Mühazirə-10 XX əsrdə realizm XX əsrdə realizmin problemləri XX əsrdə aparıcı ədəbi istiqamət və yaradıcı metod olan realizm XX əsrin gerçəkliyini adekvat şəkildə təcəssüm etmək iqtidarında deyildi. Bu hər şeydən əvvəl XX əsr gerçəkliyinin-onun böhranlarının, dünya müharibələrinin, inqilablarının realistcəsinə qeyri-mümkünlüyü ilə bağlı idi. Lakin bununla belə ənənəvi (tənqidi) realizm XX əsr incəsənətinin əsas bədii ənənələrini müəyyən etdi. Onu da qeyd etmək lazımdır ki, realizmin nümayəndələri XX əsrdə öz yaradıcılıqlarını davam etdirir və başa çatdırır, bir sıra sənətkarlar isə məhz bu yüzillikdə öz yaradıcılıqlarını başlayır və davam etdirirdilər. Qeyd etmək lazımdır ki, XX əsrin realistlərinin əsərlərində modernizmin təsiri güclü hiss olunurdu. XX əsr realist sənəti antiutopiya janrını inkişaf etdirdi və onun klassik nümunələrinin meydana gəlməsinə səbəb oldu. Rus yazıçısı Y. Zamyatinin “Biz” (1920), ingilis yazıçısı Oldos Hakslinin “Ah, qəribə yeni dünya” (1932) əsərləri buna misal ola bilər. Bu romanlar, habelə bu dövrdə yaradılmış digər antiutopiya ədəbiyyatının nümunələri həm ideya məzmunu, həm də forma etibarilə bir-birinə bənzəyirdilər. Bu hər şeydən əvvəl bu əsərlərin əksəriyyətində totalitar hakimiyyətini nəzərdə tutur. Hər iki əsərdə gerçəkləşmiş utopik cəmiyyətdə həyat tərzini təsvir edir.
Hakslinin təsvirində qərb mütləq dövlətində insanlar kifayət qədər yumşaq üsullarla idarə olunurlar. Dövlətə tabe olmaq istəməyənləri cəmiyyətdən təcrid edir, elm və incəsənətlə məşğul olmaq istəyənləri isə Okeanlı adaya sürgün edirlər. Bu ölkədə Şekspirin mütaliəsi yasaqdır.
Halbuki Zamyatin Rusiyada sosialist utopiyasının qalib gəlməsi nəticəsində gerçəkləşən utopik cəmiyyətin reallıqlarını təsvir edirdi. Burada birbaşa zorakılıq hökm sürür, fərqli düşüncə tərzinə malik insanlar edam olunurlar, insanların təxəyyül imkanlarını əllərindən almaq üçün beyinlərində əməliyyat aparılır, insan həyatının bütün sahələri nəzarətə götürülür. Əslində antiutopist sənətkarların yaratdıqları əsərlər hələ eramızdan əvvəl yunan filosofu təklif etdiyi utopik cəmiyyətin gerçəkləşməsidir.