peyğəmbərliyinin doğruluq əlaməti idi.
Hİylə
Bir gecə bütün camaat yuxuya gedəndən sonra bu doqquz nəfərlik qrup həddən artıq yeyərək öz qarınlarını doydurdular. Sonra şərab içib, məst oldular. Gözlərinin rəngi qızarmışdı. Bir şey barəsində söhbət edirdilər və o da Saleh təhlükəsi idi. Bir-birlərindən soruşurdular ki, nə edək? Salehin şərindən necə qurtaraq?
Onların biri dedi:
-Gəlin əvvəlcə onun dəvəsinin şərindən qurtaraq.
Başqa birisi dedi:
-Hə, onu öldürək. O dəvə Salehin risalətinə sübutdur. Biz onu öldürsək, Saleh bizim qarşımızda zəif və gücsüz olacaqdır.
Üçüncüsü də dedi:
-Onu öldürəcəyik!
Dördüncüsü dedi:
-Onu kim öldürəcək?
Beşinci adam dedi:
-Hə, kim onu həlak edə bilər?
Altıncı nəfər dedi:
-Mən bilirəm onu kim öldürə bilər.
Yeddincisi soruşdu:
-Kim?
Hamısı bir-birlərindən soruşdular:
-O kimdir?
O dedi:
-O cinayətkar Qidardır.
Hamısı bağırdılar:
-Hə, Qidar! Heç kəsə rəhm etməyən Qidar!
CİNAYƏT
Gözlərindən xəyanət və qətl qığılcımı yağırdı. Onların biri çölə çıxdı ki, cinayətkar Qidarı çağırsın.
Gecə yarıdan keçmişdi. Qidar özünün xəyanət qılıncı ilə daxil oldu. O, məst idi və gözləri qızarmışdı. O, da dəvəyə kin bəsləyənlərdən biri idi. Dəvə xeyir və bərəkət nişanəsi idi. Amma, o, xeyir və bərəkəti sevmirdi. O, fasiq və zülmkar bir məxluq idi. Fasid insan isə heç vaxt xeyir fikirləşə bilməz.
Onu mal və pul ilə şirnikləndirdilər. O, öz cinayətini yerinə yetirmək üçün ayağa qalxdı. Hiyləgərlər dedilər:
-Qidar, hara gedirsən?
O dedi:
-Elə indicə dəvəni öldürəcəyəm.
O zalım qrupun üzvləri dedilər:
-Bu işi indi etmə! Gözlə, sübh açılsın. Dəvə bulağa tərəf gedəndə, sən onu asanlıqla həlak edə bilərsən.
Dan yeri söküldü. Zalım Qidar bütün gecəni məst olaraq bağıra-bağıra keçirmişdi. Üzü qorxulu idi və daha da şişmişdi. O, qorxulu görkəm almış, üzünün damarları göyərmişdi. Əgər kimsə onu bu halda görsəydi, bilərdi ki, Qidar hansısa bir cinayətə əl bulaşdıracaqdır.
Dəvə və onun sakit körpəsi yuxudan oyandı. Onlar su içmək üçün çeşməyə tərəf yollandılar. Balanın kefi kök idi. Günəş yenicə doğmuşdu və çəmənliklər oyanmaq və istirahət etmək üçün çox gözəl və münasib görünürdü.
Köşəy o yaşıl çəmənliklərdə oynamağı çox sevirdi. Anası hər səhər onu ora aparırdı. Amma, həmin gün səhər hansı hadisə baş verdi? Niyə körpə oynamaq üçün çölə getmədi? O nə görürdü? Qorxu və dəhşət hiss etmişdi.
Bəli, bədbəxt Qidar öz qorxulu çöhrəsi ilə göründü. Birdən zahir oldu və onların yolunu bağladı. Onun əlində qılınc var idi. Anası uzaqlaşmaq istədi. Amma, Qidar ona çox möhkəm bir zərbə endirdi. Yazıq dəvə yerə yıxıldı. Qidar onun boynuna daha bir zərbə vurmaq istədi. Dəvə qüssə içində öz körpəsinə nəzər saldı. Sanki ona demək istəyirdi: Özünü xilas et! Körpə qorxaraq dağa tərəf qaçdı.
Həmin doqquz nəfər gəlib, bıçaq və xəncərlə dəvənin canına düşdülər. Qan hər yeri bürüdü. Yer və daşlar qırmızı rəngə boyandı.
Günahsız dəvə balası
Səmud qəbiləsinin cinayətkarları etdikləri işlə kifayətlənmədilər. Onların əli günahsız dəvənin qanına batmışdı.
Bütpərəstlər gəlib, vəhşi və yırtıcı canavar kimi onun ətinin üstündə bir-birləri ilə dava saldılar. Onunla da kifayətlənməyib, dəvənin balasını tə’qib etdilər. Dəvə balası qorxaraq, dağa qalxırdı. Onu qovan vəhşilərin əlindən qurtulmaq üçün bir yer axtarırdı: canavardan da yırtıcı olan vəhşilərin.
Dəvənin körpəsi dağın zirvəsində dayanıb, bıçaqlarla tikə-tikə doğranan anasına və ələrində xəncər dağın yuxarısına qalxan cinayətkarlara baxırdı. Xilas olmaq üçün bir yer yox idi. Göyə baxıb nə’rə çəkdi. Bütpərəstlərdən hansınınsa ona iti bir bıçaq sancmasından qabaq üç dəfə fəryad etdi. Bala dəvə böyük daşlar üzərindən yerə düşdü. Qanı fəvvarə vuraraq daşları öz saf qırmızı rənginə boyadı. Cinayətkarlar iti bıçaqlarla ona hücum edib, vəhşicəsinə tikə-tikə etdilər. Hətta canavarlar da bu kafir qatillərdən rəhimli idilər.
Həzrət Saleh və digər mö’minlər bu dəhşətli cinayətdən xəbər tutdular. O, imanlı insanlarla tələsdi ki, Allahın dəvəsinin başına nə gəldiyini görsün Lakin, yeri və dağın başını boyayan qanlardan başqa heç bir şey görmədilər.
Üfüqdə qara buludlar göründü. Fəza təhlükə ilə doldu. Bu fasiq və zalım insanlar xeyir və yaxşılıq istəmirdilər. Onlar, hər gün süd verən sakit və zərərsiz dəvəni məhv etmişdilər. Onlar dəvəni Allahın nişanəsi və Salehin peyğəmbərliyinin doğruluğuna sübut olduğu üçün öldürmüşdülər. Saleh onlara buyurdu:
-Yalnız üç gün evlərinizdə xoşgüzəranlıq edin. Tezliklə əzab sizi tutacaqdır. Çünki, siz zalım insanlarsınız. Siz Allahın risalətinə kafir olub, Onun dəvəsini qətlə yetirdiniz. Siz xeyir və yaxşılıq istəmirsiniz.
Səmudlular nəinki üzr istəyib, tövbə etmədilər, hətta indi də Salehi öldürmək fikrinə düşdülər. Onun ailəsini də qətlə yetirmək istədilər. Onlar yenə də bir yerə yığışıb, qərara gəldilər ki, Salehin evinə hücum edib, onu qətlə yetirsinlər. Onlar yalnız bundan sonra zəif mö’minlərə qələbə çala bilərlər. Amma, nə oldu?
Onlar öz növbəti cinayətlərini həyata keçirməzdən qabaq çox dəhşətli bir hadisə baş verdi. Qara buludlar göydə toplandılar. Ulduz, ay və planetlər gözlərdən itdi. Dağ və dərələr tamamilə qaranlığa qərq oldu. O gecənin ortalarında göydən çox güclü ildırım çaxıb, Səmud qəbiləsini alt-üst etdi. Zalımlır ürəkləri lərzəyə gətirən dəhşətli gurultu səsindən oyandılar.
O fasiq qəbilənin evlərinə dağıdıcı ildırımlar endi. Onların saray və mənzillərini bir-birinə vurub, tökdü. Dərələri od tutdu.
Saleh və mö’minlərdən başqa heç kəs o mə’rəkədən salamat çıxmadı.
Səmud qəbiləsinin aqibəti bu idi. Dəvənin öldürülməsindən dörd gün sonra günəş, artıq o zalımların sakin olduqları yerin xarabalıqlarına saçırdı. Sübh vaxtı isə onların cansız cəsədləri evlərində qalmışdı.
Dostları ilə paylaş: |