Postmodernizmin fəlsəfi-estetik əsasları İşarənin ənənəvi strukturunun dağılması-işarələyənin işarələnəni birbaşa təqdim edə bilməməsi haqqında təsəvvürün formalaşması postmodernizmin fəlsəfi-estetik özülündə ilk təməl daşı olmuşdur. Keçən əsrin 50-ci illərində fransız psixoanalitiki Jan Lakan (1901-1981) strukturu linqvistikanın banisi F. dö Sessörün ideyalarının əleyhinə çıxış etdi və göstərdi ki, dilin strukturu şüursuzluqla bağlıdır. O kəskin şəkildə işarələyəni işarələnəndən təcrid etdi və sürüşgən işarələnən anlayışını dövriyyəyə buraxdı.
Fansız filosofu Mişel Fuko (1926-1954) tarixi şüursuzluq anlayışını dövriyyəyə daxil etdi və hər bir dövr üçün özünəməxsus problem sahəsinin mövcud olmasını göstərdi. Bu sahə onun fikrincə mövcud məqamda əldə olunmuş mədəni birliyin səviyyəsi ilə müəyyən olunur. Bu sahə müxtəlif elm sahələrinin diskursları ilə müəyyən olunur və şüursuz dil davranışını müəyyənləşdirir. Fuko belə hesab edirdi ki, dil subyekt vasitəsilə danışır və bu subyekt müasir dövrdə ölümə məhkumdur. Roland Barf da öz növbəsində “mətn-şüur”dan təşkil olunmuş müəllifin ölümünü bəyan etdi. Onun fikrincə müəllif mədəni ənənənin intermətnində əriyib yoxa çıxmışdır.
R. Barf tərəfindən strukturluq prinsipinin və “mətn təhlilinin tənqidi” J. Derridanın dekonstruksiya ideyaları ilə nəticələndi. Derrida “mətndən kənarda heç bir şey mövcud deyil” müddəasını irəli sürdü. Poststrukturalist və postmodernist estetikanın bu müddəaları poststrukturalist bədii istiqamətlərinin inkişafını şərtləndirdi.
Nəticədə bəzi sənətkarlar modernizmöncəki bədii nümunələrə qayıtdılar və onları yeni prinsiplər əsasında dəyişdirməyə çalışdılar. Bu baxımdan müasir bəstəkarların klassik musiqi nümunələrinin yeni bəstəmələrini göstərmək olar. Digər postmodernistlər öz əsərlərini yaradarkən klassiklərin metodlarından və texnologiyasından şüurlu şəkildə istifadə edirdilər. Lakin bununla yanaşı postmodernizm çox zaman öz sələflərinə və onların bədii irsinə nihilist münasibət bəsləyirdilər. Əgər avanqardizmin erkən formaları klassik ənənələri tez-tez inkar edirdilərsə, postmodernizm bir qayda olaraq yalnız klassikanı deyil, həmçinin özünün birbaşa sələfləri olan modernizmin və neomodernizmin ənənələrini inkar edirdi. Postmodernizm permanent inqilabıdır və hər bir yeni bədii cərəyan, yeni estetik konsepsiya özündən əvvəlkini inkar etməklə təsdiq olunur.