Mühazirə 1 XIX əsrin sonu-xx əsrin əvvəllərində mənəvi sarsıntılar


Mühazirə-9 Marsel Prustun (1871-1922) həyatı



Yüklə 88,35 Kb.
səhifə20/59
tarix27.12.2023
ölçüsü88,35 Kb.
#199117
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   59
dünya edeb-3 fenninin muhazire materiallari muh1-23 (1)

Mühazirə-9
Marsel Prustun (1871-1922) həyatı
Marsel Prust fransız yazıçısıdır. O kifayət qədər zəngin ailədə dünyaya gəlmişdir: atası məşhur həkim, anası varlı yəhudi ailəsindən idi. Kondorse liseyini başa vurandan sonra Saibonnanın hüquq fakültəsində təhsil almışdır. Gənc yaşlarında “Fiqaro” qəzetində çalışmışdır. 1896-cı ildə “Həzlər və günlər” hekayələr toplusunu çap etdirmişdir. O dövrün görkəmli sənətkarı Anatol Frans M. Prustun böyük istedad sahibi olmasını dərk etmiş və onun kitabına ön söz yazmışdı. 1906-cı ildə M. Prust ağır astma xəstəliyinə tutulmuş və cəmiyyətdən təcrid olunmuşdu. 1907-ci ildən başlayaraq görkəmli yazıçı yeddi romandan ibarət “İtirilmiş zaman axtarışında” əsəri üzərində işləməyə başlamışdır. Silsilənin “Çiçəklənən gənc qızların kölgəsində” (1918) romanı ona böyük şöhrət gətirmiş və Fransada aparıcı mükafat sayılan Qonkur mükafatına layiq görülmüşdür.
M. Prust ilk astma tutmasına doqquz yaşında məruz qalmışdır. Bu xəstəlik onun bütün dünyaduyumunu və həyat tərzini müəyyən edən əsas faktora çevrilmişdir. Artıq “Həzlər və günlər” novellalarında xəstəlik mövzusu geniş əks olunmuşdur. Xəstəlik “İtirilmiş zaman axtarışında” silsiləsində də təhkiyəçinin mövcudluğunun labüd atributlarından biridir. 1890-cı illərdə M. Prust müntəzəm şəkildə Paris kübar salonlarını ziyarət edir. Gələcək yazıçı öz romanları üçün material toplayır. Onun əsərlərinin qəhrəmanlarının prototipləri məhz bu salonların qonaqları idilər. Marsel Ptustun bir şəxsiyyət kimi formalaşmasında onun yaxınlarının da ölümü böyük rol oynamışdır: əvvəlcə nənəsini və atasını, bir neçə il sonra anasını itirən yazıçı bu itkiləri ağır yaşamdır. Prust xüsusilə anasını dərin məhəbbətlə sevirdi və onun ölümü ona böyük təsir bağışlamışdı. Belə ki, “Sizin bədbəxtlik haqqında təsəvvürünüz” sualına o belə cavab vermişdi. “Anam ilə ayrılıq”. Hələ uşaq yaşlarından M. Prust insan məhəbbətinə və nəvazişinə dərin ehtiyac duyurdu. Rəfiqəsi Antuanetta Forun “Sizdə nə ən böyük antipatiya oyadır?” sualına yazıçı belə cavab vermişdi: “Xeyirxahlığı, zərifliyi, məhəbbəti duymayan insanlar nifrətə layiqdirlər.”
İtirilmiş zaman axtarışında” əsərində müəllifin bioqrafiyası
Prustun əsəri son dərəcə şəxsi səciyyə daşıyır, yəni sənətkarın həyat təcrübəsinə, başına gələnlərə əsaslanır. Lakin bununla belə bu əsəri “avtobioqrafik roman” çərçivəsinə salmaq qətiyyən mümkün deyil: mətni ilə yazıçının həyatı, “Marsel” adını daşıyan təhkiyəçi ilə yazıçı Marsel Prust arasında böyük məsafə mövcuddur. Düzdür, əsərdə Prust öz mövcudluğunun faktından çıxış edir, özünün həyat yolunu “İtirilmiş zaman konteksində bədii vasitələrdən istifadə edərək nəzərdən keçirməyə cəhd edir. Lakin bununla yanaşı konkret insan əsərdə bir tərəfdən köklü şəkildə təhlil olunur, digər tərəfdən isə sintez edilərək ümumiyyətlə insan, onun taleyi, problemləri haqqında fəlsəfi ümumiləşdirmələr ilə nəticələnir. Nəticədə əsər yalnız şəxsi başlanğıcı və prinsipləri deyil, həmçinin sənətkarın yaşadığı dövrün ictimai həyatını da ehtiva edir. Məhz buna görə də Prustun bədii özəlliklərini təhlil edərək həm sənətkarın fərdi xüsusiyyətlərini, həm də onun yaradıcılığına təsir göstərmiş sosial-mədəni faktorları nəzərə almaq lazımdır. Tədqiqatçılar qeyd edirlər ki, Marsel Prustun həyatı xarici müstəvidə heç də çoxsaylı hadisələrlə səciyyələnmir. Prust bir şəxsiyyət kimi son dərəcə həssas olmuşdur. Prust şəxsiyyətinin qeyri-adi daxili dünyası “İtirilmiş zaman axtarışında” silsiləsinin bədii sisteminin spesifikasını müəyyən edir. Lakin eyni zamanda həssas şəxsiyyət kimi Prust dövrünün bir sıra cəhətlərini öz şəxsi prizmasından əks etdirməyə nail olmuşdur. Məlumdur ki, bir sənətkar kimi M. Prust XIX əsrin sonu şəraitində formalaşmışdır. Bu isə onun saysız-hesabsız ekzistensial problemlərlə üzləşməsi demək idi. Dövrün demək olar ki, bütün ziyalıları kimi M. Prust da daxili bütövlükdən məhrum olmuş, özgələşmənin mərkəzdənqaçan meyllərinin qurbanına çevrilmişdir. Bütün bunların sayəsində Prustun romanlar silsiləsi dövrün son dərəcə mühüm problemlərini əks etdirdiyinə görə öz miqyası ilə diqqəti cəlb edir. Gerçəklik əsərdə son dərəcə müxtəlif səviyyərdə təqdim olunur: əsərdə sənətkar ekzistensial, sosial, sosial tarixi, konkret şəxsi, intim-hissi planların birləşib üzvi vəhdət təşkil etməsinə və dövrün mürəkkəb mənzərəsini təqdim etməsinə nail olmuşdur.
İtirilmiş zaman axtarışında” əsərində həyata münasibət
Əsərdə baş qəhrəmanın və müəllifin özünün həyata münasibətinin mahiyyəti “Həyat”, “Zaman”, “Ölüm”, “İncəsənət” anlayışları ilə müəyyən olunur. Bu anlayışlar M. Ptust dünyaduyumunun təməlini təşkil edirlər. “Ölüm” anlayışı yazıçının artıq ilk əsərlərində özünü büruzə vermiş, həyati dəyərlərin mühüm ölçüsünə çevrilmişdir. Ölüm obrazı Prustun şüurunda paradaksal məntiqin formalaşmasına səbəb olmuşdur. Ekzistensialistlərdən əvvəl Prust artıq dərk edirdi ki, fərdi mövcudluğun sonucluğu insan üçün fərdi xarakter kəsb edir və bu hiss onu bütün ömrü boyu müşayiət edir. Lakin bu sonucluluq müəllifi həyat haqqında düşünməyə vadar edir. Ölüm mövzusu silsilənin bütün romanlarında bu və ya digər şəkildə öz təcəssümünü tapmışdır: təhkiyəçinin bununla bağlı düşüncələri, nənənin, Albertinanın ölümü buna misal ola bilər. Həqiqətən də ölüm mövzusu Prustun yaradıcılığının həm xronoloji, həm də struktur planda çərçivəsini təşkil edir. Prust fərdi ruhi ölümsüzlüyü şübhə altına alır. Lakin bununla yanaşı o həyatın əbədi və universal ruhi əsasının mövcudluğuna əmindir. Belə bir konteksdə ölüm nisbi xarakter kəsb edir və bu baxımdan Prust yaradıcılığının digər bir anlayışı ilə-“zaman”la sıx bağlı olur. Prust üçün insan mövcudluğu zamanın qanunlarına tabe olası Həyat içində hərəkətdir. Məhz buna görə də ölüm Prust üçün bir növ mövcudluğun fərdi və universal formaları arasında sərhəddir. Bu halda Həyat Zamanla, Ölüm Əbədiyyətlə eyniləşir. Həyata məhəbbət Prust üçün xəstəlikdir, ölüm isə Həyatla əlaqələrimizi qurmaqla bizi ölümsüzlük ehtirasından azad edir və bizə “ölümün hər şeydən əvvəl yoxluq” olduğunu başa düşməyə imkan verir. “İtirilmiş zaman axtarışında” əsərində “Həyat”, “Ölüm”, “Zaman” anlayışları mürəkkəb qarışılıqlı asılılıq şəraitində mövcud olurlar və bir-birilərini şərtləndirirlər. Ölüm insanın gündəlik mövcudluğu ilə birbaşa bağlıdır, çünki hər bir yeni “mən”in dünyaya gəlməsi əvvəlki “mən”in yoxa çıxması ilə müşayiət olunur. Bu baxımdan ölüm əbədiliyin planını Həyatdan ayırmaqla kifayətlənmir, daim ona nüfuz edir və onun üzvi və ayrılmaz tərkib hissəsinə çevrilir.

Yüklə 88,35 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin