Birinci Mərakeş böhranı. Fransanın Almaniya təcavüzündən qorxması əbəs deyildi.Alman höküməti 1904-cü ilin sonunda rus hökuməti ilə ticarət müqaviləsi bağladı.Müqavilə daha çox Almaniyanın xeyrinə idi.Bununla kifayətlənməyən Almaniya imperatoru II Vilhelm Rusiya çarı II Nikolayla Rusiya ilə Almaniya arasında ittifaq bağlamaq haqqında şəxsi danışıqlara başladı.Belə bir müqavilənin bağlanması fransız-rus müttəfiqliyinin sonu və Rusiyanın Fransaya qarşı istifadə olunması demək idi.Lakin o vaxt Rusiya ilə ittifaq bağlamaq mümkün olmadı.Yalnız 1905-ci ildə Finlandiyada Byörkö adası yaxınlığında görüş zamanı II Vilhelm və II Nikolay Sankt-Peterburqa qayıtdıqdan sonra nazirlərin tələbi ilə öz imzasından imtina etdi.Rus-alman müttəfiqliyi haqqında danışıqların uğursuz nəticələnməsi Fransa üçün olan təhlükəni aradan qaldırmadı.Çünki Yaponiya ilə müharibədə biabırcasına məğlub olan və xeyli dərəcədə zəifləyən Rusiya inqilab girdabına düşmüdü.Belə şəraitdə Rusiya Fransaya heç cür yardım edə bilməzdi.
Bunu görən alman diplomatiyası ingilis-fransız Antantasının əleyhinə çıxdı.Almaniya kansleri Bülöv Fransanı qorxutmaq,İngiltərə ilə əməkdaşlıqdan çəkindirmək və Mərakeşdə möhkəmlənməsinə imkan verməmək istəyirdi.Bülöv Mərakeşin müstəqilliyini qorumaq adı ilə onu Almaniyanın təsiri altına salmağa çalışırdı.Almaniya diplomatiyası iftira və qorxutmaq metodlarından istifadə edirdi.1905-ci il martın 31-də II Vilhelm Mərakeşin Tancer limanına gələrək,orada etdiyi çıxışında Mərakeşin müstəqil olduğunu bildirdi.Eyni zamanda o,digər dövlətlərlə bərabər Almaniyanın da Mərakeşdə hüququnun olduğunu göstərdi.Bunun ardınca Almaniya höküməti Mərakeşə dair beynəlxalq konfrans çağırmaq tələbi ilə çıxış etdi.Alman diplomatiyası konfransdan istifadə edərək Mərakeşə dair ingilis-fransız sövdələşməsini ləğv etmək istəyirdi.Almaniyanın tələbini yerinə yetirmək istəmədikdə Fransa müharibə təhlükəsi qarşısında qalırdı.Britaniya höküməti belə vəziyyətdə Fransaya hərbi yardım göstərməyə hazır olduğunu bildirdi.İngilis diplomatiyası bununla hələ də İngiltərədən zəif olan alman hərbi-dəniz donanmasını Fransanın əli ilə ləğv etməyə çalışırdı.
Fransanın xarici işlər naziri Delkasse Almaniyanın təklifinin əleyhinə cavab vermək tərəfdarı idi.Lakin Nazilər şurasının sədri Ruvye və respublikanın prezidenti Lube onunla razılaşmadılar.Nəticədə Delkasse istefaya getdi.Ruvye isə Mərakeş məsələsinə dair Almaniya ilə danışıqlara başladı.Fransa Mərakeş haqqında məsələnin beynəlxalq konfransda müzakirə edilməsinə razı oldu.Mərakeş məsələsinə dair beynəlxalq konfrans 1906-cı ilin əvvəlində İspaniyanın Əlhəsiras şəhərində toplandı.Mərakeş məsələsinə dair konfrans çağrılması faktı alman diplomatiyasının qələbəsi olsa da,ingilis-fransız diplomatiyasının məğlubiyyəti demək deyildi.Konfransda Almaniya təcrid olunmuş vəziyyətə düşdü.İngiltərə,Rusiya və hətta formal olaraq Almaniya ilə müttəfiq olan İtaliya da konfransda Fransanı müdafiə etdi.ABŞ diplomatiyası da eyni mövqeni tutdu.Konfransın qəbul etdiyi qərarlara görə Mərakeş müstəqil və suverən dövlət elan edildi.Bununla belə,konfransın digər qərarları Mərakeşin müstəqillik və suverənlik hüquqlarını pozurdu.Belə ki,Mərakeş polisinin yaradılması Fransa və İspaniyanın əlində cəmləşdirildi.Bu isə daha çox Fransanı qane edirdi.Fransız höküməti qayda-qanunu qorumaq adı altında Mərakeşdə öz nüfuzunu gücləndirməyə imkan qazanırdı.
Konfransda Almaniyanın xeyrinə də bəzi güzəştlər edildi.Mərakeşin dövlət bankı alman,ingilis,fransız və ispan banklarının iştirak etdiyi konsorsium əsasında qurulurdu.
Bütövlükdə konfransın qərarlarından razı olmayan alman diplomatiyası Mərakeşin bölüşdürülməsindən az da olsa pay almaq istəyirdi.Beləliklə,Mərakeşdə nüfuz dairələri uğrunda mübarizə hərbi təhlükənin mənbələrindən biri idi.
Mərakeş böhranının ciddi beynəlxalq nəticələri oldu.O,dövlətlər arasındakı ixtilafları nəinki həll etmədi,əksinə onları yeni mərhələyə qaldırdı.Bunan sonra dövlətlər silahlanmaya və ordu quruculuğuna xüsusi diqqət yetirməyə başladılar.Belə ki,ingilis höküməti təkcə müstəmləkələrə deyil,eyni zamanda böyük Avropa müharibəsi olacağı təqdirdə Fransa və Belçikaya göndərilmək üçün quru qoşunlar yaratmaq haqqında qərar qəbul etdi.
Dostları ilə paylaş: |