XX əsr realizminin fəlsəfi-estetik əsasları M. M. Baxtinin bədii şüurun dialogizmi ilə bağlı ideyaları, habelə onun bədii yaradıcılığın karnavallaşması konsepsiyası XX əsr realist sənətkarların bədii yaradıcılıq sahəsində təcrübələrini ümumiləşdirmək üçün nəzəri təməl yaradılır. Eyni zamanda bu konsepsiyaları keçmişdə, xüsusilə XIX əsrdə yazıb-yaratmış realist sənətkarların, ilk növbədə F. Dosteyevskinin yaradıcılığını XX əsr realizminin əsas mənbəyi kimi dəyərləndirməyə əsas yaratdı.
Dialoq nəzəriyyəsi realist sənətkarların yaradıcılığında bir sıra qaranlıq cəhətləri izah etməyə imkan yaratdı.
Bu nəzəriyyədən belə bir nəticə hasil oldu ki, müasir realist ədəbi-bədii nümunə öz təbiəti etibarilə polifonik səciyyə daşıyır, yəni çoxsəslidir və onun mənasını nə əsərin süjetinə, nə baş qəhrəmanın davranışına, nə də əlbəttə ki, bu və ya digər personajın deyiminə müncər etmək mümkün deyil. Baxtinin fikrincə ədəbi əsərin mənası inteqraldır, yəni saysız-hesabsız son dərəcə xırda və son dərəcə böyük deyimlərin və qəhrəmanların əməllərinin sonsuz toplusudur. Əsərin əsas məzmunu bu və ya digər personajın deyimi ilə deyil, personajların dialoqu ilə müəyyən olunur. Bu baxımdan hər bir personaj öz deyimində mənanın bir parçasını ehtiva edir. Yalnız müxtəlif personajların birbaşa yaxud dolayı dialoqu əsərin ümumi mənasını müəyyən edə bilər.
XX əsr realizmi özünün bir sıra cəhətlərini XIX əsr tənqidi realizmindən əxz etmişdir. XX əsr realizmi də tənqidi (klassik) realizm kimi həyat həqiqətlərini birbaşa təcəssüm etmək üçün gerçəkliyi elə gerçəkliyin öz formalarında təqdim etməyə üstünlük verirdi. XX əsr realizmi də XIX əsr realizmi kimi həyat həqiqətinə istiqamətlənmişdir, buna görə də demək olar ki, simvolikaya və alleqorizmə müraciət etmir. Lakin gerçəkliyi gerçəkliyin öz formasında əks etdirmək cəhdi heç də realizmdə heç metaforik, fantastik formaların, qroteskin istifadəsini istisna etmir. Bir qayda olaraq XX əsr realizmi də XIX əsr realizmi kimi insanı onu əhatə edən ictimai münasibətlər sistemində təcəssüm etməyə meyl göstərir. Məhz buna görə də XX əsr realizminin nümunələrində də dövrün kəskin sosial problemləri öz bədii ifadəsini tapmışdır.