Böyük dövlətlər arasında ziddiyyətlər və onların Şərq siyasəti. XIX əsrin sonu-XX əsrin əvvəllərində beynəlxalq münasibətlərin əsas səciyyəvi cəhəti maliyyə və sənaye inhisarlarının dünyanı xammal və bazarlar cəhətdən bölmək uğrunda mübarizəsi XIX əsrin son onilliyi dünya siyasətində ABŞ-ın rolunun artması ilə səciyyələnir.Bu dövrdə ABŞ-ın xarici siyasət fəaliyyəti əsasən,iki istiqamətdə inkişaf edirdi: 1.Uzaq Şərq; 2.Latın Amerikası.
ABŞ 1893-cü ildə Sakit okeandakı Havay adalarını tutdu.Həmin adalar Birləşmiş Ştatların Okeaniyaəsas dayaq məntəqəsinə çevrildi.Bundan sonra ABŞ-ın qərb sahillərindən Çinə qədər olan xarici siyasət niyyətlərini həyata keçirmək asanlaşdı.
ABŞ 1898-ci ildə İspaniyaya qarşı müharibəyə başladı və onun üzərində qələbə çaldı.Məğlubiyyətə uğrayan İspaniya Filippin adalarını,Puerto-Rikonu və Kubanı ABŞ-a verməyə məcbur oldu.İspaniya-Amerika müharibəsi müstəmləkələr uğrunda iki böyük dövlətin,eyni zamanda dünyanı bölüşdürmək uğrunda ilk imperialist müharibəsi idi.XIX əsrin sonu-XX əsrin əvvəllərində ABŞ-ın Uzaq Şərq siyasətində Çin mərkəzi obyekt oldu.Amerika diplomatiyası Çinə gələcəkdə kapital qoymaqda mühüm bazar kimi baxırdı.Lakin Çın artıq digər böyük dövlətlər tərəfindən bölüşdürülüb qutardığından belə vəziyyət ABŞ-ı təmin edə bilməzdi.Amerika diplomatiyası Çini bölüşdürən dövlətlərlə diplomatik mübarizəyə başladı.1899-cu ildə ABŞ dövlət katibi Aleksandr Heyq Çin barəsində öz dövlətinin siyasətini açıqladı.Bu siyasət “açıq qapılar” doktrinası adını aldı.Doktrinaya görə Çində bütün millətlərin kapitalının fəaliyyəti üçün bərabər imkanlar və bərabər şərtlər yaradılmalı və Çində azad iqtisadi fəaliyyət prinsipi gözlənilməli idi.Amerika diplomatiyasının bu addımının ciddi siyasi və iqtisadi səbəbləri var idi.ABŞ özünün iqtisadi qüdrətinə arxalanaraq kapitalının köməyi ilə bütün rəqiblərini Çindən vurub çıxarmağa ümid edirdi.ABŞ höküməti özünün əsas rəqibi kimi Çində Rusiyanı görürdü.Rusiyanı Çindən sıxışdırmaqdan ötrü Amerika diplomatiyası ingilis diplomatiyası ilə birlikdə Yaponiyaya müttəfiq kimi baxırdılar.
XIX əsrdə böyük dövlətlər arasında mövcud olan ziddiyyətlər yeni əsrdə nəinki aradan qalxmadı,əksinə daha da kəskinləşdi və yeniləri əlavə olundu.Avropada belə ziddiyyət başlıca olaraq,Elzas və Lotaringiya məsələləri üstündə fransız-alman ziddiyyəti idi.Alman kapitalının Reyn-Rur inhisarları Lotaringiya dəmir filizi üstündə fransız ağır sənayesinə qarşı mübarizə aparırdı.Alman hakim dairələri işğal etdiyi ərazilərlə kifayətlənməyərək hələ də Fransada qalan Brie və Lonqvi hövzələrini ələ keçirmək istəyirdilər.Alman diplomatiyasına qarşı mübarizə aparan fransız diplomatiyası 1871-ci ildə Almaniyanın işğal etdiyi torpaqları geri almaq istəyirdi.
İngilis-fransız ziddiyyətləri təkcə iki ölkə arasında olan ziddiyyət deyildi,bu,Almaniya ilə Fransa arasında Avropada hegemonluq uğrunda barışmaz mübarizə idi.
Böyük dövlətlər arasında mübarizədə rus-alman və rus-avstriya ziddiyyətləri mühüm yer tuturdu.Bu ziddiyyətlər beynəlxalq münasibətlərə özünəməxsus təsir göstərirdi.
Eyni zamanda ingilis-rus və ingilis-fransız ziddiyyətləri mövcud idi.Lakin əsrin əvvəllərindən başlayaraq bu ziddiyyətlər özlərinin əvvəlki kəskinliyini itirdilər.Bunun əvəzində köhnə beynəlxalq ziddiyyətlərə yeniləri,xüsusən ingilis-alman ziddiyyəti əlavə olundu.Həmçinin ABŞ və Yaponiya arasında da ziddiyyətlər kəskinləşdi.
1873-cü il iqtisadi böhranından sonra İngiltərə Almaniya ilə ticarət üzrə rəqabəti daha ağrılı qəbul etməyə başladı.Bununla birlikdə Almaniya imperiyasının yüksəlməsi qitədə alman hegemonluğunun qurulması İngiltərəni təhlükəyə saldı.Növbəti on ildə ingilis-alman ziddiyyətlərini kəskinləşdirən amillər sırasına müstəmləkələr uğrunda mübarizə də əlavə olundu.90-cı illərin ortalarında geniş müstəmləkə imperiyası yaratmaq Almaniyanın xarici siyasətinin əsas vəzifəsinə çevrildi.Bu dövrdən başlayaraq alman-ingilis ziddiyyətləri dünya siyasətində fövqəladə dərəcədə kəskinləşdi.Ziddiyyətlərin xüsusi dərəcədə kəskin olması, onun sənayecə inkişaf etmiş iki böyük dövlət arasında getməsi və yalnız “azad ərazilər”i bölüşdürmək uğrunda mübarizə ilə deyil,eyni zamanda İngiltərənin və digər ölkələrin əvvəllər tutduğu ərazilərin bölüşdürülməsi uğrunda barışmaz mübarizə ilə izah olunurdu. Gənc alman imperializmi dünyanın köklü şəkildə yenidən bölüşdürülməsini israr edirdi.Bu dövrə qədər münasibətləri nisbətən mehriban olan İngiltərə və Almaniya arasındakı ziddiyyətlərin mürəkkəbləşməsi 90-cı illərin ortalarında daha da kəskinləşdi.Almaniya hər yerdə mümkün vasitələrlə ingilis müstəmləkə siyasətinə mane olmağa çalışırdı.İki ölkə arasında rəqabət sahələrindən biri Cənubi Afrika idi.Burada Almaniya İngiltərəyə və bur respublikalarında onun nüfuzuna qarşı mübarizəyə başladı.
İngiltərə ilə Almaniya arasında barışmaz ziddiyyət eyni zamanda Yaxın və Orta Şərqdə də gedirdi.1898-ci ildə Almaniya imperatoru II Vilhelmin İstanbula səfəri zamanı Türkiyə sultanı Bağdad dəmir yolunu alman kapitalistlərinə konsessiyaya verməyi vəd etdi.İngilis hakim dairələri Almaniyanın Türkiyəyə nüfuz etməsinə Şərq ölkələrində özlərinin təsir dairələrinə zərbə kimi baxırdılar.
Lakin 1898-ci ildə Almaniya güclü hərbi-dəniz donanması yaradılmasına girişdikdə İngiltərə özünü daha böyük təhlükə qarşısında hiss etdi.Donanmanı yaratmağa başlayan Almaniya İngiltərənin hərbi-dəniz üstünlüyünə son qoymaq istəyirdi.
İngiltərənin Uzaq Şərqdə Rusiyaya qarşı mübarizə aparması,Afrikada isə Fransa ilə mövcud olan ziddiyyətləri onu Almaniya ilə münaqişədən uzaqlaşmağa sövq edirdi.İki böyük dövlətə qarşı mübarizə aparmaq İngiltərə üçün çox ağır idi.Lakin Rusiya Uzaq Şərqdə Port-Arturu işğal etdikdən sonra 1898-ci ilin martında İngiltərənin müstəmləkələr naziri Cozef Çemberlen Rusiyaya qarşı ingilis-alman ittifaqını yaratmaq haqqında təklif etdi.Bu dövrdə ingilis diplomatiyasının Almaniya ilə münasibətləri normallaşdırmağa can atmasının başqa bir səbəbi də var idi.İngiltərənin silahlı qüvvələrinin xeyli hissəsi 1899-1902-ci illərdə bur respublikaları ilə aparılan müharibəyə cəlb edilmişdi.Bir neçə cəbhədə hərbi və diplomatik-siyasi mübarizə aparmaq İngiltərə üçün çətin olduğundan,o,daha az zərərli variantlar axtarmağa başladı.
XIX əsrin sonu-XX əsrin əvvəllərində dünyada müstəmləkə zülmü əleyhinə kütləvi xalq hərəkatı başlandı.1900-cü ildə Çində xalq üsyanı baş verdi.Üsyançılar Pekini tutaraq, xarici dövlətlərin səfirliklərinin yerləşdikləri məhəlləni mühasirəyə aldılar.Üsyanı yatırmaqdan ötrü Çinə beynəlxalq cəza dəstələri göndərildi.Bu dəstələrin tərkibində müxtəlif ölkələrin silahlı qüvvələri var idi.1900-cü il avqustun 15-də beynəlxalq qüvvələr Pekini tutdular.Üsyan görülməmiş qəddarlıqla yatırıldı,Pekin sarayları və ehramları xarici zabitlər tərəfindən qarət edildi.Çin höküməti xarici ölkələrin hökümətləri ilə danışıqlara başlamağa məcbur oldu.Danışıqlar nəticəsində 1901-ci ildə yekun protokolu imzalandı.Protokola görə,Çin bir sıra şərtləri yerinə yetirməyə məcbur oldu:üsyan nəticəsində xaricilərə dəyən zərəri ödəməkdən ötrü Çin höküməti təzminat verməli idi;Çinə xaricdən silah gətirilməsi qadağan edilirdi və s.
Üsyanın yatırılmasından istifadə edən Rusiya orduları Mancuriyanın bir hissəsini,İngiltərə isə xarici kapitalın fəal mərkəzi hesab edilən Şanxayı işğal etdi.Şanxayın işğalı ilə kifayətlənməyən ingilislər Rusiyanı Mancuriyadan vurub çıxarmağa çalışırdılar.Bundan ötrü ingilis diplomatiyası Almaniyadan istifadə etmək istəyirdi.Lakin Rusiyaya qarşı ingilis-alman ittifaqını yaratmaq cəhdləri uğursuzluqla nəticələndi.Bunun əvəzində isə ingilis diplomatiyası Koreya və Mancuriyanı özünə tabe etmək istəyən Yaponiyanı müttəfiq kimi görməyə başladı.İngiltərə ilə Yaponiya arasında başlanan danışıqlar 1902-ci ildə müttəfiqlik haqqında müqavilənin bağlanması ilə başa çatdı.Müqaviləyə görə,tərəflərdən biri üçüncü dövlətlə müharibə vəziyyətində olardısa,digər dövlət birtərəfliyi gözləməli idi.Tərəflərdən biri başqa iki dövlətlə müharibə aparardısa,onda digər tərəf bitərəf olmamalı,müqavilə imzaladığı dövlətə hərbi yardım göstərməli idi.Müttəfiqlik haqqında müqavilənin bağlanması ilə yanaşı İngiltərə Yaponiyaya maliyyə yardımı da göstərdi.
Yaponiyaya maliyyə və diplomatik yardımlar göstərən ölkələrdən biri də ABŞ idi.Yaponiyaya göstərilən bu yardımlar Uzaq Şərqdə onun fəallığını artırdı.1904-cü ilin yanvarında Yaponiya Rusiya ilə müharibəyə başladı.Rus hərbi-dənin donanması darmadağın edildi.Rusiya acınacaqlı məğlubiyyətə uğradı.Rusiyanın məğlubiyyətinin əsas səbəbləri çarizmin çürüklüyündə,iqtisadi,siyasi,hərbi,diplomatik və mənəvi cəhətdən müharibəyə hazır olmamasında idi.Rusiya 1905-ci ilin sentyabrında ABŞ-ın Portsmut şəhərində sülh müqaviləsi imzalamağa məcbur oldu.Sülh müqaviləsinin şərtlərinə görə Rusiya Lyaodun yarımadasını və Port-Artur,Cənubi Mancuriya dəmiryolunu,onunla birlikdə isə bütün Cənubi Mancuriyanı,Saxalin adasının cənub hissəsini Yaponiyaya verdi və Koreyada Yaponiyanın üstün nüfuzunu qəbul etdi.
Dostları ilə paylaş: |