MÜhaciRƏTDƏ folklor araşdirmalari I kitab bаki – 2015 Elmi redaktor: Muxtar kazimoğlu (İmanov)



Yüklə 2,33 Mb.
səhifə11/15
tarix31.01.2017
ölçüsü2,33 Mb.
#7132
1   ...   7   8   9   10   11   12   13   14   15

Əbdülvahab YURDSEVƏR
ERGENEKON

(Ergenekon bayramı münasibətilə keçirilən tədbirdə

söylənən nitq)
Əziz arkadaşlar!

Bu gün sizinlə birlikdə burada toplanaraq, Ergenekon bay­ra­­mını keçiririk. Ergenekon bayramı sadəcə bir əylənmə, din­cəl­mə və sevinmə günü deyil, eyni zamanda, milli istiqlal və qurtuluş mü­cadiləsinin simvolu mahiyyətini daşıyan böyük və qutsal bir gün­dür. Və hər şeydən əsas, türklüyün oyanma, inkişaf və qurtu­lu­şa qovuşma günüdür. Milli qayəyə və ideala çatma günüdür. Bu bay­ram bir əfsanə və mifoloji mövzusu ola bilər. Fəqət türklüyün ru­huna və duyğularına tərcüman olduğu üçün, bizə görə, dərin bir mə­na və böyük bir önəm daşıyır.

Əfsanə tarixdən çox daha əvvəlki dövrlərə aiddir. Belə ol­du­­ğu üçün müxtəlif şəkillərdə rəvayət olunmaqdadır. Çin qay­naq­­la­­­­­­­­rına dayanan rəvayətlərdən başqa, türk qaynaqlarına daya­nan rə­­vayətlərdə daha başqa bir özəllik görünməkdədir. Fəqət ha­­mı­sın­da söhbətin mövzusu türk qurtuluşu və türk zəfəri olmaqdadır.

Ən məşhur türk rəvayətinə görə, Dağıstani türk birliyinin sim­volu olan Oğuz xanın altı oğlu varmış: Ayxan, Günxan, Ul­duz­­xan, Göyxan, Elxan və Dənizxan1. Oğuz xandan sonra türk ulu­­sunun ayrıldığı 24 boy bu altı şahzadəyə mənsub imiş. Ata­la­rın­dan sonra Göyxan, Ayxan, Ulduzxan, Dənizxan və Elxan ulusa baş­çılıq etmişlər. Elxana qədər türk elində sülh və sakitlik hökm sü­rür­müş. Elxan zamanında türklər yabançı qüvvətlərin hü­cu­mu­na uğra­mışlar. Düşmən on gün arxa-arxaya türklərə hücum etmiş, fə­qət müvəffəqiyyət əldə edə bilmə­mişdir. Nəha­yət, hiyləyə baş vu­raraq, geri çəkilir kimi görünmüş. Elxan da bu hiylənin fərqinə var­ma­dan, düşməni qovalamağa başlamış. Fəqət düşmən birdən-birə dö­nə­rək türklərə hücuma keçmiş və çoxunu qılıncdan ke­çir­miş­dir.

Elxanın kiçik oğlu Qıyanxan ilə qardaşı oğlu Nögözxan ar­vad­ları ilə birlikdə əsir düşmüşlər. Lakin şahzadə olduqları bilin­mə­diyi üçün düşmən tərəfindən öldürülməmişlər. On günə qədər əsir qalmışlar. Və bir gecə arvadları ilə birgə qaçmışlar. Yolda rast gəldikləri qaçaqlardan at, dəvə, sığır və qoyun ələ keçir­miş­lər. Təbii, düşmən işğalında olan yurdlarına dönə bil­məzdilər. Baş­qa bir istiqamətdə yürüyərkən, önlərinə bir dağ çıxmış. Hər tərəf qapalı və keçilməz olduğundan uzun müddət çıxmağa bir yol arayıb qalmışlar. Sonunda gözləri bir dağ qoyunun ayaq iz­lə­ri­nə ilişmiş. Bu izi təqib etmişlər, yol çox təhlükəli olduğundan sü­rünərək keçmiş və dağın o biri tərəfinə varmışlar. Ora cənnət ki­mi yamyaşıl, gözəl bir yermiş. İki əmoğlu bu yeni yurdlarına Er­ge­nekon adı vermişlər. Əski türk ləhcəsində “Ergene” kəlməsi dağ çiyni1 deməkmiş. “Kon” da qonaq2 mənasına gəlirmiş. Bu kəl­məni “Ergenekun” oxuyanlar da vardır, “dağ uçurumu” de­mək­­dir.

Qıyanxan ilə Nögözxan soyundan dörd əsr yarım ərzində o “Er­genekon” deyilən gözəl yurdda böyük bir türk soyu vücuda gəl­miş. Bolluq və rifah içində yaşayırlarmış. Fəqət babalarından və atalarından müqəddəs bir ənənə halında Ergenekon uşaqlarına ke­çən öz yurdlarının sevgisi və həsrəti də gündən-günə qəlblə­rini alov­landırırmış. Nəhayət, üzərindən dörd əsr yarın keçdik­dən son­ra, bir gün cəsur ergenekonlular öz özlərinə belə demişlər:

– Biz çoxuq, igidik. Burdan çıxarıq, öz yurdumuza gedə­rik. Bi­zi dost bilib qarşılayanlara dost olarıq. Düşmənlik göstə­rənləri əzərik.

Toplanıb hazırlanmışlar və əski yurdlarına dönmək istə­miş­­dir­lər. Fəqət qapısız bir qala kimi hər tərəfdən dış dünyaya qapalı olan Ergenekondan çıxacaq bir yol tapa bilməmişlər. Buna bir ça­rə axtardıqları zaman, Bozqurd adında bir dəmirçi ortaya çıxmış və Ergenekonun bir tərəfində dəmir mədənləri olduğunu və bu mə­dənləri el birliyi ilə əridərək, qurtuluş yolu­nun tapıla biləcəyini söy­ləmişdir. Dərhal qurultay toplanmış və millətə odun, kömür ver­gisi salınmışdır. Hər kəs bir miqdar odun və kömür gətirərək mə­dənlərin önünə yığmış, böyük kö­rüklər qurulmuş və böyük bir atəş yaxılmışdır. Böyük qurtuluş savaşının şanlı qəhrəmanı də­mir­çi Bozqurdmuş. Mə­dən­lər əridil­miş və öz yurduna gedən ana yol açıl­mışdır. Millət bütün düşmənlərini və müstəmləkəçilərini ye­nə­rək, öz yurduna yerləş­miş və bu şanlı qurtuluş gününü anmaq üz­rə hər il 22 martı bayram olaraq böyük şənliklərlə qeyd etmişlər.

Biz də Ergenekon övladları və Bozqurdun öz uşaq­larıyıq. Azər­baycanda bu böyük bayrama verdiyimiz önəm bunun ən ba­riz bir dəlilidir. 20 may1 1918-ci ildə bir dəfə yabançı basqısını yen­­dik və istiqlalımıza qovuşduq. Bu bizim ilk qurtuluş gü­nü­müz­dür. Fəqət 20 aprel 1920-ci ildə yurdumuz təkrar qaran­lıqlara bo­ğul­du. Əlbəttə, yeni yetişən vətən Bozqurdları sayə­sində, nə­ha­yət, qur­tuluş günümüz də gələcəkdir. Bu ümid və əməllə ha­mı­nı­zın qutsal Ergenekon bayramı mübarək olsun!..

Xavər ASLAN
AZƏRBAYCAN AŞIQ ƏDƏBİYYATI
Xalqın köksündən, bağrından qopan coşğun selə bənzər aşıq ədəbiyyatımız. Xalq ruhunu yaşadan, və əbədiləşdirən, kə­dər­­lərimizi, sevunclərimizi tarixə yazan dəyərli varlığımızdır aşıq­lar. Dilimizin zənginlik və saflığını, səs gözəlliyini, söz və deyim­lə­rimizi böyük bir diqqətlə qoruyub bizə əmanət edər onlar.

Oğuzlarda ülvi və müqəddəs sayılmış bu xalq sənətçiləri. “Də­də Qorqud” dastanlarında duyur, görürük bu sevgini: “Də­dəm Qorqud gəlibən boy boyladı, söy söylədi, bu boy Dəli Dom­ru­lun olsun, məndən sonra alp ozanlar söyləsin, alnı açıq comərd ərən­­lər dinləsin!”.

Klassik yazılı ədəbiyyatımız fars, ərəb təbir və sözləriylə do­lub-daşarkən, aşıq­larımız dil və düşüncəsiylə hər zaman xalqın ya­nın­da olmuş, sazıyla onun səsini, sözünü dilə gətirmiş, nə­sil­lər­dən-nəsillərə duyurmuşdurlar. Aşıqların bu gün də Or­ta Asi­yada, Azər­baycanda, Kərkükdə və Anadoluda sonsuz sevgi ilə se­vilmə­lə­ri­nin, sayğı və ehtiram görmələrinin başlıca səbəbi bu de­yil­mi­dir?

Qonşu xalqların əd­ə­biyyatına da təsir göstərən böyük və zən­gin bir aşıq ədəbiyyatına sahibik. Əzəmətli keçmişi, böyük ən­ən­ələri olan Azərbaycan aşıq sənəti XVII-XVIII əsrlərdə daha da irə­liləyərək ölməz milli dastanlar yaratmış, ədəbiyyat tari­ximizdə önə­mli yer tutan ustad aşıqlar yetişdirmişdir. Bu dövr ölməz aşıq­la­rımızın istedad və müvəffəqiyyətləri hətta yazılı ədəbiy­yatımızın da inkişafında və sadələşməsində böyük ölçüdə təsiri olmuşdur. Pro­fessor M.H.Təhmasib “Azərbaycan xalq dastanları” əsərində be­lə yazır: “XII-XIII əsrlərdə aşıq ədə­biyyatı, aşıq şeiri o qədər ge­niş yayılmış, elə böyük şəxsiyyətlər yetiş­dirmişdir ki, hətta əgər be­lə demək mümkündürsə, yazılı ədəbiyyatın önündə getməyə, ona istiqamət verməyə başlamış, Vaqif ədəbi məktəbinin fomalaş­ma­­sında həlledici rol oyna­mışdır1.

Bu əsrlərdə yaşayıb-yaradan Aşıq Abbas Tufarqanlı, Xəstə Qa­sım, Sarı Aşıq kimi div sənətçilər, bir tərəfdən, xalq ədəbiy­ya­tını zənginləşdirib irəlilətmiş, digər tərəfdən də, bu xalq sə­nət­çi­lə­ri­nin yaradıcılığı yazılı ədəbiyyatımızda da dəyərli sənət əsər­lə­ri­nin meydana gələməsində mühüm qaynaqlardan biri ol­muş­dur.

XIX əsr Azərbaycan aşıq şeirimiz ölməz Aşıq Ələsgərin şəx­sində öncəki yüksək mövqeyini qoruya bilmişdir. Aşıq şeirinə ye­ni ruh və daha böyük canlılıq qazandırmışdır bu ölməz oza­nı­mız. Mərhum professor Feyzulla Qasımzadə Aşıq Ələsgər yara­dı­cı­lığına toxunaraq belə yazmış: “Böyük yaradıcı qüvvəyə malik olan bu nəhəng xalq aşığı sənətkaranə deyilmiş gözəl şeirləri ilə şi­fahi xalq aşıq poeziyasını ən yüksək zirvəyə qaldırmışdır”2.

Klassik şeirlə xalq şeiri ənənələrini gözəl şəkildə, bütün in­cə­­likləriylə qiymətləndirən Aşıq Ələsgər dövrünün acılarını, şi­ka­yət­­lərini də dilə gətirmişdir. Bilindiyi kimi, aşıq şeirində liri­ka, eşq və sevginin tərənnümü, gözəlin vəsfi başlıca şərtdir. XIX yüzil aşıq ədəbiyyatında – Aşıq Ələsgər şeirində də bu başlıca xüsusiy­yət qorunmaqla yanaşı, ictimai motivlərə də təsadüf olun­maq­da­dır.

Biz burada türk oxucularını aşıq ədəbiyyatımızın müxtəlif əsr­­lərdə yaşamış iki tanınmış sənətçisi ilə tanış edəcək və şeir­lərin­dən örnəklər verəcəyik. İlk öncə XVII əsrin sonları XVIII əs­rin əvvəlləri aşıq şeirimizin görkəmli ustad sənətçisi Xəstə Qa­sım­dan söz edəcəyik.

Aşığın həyatı haqqında əlimizdə çox az məlumat vardır. Əsər­lərinin çoxu müxtəlif səbəblər üzündən qeyb olmuş, aradan get­miş, nə yazıq ki, şeirlərinin az bir qismi günümüzədək qoruna bil­mişdir. Xəstə Qasımın əlimizdə olan bu azacıq əsərləri onun is­te­dadını, həyatına aid bir sıra gerçəkləri mühafizə edə bilmişdir. Aşı­ğın həyatı və əsərləri haqqında Bakıda nəşr olunan S.Paşayevin kiçik giriş sözü ilə tərtib etdiyi “Xəstə Qasım” adlı ki­tabda məlu­mat veril­mişdir.

Xəstə Qasım Güney Azərbaycanda – Tikmədaşda doğul­muş­­dur:

Xəstə Qasım Tikmədaşlı,

Könül qəmli, gözü yaşlı1.

Əsərlərindən anlaşılır ki, ustad aşıq rahatsız bir zamanda, sa­vaşın və köçlərin sürüb getdiyi çağlarda yaşamışdır. Aşa­ğıdakı qoş­masında aşıq obaların köçməsi, yaxınların, dostların bir-bi­rin­dən zorla ayrılaraq qürbət ellərə sürüklənməsi faciəsinə toxu­nur:

Obalarımız səf-səf olub yüklənir,

Başı ala qarlı dağlar, qal indi.

Biz içmədik abi-kevsər suyundan,

Soyuq sular, tər bulaqlar, qal indi.
Xəstə Qasım, tamam oldu sözlərim,

Eşq ucundan kabab oldu gözlərim.

Qərib eldə, yad ölkədə, gözlərim,

Vətən deyib ağla, ağlar qal indi2.

Aşığımızın başqa bir qoşmasından misal verəcəyimiz aşağı­da­kı bəndlərində də köç və qürbət acılarını, sənətçinin yaralı kö­nül şikayətlərini dinləyirik:

Ay ağalar, nakam getdim dünyadan,

Yarəb, mənim xanımanım necola?

Gövhər tək sözlərim, bayatılarım,

Ləbi-şirin süxəndanım, necola?
Anam yoxdur gözlərindən yaş tökə,

Həlalım yox, sinəm üstə saç tökə.

Qardaşım yox, qəbrim üstə daş tökə,

Yarəb, mənim ağlayanım necola?


Bu gen dünya üstümüzdə dar ola,

Biz köçərik, yurdumuzda kim qala?

Əhmədimin gül əndamı sarala,

Mənim sərvi-xuramanım necola?1

Burada bunu da qeyd etməliyik ki, köç və qürbət möv­zu­su­na aşıqlarımızın çoxunun yara­dı­cı­lığında təsadüf olun­maqdadır. Tür­­kiyə aşıq ədəbiyyatında da yanıqlı qürbət tür­kü­­ləri, ürəkləri dağ­­layan ay­rılıqlardan şikayətlər diqqəti cəlb et­məkdədir. Şüb­həsiz, aşıq ədə­biyyatımızda yer alan bu möv­zunun kökündə ic­ti­mai-siyasi məsələlər, xal­qımızı köçlərə məc­bur edən səbəblər möv­cuddur.

Xəstə Qasımın məhəbbət şeirlərində səmimilik, sadəlik, xalq da­nışıq dillərindən ustalıqla yararlanması başlıca xüsu­siyyətdir. Qoş­ma və gəraylılarında seçdiyi sözlər incə, zərif, qafiyələri gözəl ol­maqla yanaşı, mənalıdır. Aşağıdakı oynaq və şux gəraylısını ha­mı­mız birlikdə oxuyaq:

Ay həzərat, ay camaat,

Dağa qar düşdü, qar düşdü.

Özüm qaldım qürbət eldə,

Yada yar düşdü, yar düşdü.


Gedin, deyin anasına,

Sığal versin sonasına.

Yar, sinənin arasına,

Bir cüt nar düşdü, nar düşdü.


Xəstə Qasımı qəm basdı,

Yar bizi zülfündən asdı.

Şeyda bülbül güldən küsdü,

Gülə xar düşdü, xar düşdü2.

Xəstə Qasım qoşma, təcnis, gəraylı, qoşma-müstəzadlar, de­­yişmələr yazmış, öncə də qeyd etdiyimiz kimi, bu əsərlərin az bir hissəsi əlimizə yetişmişdir. Xəstə Qasımın yaradıcılığı fikir ba­xı­­mından olduğu qədər, dil sadəliyi baxımından da maraq do­ğu­rur. Bu əsərlər XVII-XVIII yüzillərdə xalq dili və xalq şeir dili haq­­qında bizə məlumat və bilgi verməkdədir. Ustad aşıq bütün şe­ir­lərində dil sadəliyinə, qrammatika qaydalarına riayət etmişdir. Əsər­­lərində an­la­­şılmaz sözlərə, mürəkkəb təbir və ifadələrə, de­mək olar ki, təsadüf olunmur. Kökləri çox əskilərə dayanan aşıq ədə­biyyatımızın bu gün də sevilməsi və yaşa­ma­sının başlıca səbə­bi də bu sağlam xalq dilinə, xalq düşüncəsinə əsaslanmasıdır.

İndi də təbiilik, aydınlıq və sadəlik baxımından aşığın “Yox­­dur” gəraylısına göz ataq:

Ay qəsrdə duran gözəl,

Niyə təksən, elin yoxdur?

Niyə pozğundu tellərin,

Əl şanada, telin yoxdur?


Mən gəlirdim dağdan-daşdan,

Sinəm yanır qəm, ataşdan,

Ayrılmısan yaşılbaşdan,
Tək sonasan, gölün yoxdur?
Gəl dərdin Qasıma söylə,

Bağrımın başını teylə.

Qonağa xoşgəldin eylə,

Yoxsa lalsan, dilin yoxdur?1

XIX əsr aşıq ədəbiyyatımızın div nümayəndəsi (şəxs) Aşıq Ələs­gərin sənəti haqqında nə qədər yazılsa, yenə azdır. Aşıq Ələs­gərin böyüklüyü onun əsərlərinin aydınlığında, sadə­liyində­dir. Sə­nətçimizin yaradıcılığının önəmli qismini qoş­ma­lar təşkil edir. Onun qoşmalarındakı dil sadəliyi, fikir aydınlığı, xalq söz və de­yim­lərindən faydalanması, mənalı cinas­lar yaratma isteda­dı, he­ca­nın2 oynaq vəznlərindən istifadə qabi­liyyəti, bir sözlə, yüksək sə­nə­ti qarşısında heyrət etməmək əldə deyildir.

Bir əsrdən artıq yaşayan Aşıq Ələsgər Göyçə mahalında do­ğul­muşdur. Buranın gözəl təbiəti qoynunda böyümüş, aşıq sənə­tinin sirlərini burada öyrənmişdir. Bir ənənə olaraq keçirilən aşıq məclislərində kiçik Ələsgər hər zaman hazır bulunmuş. Aşıq şei­rinə sonsuz sevgi və maraq bəsləmişdir.

Aşıq Ələsgər gözəllik vurğunudur, gözəllik aşiqidir. Qoş­ma­­larında vəsf etdiyi gözəllərin bir çoxu gerçəkdir, realdır. Aşı­ğın sev­diyi, gördüyü, danışdığı və tanış olduğu qız və gəlin­lərdir. Aşıq Ələsgərin qoşmalarında, təcnis və gəraylılarında dil ay­dınlığı və saflığı ilə yanaşı, təşbeh və bənzətmələri də həya­tidir:

Sallana-sallana gələn Salatın,

O sərxoş yerişin yola yaraşır.

Salıbsan gərdana qızıl həmayıl,

Qoşa bazubəndlər qola yaraşır.
Könül mayıl olub siyah telinə,

Nazik barmağına, şümşad əlinə.

Nə gözəl qurşanmış incə belinə,

Gümüş kəmər qəddi-dala yaraşır1.

Başqa bir qoşmasından verdiyimiz bu bəndlərdə isə sadəlik, xal­qın danışıq dilindən yararlanması, deyim və idiom­lardan yerin­də və ustalıqla faydalanması göz önündədir:

Sallanıb-sallanıb özünü öymə,

Elə süzgün baxıb qəlbimə dəymə.

Yaralı bağrıma, gözəl, daş döymə,

Qoyma sinəm üstə köz, qadan alım!
Aşıq Ələsgərin qədrini bilsən,

Ağladıb, çeşminin yaşını silsən,

Əgər qədəm qoyub, bir bizə gəlsən,

Yerin var göz üstə, gəz, qadan alım.


Cilvələnib nə qarşımda durubsan,

Anam sənı qurban, ay sarıköynək.

Mələksən, çıxıbsan cənnət bağından,

Heç kim olmaz sənə tay, sarıköynək2.

Cinas yaratma sənəti aşıq şeirində önəmli yer tutar. Aşıq şe­iri­mizdə cinas ustası kimi də böyük yeri və mövqeyi vardır Aşıq Ələs­gərin. Onun yaratdığı cinaslar təbii, gözəl olduğu qədər də məz­munlu və mənalıdır. Təcnislərində ustad aşıq cinas yaratma sə­­nətini ortaya qoyur. Sənətçinin təcnislərindən bir neçə misal ve­rək:

Xudam səni nə xoş gündə yaradıb,

Meylim axır sənə sarı, görəndə.

Həsrətindən yüz yara var sinəmdə,

İnsaf eylə, birin sarı, görəndə.
Mən qurban eylərəm yara canımı,

Götürüb doğruya, yara canımı.

Alıb təpə-dırnaq yara canımı.

Bilmirəm dərmanı, ay ana, ana.


Qəvvas, dəryalarda bağlar sal indi,

Keçən günü, dost, yadına sal indi.

Şamar zülfün gərdənindən sal indi,

At boynuma, eylə nəsağı belə.


Tərlansan, ovlatma sarı, dur, gedək,

Bu sınıq könlümü sarı, dur, gedək.

Ələsgərəm, bizə sarı dur, gedək,

Bir dərdimi eyləyibsən, Narın, üz.

Birinci bənddəki “sarı”tərəf, yön, ikinci misradakı “sarı” isə sarımaq anlamındadır. İkinci bəndin ilk misrasında “yara” – sev­giliyə, ikinci və üçüncü misralardakı “yara” – yarmaq məna­sın­dadır1. Üçüncü bənddə, birinci misrada “sal” sözü su mənbə­lə­rin­də və çaylarda istifadə olunan alət, ikinci misrada “yadına sal” – xatırlamaq, üçüncü “Zülfün gərdənindən sal” – isə “saçlarını çiy­ninə tökmək” mənasına gəlir.

Dördüncü bənddəki ilk “sarı” sözü quşu, iknci “sarı” sarı­maq, üçüncü “sarı” isə tərəf, yön bildirir.

Göründüyü kimi, cinasları bu qədər ustalıqla təcnislərinin bənd və misralarında yerli-yerində oturda bilmək, onları şeirin məz­­munu ilə sıx şəkildə bağlaya bilmək sənətçidən böyük iste­dad, əmək tələb etməkdədir.

Aşıq Ələsgər dodaqdəyməz təcnislər, cığalı təcnislər, deyiş­mə və gəraylıların da canayatan, oynaq və təbii örnəklərini yarat­mış­dır. Aşı­ğın gəraylıları dil sadəliyi və təbiilik baxı­mından başqa şe­irlə­rindən daha aydın və axıcıdır. Gəray­lıla­rından bir neçə örnək ve­rək:

Gedin, deyin o gəlinə,

Ölürəm, yanıma gəlsin.

Bəlkə gəlsə, tapam şəfa,

Batmasın qanıma, gəlsin.


Dəryalarda olar balıq,

Mətləbini versin xalıq.

Çit tuman, atlas arxalıq,

Yar gəlsin, yanıma gəlsin.


Ələsgərin sədası var,

Dəryaların adası var.

Mərd igidin qadası var,

Namərdin canına gəlsin!


* * *

Yar yanında günahkaram,

Doğru sözüm yalan oldu.

Yeriş etdi qəm ləşkəri,

Könlüm şəhri talan oldu.

Bax bu qaşa, bax bu gözə,

Yandı bağrım, döndü közə.

Keçən sözü çəkmə üzə,

Keçən keçdi, olan oldu1.
* * *

Nə baxırsan pəncərədən,

Xumar gözün süzən gözəl.

Aşnasından kənar gəzib,

Bağrım başın əzən gözəl.

Dilimizin xüsusiyyətlərini yaxşıca mənimsəyən milli aşıq sə­nə­timizin bu div sənətçisi, dilin ahəng qanununu, səs və söz­lə­ri­mi­zin musiqiliyini, xalq şeirimizin zəngin­lik­lə­­rini, milli heca vəz­ni­mi­zin oynaq, canayatan olçü­lərinin dərinliyi, genişliyi və rən­ga­rəng­li­yi ilə dəyər­ləndirə bilmiş­dir. Aşıq Ələsgəri yaşadan, sənə­tini əbə­di­­ləşdirən də əsərlə­rindəki bu özəlliklərdir.


Xavər ASLAN
SÖZLÜ ƏDƏBİYYATIMIZDA HƏCV
Sözlü ədəbiyyatımız həcv1 sənətinin dolğun və möhtəşəm ör­nəkləri ilə zəngindir. Ata sözlərimiz, deyimlərimiz, nağıl və fık­­ra­larımızda2 xalq düşüncəsinin, yumorunun böyük yaradıcı gü­cü ilə qarşı qarşıyayıq.

Hikmət dolu, böyük təcrübə və sınaqların nəticəsi olaraq ya­ranan ata sözlərimizdə, ifadə və deyimlərimizdə həcv sənəti də yük­sək­dir. Acı istehza, öldürücü gülüş, dərin kinayə ata söz­ləri­miz ilə ifa­dələrin böyük bir qisminin məzmununda yer almışdır. Xalq acı­lar­ı­nı, kədərini, cəmiyyətdəki zorbalığı, haq­sızlıqları, gün­də­­lik həyatın­da­kı keçim­sizliyi, ailə-məişət müna­qişələrini qısa və mə­nalı şəkildə şi­fa­hi ədə­biyya­tımızın bu jan­rına sığ­dırmışdır. Xə­sis­lik, yaltaqlıq, gerilik və cə­halətin tən­qidi, varlı, yoxsul, qon­­şu, əq­rəba münasibətləri, ər-ar­vad, gəlin-qaynana, ata-oğul mü­na­qi­şə­ləri satirik ata sözlərimiz, ifadə və deyimlərimizin əsas möv­zu­su­dur. Toplumda ətrafında, gündəlik yaşayışında qarşılaşdığı ya­ra­mazlıq və mənfilikləri babalarımız uzun-uzadı deyil, bir cümlə, bə­zən isə iki kəlmə ilə dəyərlən­dirərək, ölməz yaradıcı gücünü, is­te­dad və sənətini ortaya qoy­muşdur:

Alışdı yağlı dolmaya, əcəb, bir gün olmaya,

Qocaya gedən quyruq yeyər, cavana gedən yumruq.

Allah kərimdi, quyusu dərindi.

Axmağı göndər, arxasınca get.

Adam adamdı, olmasa pulu, eşşək eşşəkdi, olsa da çulu.

Eşşəyə yasin oxumaq.

Başını yağladılar. Başına papaq qoydular.

Bağa qınından çıxdı, qınını bəyənmədi.

Donuzdan yun qırxmaq. Donuzdan bir tük.

İş xəstəsi, söz ustası.

Bi­­ri yeyər, biri baxar, onda qiyamət qopar.

Apar onu, sal yoğurda, kəsməsə, malımdı mənim, salasan bərk pənirə, o xam xəyalındı sənin.

At öləndə itin bayramıdı.

Aralığ atı kor Fatı (İşi-gücü olmayan kimsə)

Aşağı kətdə kəbin kəsir.

Yaralı eşşək çox anqırar.

Qazıya yalqız gedən razı gələr.

Molla kitabdan kitaba salar, halal eylər, yeyər.

Gəlinin dini yox, qaynanaın imanı.

Dədə görməyib, elə bilir Şaqqulu da bir dədədir.

Örnək verdiyimiz bu misallarda gülüş bəzən kəskin, çox za­man yumşaqdır, bəzən açıq, bir sıra hallarda isə cox kübarca, ör­tü­lü şəkildədir. Bu kübar və örtülü gülüş pərdəsinin arxasında, diq­qət edilərsə, daha dərin məna, acı­masız tənqid yer almaq­dadır.

Milli xüsusiyyətləri aydınlığı ilə canlandıran sözlü ədə­biyyat janr­larında, eləcə nağıllarda da həcv başlıca yer tutur. Keçəllə (Kəl­oğlan) bağlı nağıllarımız bu baxımdan diqqəti çəkir.

İndi də Azərbaycan “Kəli”1 bir nağılı birgə oxuyaq:
KEÇƏL, MOLLA və ÖGEY ANA
Biri var idi, biri yox idi, bir keçəl var idi. Atası öləndən son­ra keçəlin analığı və keçisi, on da toyuğu qalmışdı. Keçəlin analığı to­yuqların altından gündə on yumurta götürürdü. Keçidən də bir bad­ya süd sağırdı. Amma keçələ bir zəy də vermirdi ki, gözünə qoy­sun. Özü də gündə haqq-nahaq onu doyunca döyür­dü. Keçəl ögey anasının əlindən lap boğaza yığılmışdı.

Günlərin bir günü ögey ana keçəli səhər lap tezdən dur­ğu­zub dedi:

– Bu gün keçinin otu yoxdur, dur, apar otarmağa.

Keçəl axşama kimi ac-susuz qalıb keçini otardı, axşam da gə­lib ac-susuz yatdı. Keçəl acından yata bilmirdi. Gecədən bir pas keç­miş qulaq verib gördü analığı yatıb. Ac qılınca çapar. Keçəl ya­vaş-yavaş durub, nəmiyə getdi. Analığı axşam keçidən bir bad­ya süd sağıb qoymuşdu nəmiyə. Toyuqların yumur­talarını da yığ­mış­dı sandığa.

Keçəl beş yumurta götürüb bişirdi, südü də badyası ilə qa­ba­ğına çəkdi. Çörək doğrayıb yumurta ilə yedi, qarnını möh­kəm­cə bərkidib yatdı.

Səhər açılan kimi keçəlin analığı durub getdi nəmiyə ki, sü­dü bişirib qatıq çalsın, baxdı ki, badya bomboşdu, süd-zad yox­dur. O saat bildi ki, südü keçəl içib. Əlinə bir yekə yarmaça alıb, ke­çəli o ki vardı, döydü. Keçəl bir təhər onun əlindən qur­tardı. Om­basını çəkə-çəkə gedib bir ağacın dibində oturdu, baş­ladı ağ­la­mağa. Keçəlin yediyi burnundan gəlmişdi. Axşama kimi orada-bu­rada veyl­ləndi, axşam durub gəldi evə. Keçəlin analığı onu ev­dən qovdu. Keçəl gecə yarıya kimi gəzib dolandı. Gecə gəldi ki, yı­xılıb yatsın, gördü analığı qapını bərk-bərk bağlayıb.

Keçəl bu gündən meşədə odun şələləyib bazara gətirməyə baş­ladı. Şələsini qəpik-quruşa verib, it kökündə dolanırdı. Gün­lə­rin bir günü eşitdi ki, analığı axunda ərə gedib.

Keçəl evlərinə gəlib analığına dedi:

– Ata malı üçün gəlmişəm. Ərə getmisən, gərək verəsən.

Analığı istədi keçəli döyüb qova. Gördü yox, ondan əl çək­mə­yəcək, ata malını istəyir, dedi:

– Günahından keçirəm, gəl, qal evdə. Day səni yaxşı sax­la­ya­cağam.

Keçəl dedi:

– Səni yaxşı tanıyıram, mənə gün verməyəcəksən. Ata malı is­təyirəm.

Analığı baxıb gördü ki, divana düşsə, keçəl bundan keçini, to­yuqları alacaq, dedi:

– Sabah gələrsən, danışarıq.

Keçəl razı olub getdi. Analığı əhvalatı axunda danışıb dedi:

– Kişi, keçiynən toyuqlar əldən gedəcək.

Axund dedi:

– Allah vurmuşdu keçəli. Keçini, toyuqları gizlət. Sabah gə­lən­də deyərsən ki, keçini də, toyuqları da oğurlayıblar.

Keçəlin analığı gördü ki, axund ağlabatan söz deyir. Odu ki, ke­çini gizlətdi.

Bəli, səhər açıldı, axund məscidə getdi. Arvad evdə tək qal­­dı. Keçəl gəlib çıxdı. Analığı yalandan ağlaya-ağlaya keçələ dedi:

– Oğlum, gəl içəri.

Analığı keçəli çəkə-çəkə işəri apardı. Qabağına süfrə salıb, üs­­tünə çörək tökdü. Keçəl ac idi, başını aşağı salıb qarnını bər­kit­di.

Analığı dedi:

– Rəhmətlik atovun gözü keçinin dalısıycanmış. Gecə ke­çi­cı­ğazı oğurlayıblar.

Keçəl bu sözü eşidincə ayağa durub dedi:

– Mən heç şey bilmirəm, keçini ver. Əgər keçini verməsən, evi odlayıb yandıracağam.

Analığı çox dedi, keçəl az eşitdi, axırda keçəl toyuqları bir ki­sə­­­yə yığıb bayıra çıxdı. Analığı bir döşünə vurdu, bir başına, düş­dü ke­­çəlin dalısıycan, keçələ yetişə bilmədi. Keçəl aparıb to­yuq­ları giz­lət­­di. Tez geri qayıdıb gördü ki, analığı evdə yoxdu. Çox gəzdi, keçi­ni tapa bilmədi, sandıqdan yumurtaları yığışdırıb apar­dı. Keçəl get­mək­­də olsun, keçəlin analığı qayıdıb gördü ki, ke­çəl yumurtaları da apa­­rıb. Analığı oturub ağlayırdı, bu zaman axund gəlib çıxdı, xəbər aldı:

– Arvad, niyə ağlayırsan?

Arvadı dedi:

– Keçəl gəlib toyuqları da, yumurtaları da aparıb.

Axund cinləndi, söyüb arvadı biyabır elədi ki, niyə qoydun ke­çəl toyuqları, yumurtaları aparsın. Axund bayıra çıxdı, çox gəz­di, aradı, keçəli tapa bilmədi, kor-peşiman geri qayıtdı.

Eşit keçəldən. Keçəl uçuq bir kalafa tapdı, içində yaşamağa baş­ladı. Amma analığı və axundla hesabını çürüdüb qurtarma­mış­dı. Oydu ki, xəlvətcə analığı olan evin yanına gəldi. Barıdan aşıb düş­dü həyətə. Baxıb gördü qapı-bacanı bağlayıb yatırlar. Təndirə bir təpik vurub dağıtdı. Təndirin yanındakı odunları iki dəfəyə da­şı­yıb koma­sı­na apardı. Sonra damın üstünə çıxıb ba­cadan baxdı, gör­dü keçi nəmi­dədi, südündən də analığı qatıq çalıb. Bir ətək tor­paq götürüb ba­cadan tökdü qatığın içinə. Sonra damın üs­tün­dən düşdü, çıxıb getdi.

Səhər analığı durub nəmiyə getdi, gördü qatığın içinə tor­paq tökülüp. Həyətə çıxıb gördü təndir uçurdulub, yanında bir odun da yoxdu. Tez axundun yanına gəlib əhvalatı ona danışdı:

– Yəqin, bu işləri edən keçəldi. Odunu aparıb, təndiri da­ğı­dıb, iki güvəc qatığı zay eyləyib, içinə torpaq töküb.

Axund gördü ki, keçəl keçəlliyində qalsa, gəlib yorğan-dö­şək­lə birlikdə onları da oğurlayacaq. O, arvadına dedi:

– Arvad, gərək bu keçəlin nitqin kəsəm. Bəlkə, canımız ra­hat ola.

İndi eşit keçəldən. Keçəl odunları aparıb yığmışdı ko­ma­sı­nın həyətinə. Baxıb gördü çörək pulu yoxdu. Odunları bazara çək­di, satıb çörək aldı, gətirib yeməyə başladı. Keçəlin kefi kök, da­mağı çağ idi. O, bir ala-qara tula da saxlayırdı. Bu tulanı keçəl elə öyrətmişdi ki, heç kəsi kalafaya buraxmırdı. Keçəl də tulanı çox istəyirdi, həmişə yanında saxlayırdı.

Bir gün axund gecə yarısını keçirib, keçəlin evinin yanına gəl­di, dırmaşdı divarın başına. İstədi düşə içəriyə. Divardan sal­la­nan­da keçəlin tulası onu gördü. Yüyürüb yapışdı axundun çu­xa­sı­nın ətəyindən, başladı dartmağa. Axund gördü ki, iş şuluq­dur. Dar­tınıb ənvayi-müsibətlə tulanın ağzından qurtardı, başı yalovlu evə gəldi. Baxıb gördü tula onun çuxasının ətəyini qopa­rıb. Utan­dı­ğından arvadına bir söz demədi, soyunub yatdı...


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin