Mühazirə-21 Magik realizm Magik realizm (onu bəzən “fantastic” yaxud da “sehrli realism” də adlandırırlar). XX əsrin ikinci yarısında Latın Amerikasında meydana gəlmiş ədəbi-bədii istiqamətdir. Bu modernləşmiş realizm əsasında Avropa və Amerika ədəbiyyatları və həmçinin Cənubi Amerika qitəsinin yerli əhalisinin bədii ənənələri birləşib üzvi vəhdət təşkil etmişlər.
Magik realizmin bədii konsepsiyasına görə insan müasirliyi və tarixi, fövqəladəliyi və təbiiliyi, paranormallığı və adiliyi özündə birləşdirən gerçəklikdə yaşayır.
Magik realizm nəsrində fantastika və gerçəklik çulğalaşırlar və qarşılıqlı şəkildə bir-birinə nüfuz edirlər və ədəbiyyatdan həyata daxil olurlar. Belə ki, Kolumbiya yazıçısı Qabriyel Qarsia Markesin romanlarından birində Kolumbiyada heç vaxt olmamış Roma papasının günlərin bir günü bu ölkəni ziyarət etməsi təsvir olunmuşdur. Yazıçının bu fantastik təsəvvürü həyata keçmiş və həqiqətən Roma papası Kolumbiyaya gəlmişdir. Heç də təsadüfi deyildir ki, Markesin “Yüz ilin tənhalığı”, “Polkovnikə heç kim yazmır”, “Patriarxın payızı” əsərində oxucunun gözləri qarşısında real, eyni zamanda fantastik və möcüzələrlə dolu dünya açılır.
Göstərildiyi kimi Markesin nəsrində, yəni onun istifadə etdiyi magik realizm yaradıcılıq metodunda gerçəklik və əfsanə çulğalaşırlar. Bu onun bioqrafiyası ilə bağlıdır. Uşaqlıqda Markes qəribə adamların yaşadıqları bir aləmdə ömür sürürdü. Yazıçı bu aləmi öz əsərlərinə gətirmişdir.
XX əsrdə yaşayan insanların həyatında fantastik əfsanəvi və real cəhətlər dağılıb məhv olurlar. Təbiilik, adilik, qeyri-adilik magik realizmin nümayəndələrinin əsərlərində birləşirlər və bu onların yaradıcılığının əsasını təşkil edir. Bu magik reallığın əsasını təşkil edir və onların yaratdıqları əsərlərin qəhrəmanları məhz belə bir aləmdə yaşayırlar.
Fantastik epizodların həyat məntiqinin qanunları ilə inkişaf etməsi, gerçək reallığın prinsiplərinə tabe olunması magik realizmin aparıcı xüsusiyyətlərindən biridir.
Q. Markesin “Yüz ilin tənhalığı” romanı Kolumbiyalı yazıçı Qabriyel Qarsia Markesin yaratdığı “Yüz ilin tənhalığı” (1967) XX əsr dünya ədəbiyyatının ən önəmli nümunələrindən biridir. Müasir tənqiddə Q. Markesin kitabının janrını “roman-mif”, “roman-saqa”, “roman-epopeya” kimi müəyyən etmək cəhdlərinə təsadüf olunur. Bu vaxta qədər əsərin tərifinin müəyyən olunmamasının səbəbi onun mürəkkəb üslub və məzmun strukturuna malik olması ilə bağlı idi.
Yüz ilin tənhalığı romanının təhkiyəçisinin zahirən sadə və dürüst forması XIX-XX əsr ailə romanının ənənəsini davam etdirir. Əsərdə epik baxımdan rəvan şəkildə detalları, rəqəmləri, faktları sadalamaqla yazıçı bir ailənin altı nəslinin həyat tarixini ardıcıllıqla nəql edir. Burada nəslin özünəməxsus cəhətləri, inkişafı, çiçəklənib zirvə həddinə çatması və nəhayət məhvi təsvir olunmuşdur. Q. Markes Buendia nəslinin tarixini kiçik Manondo şəhərinin tarixi ilə çulğalaşdırır. Bu əsərdə müəllif məşhur Folkner üsulundan-kiçik bir məkanda dünyanın bütün mürəkkəbliyini və ziddiyyətlərini təcəssüm etməyə nail olmuşdur. Lakin hər bir personajın peyda olması ilə Buendianın sərhədləri zaman və məkan baxımından genişlənir və bütün Kolumbiyaya çevrilir. Personajların eyni ada malik olmaları, hadisələrin, durumların, talelərin təkrar olunmaları, personajların bir-birini dərk etmək və dərk olunmaq iqtidarında olmamaları romanda həqiqətən əsl mifoloji xarakter kəsb edir. Buendia ailəsinin bir neçə nəslinin tarixinin özü də mifoloji xarakter kəsb edir.
Romanın mifoloji mənası ardıcıl şəkildə qəhrəmanların mövcudluğunun real-məişət planını sıxışdırıb aradan çıxarır və hər bir ada, əmələ, nəsnəyə simvol statusu verir. Lakin bununla belə Q. Markesin mifologiyasının iki ölçüsü mövcuddur: roman bir tərəfdən mif yaradır, digər tərəfdən onu parodiya hədəfinə çevirir. Bu romanın istehzaya köklənmiş intonasiyası sayəsində əldə olunur. Markesin özü bu baxımdan Rableni, Servantesi, Defonu öz sələfləri kimi dəyərləndirir, öz əsərini isə gülüş ensiklopediyası hesab edirdi. Romanın tənha və özlərinə yer tapmayan narahat qəhrəmanlarının adı da (“Buendia”-ispan dilində “salam” deməkdir) istehza ilə səslənir. Lakin bu parodiya kimi səslənən adın altında dərin məna səslənir: Buendialara tənhalığın nəticəsi deyil, həmçinin onların bir insan kimi yetərsizliyindən xəbər verir. Bu baxımdan Buendiaların romanın sonunda məhv olub yoxa çıxmaları məntiqlidir və bir növ tədricən böyük hissləri xırda ehtiraslarla əvəz edən bəşər nəslinə xəbərdarlıqdır.