MÜHAZİRƏ 11. Şəxsiyyətyönümlü texnologiyalar Pedaqogikanın ən mühüm sahələrindən biri də pedaqoji prosesdir. Bu prosesə tədris məkrəzlərində aparılan bütün təlim, tərbiyə, təhsil və inkişaf məsələləri daxildir. Bəzi pedaqoji ədəbiyyatlarda bu anlayışın əvəzində daha çox “təlim-tərbiyə” prosesi işlədilmişdir. Lakin son dövrün pedaqoji ədəbiyyatında bu anlayışlar tam pedaqoji proses kimi təqdim olunur. Bu da təbiidir, çünki təlim, təhsil, tərbiyə və inkişaf bir-birindən ayrılıqda həyata keçirilən proseslər deyil. Onlar eyni məqsədə xidmət edən vahid pedaqoji prosesin bir-biri ilə üzvi əlaqədə olan ayrılmaz cəhətlərdir .
“Pedaqoji proses” anlayışı pedaqoji ədəbiyyatda əsasən belə təqdim olunur: Qarşıya qoyulmuş məqsədə çatmaq üçün müəllimlərlə şagirdlərin qarşılıqlı təsirinə pedaqoji proses deyilir. Bu qarşılıqlı təsir qabaqcadan nəzərdə tutulmuş şəkildə şagirdlərin vəziyyətinin, xassə və keyfiyyətlərinin dəyişməsinə gətirib çıxarır. Başqa sözlə desək, pedaqoji prosesdə mənimsənilən sosial təcrübə şəxsiyyətin keyfiyyətinə çevrilir.
Pedaqoji proses dinamik sistemdir. Onun öz strukturu (quruluşu) və struktur elementləri (komponentləri) vardır. Pedaqoji proses öz məqsədi, vəzifələri, məzmunu, metodları, müəllim və şagirdlərin qarşılıqlı təsir formaları sayəsində əldə olunmuş nəticələri ilə xarakterizə olunur. Məqsəd, məzmun, fəaliyyət və nəticə komponenti – sistem yaradan komponentlərdir.
Məqsəd komponenti pedaqoji fəaliyyətin bütün müxtəlif məqsəd və vəzifələrini birləşdirir. Məzmun komponenti həm ümumi məqsədə, həm də konkret vəzifəyə qoyulan mənanı əks etdirir.Fəaliyyət komponenti pedaqoq və şagirdlərin qarşılıqlı təsirini, onların əməkdaşlığını, prosesin təşkili və idarə olunmasını əks etdirir. Pedaqoji ədəbiyyatda bu komponentə təşkilati və ya təşkilati-idarəetmə komponenti də deyilir. Nəticə komponentiisə prosesin baş verməsinin səmərəliliyi, qarşıya qoyulmuş məqsədə uyğun olaraq əldə olunmuş nailiyyətlərlə xarakterizə olunur.
Həyata keçirildiyi yerdən və şəraitdən asılı olmayaraq pedaqoji prosesi səciyyələndirən digər cəhətlər də vardır. Pedaqoji prosesin obyekti və subyekti vardır. Cərəyan etdiyi şəraitdən asılı olaraq pedaqoji prosesin subyekti ayrı-ayrı şəxslər (müəllim, tərbiyəçi, valideyn, idarə rəhbəri və s.) və ya kollektiv orqanlar da (məktəb pedaqoji şurası, institut rektorluğu, yerli komitə və s.) ola bilər.
Pedaqoji prosesin obyekti də ayrı-ayrı fərdlərdən (uşaqlardan, şagirdlərdən, tələbələrdən, əsgərlərdən və s.) və onların qrupundan (bir sinfin şagirdlərindən, məktəbin şagirdlərindən, tələbələr qrupundan və s.) ibarət ola bilir. Pedaqoji prosesin obyekti heç də həmişə passiv olmur, fəallıq da göstərir, nəinki subyektin tərbiyəvi təsirinə məruz qalır, bir çox hallarda özü subyektə təsir göstərir və bununla da pedaqoji prosesin səmərəliyinin artmasına səbəb olur.
Tam pedaqoji prosesə daxil olan təlimdə əsas məqsəd yalnız şagirdlərin bilikləri mənimsəmələrini təmin etməkdən ibarət deyil, həm də öyrədilən biliklər vasitəsi ilə şagirdləri məqsədyönlü ictimai-faydalı fəaliyyətə sövq etmək, çətinlikləri və maneələri şüurlu və təkidlə aradan qaldırmaq bacarığını onlarda formalaşdırmaq, şagird şəxsiyyətinin bütövlüyünə şərait yaratmaqdır. Tərbiyə də təlim kimi üç funksiyanı – sırf tərbiyəvi, öyrədici və inkişaf etdirici funksiyanı yerinə yetirir. Təlim prosesində elmi anlayışların, təsəvvürlərin, qanun və nəzəriyyələrin, bacarıq və vərdişlərin formalaşması, tərbiyə prosesində isə əxlaqi, ideya, estetik və s. keyfiyyətlərin, qaydaların, ideyaların, ictimai mənalı münasibətlərin, davranışların formalaşması üstünlük təşkil edir. Təlim və tərbiyə uşaqların psixi inkişafını şərtləndirdiyi kimi, inkişaf da öz növbəsində təlim və tərbiyənin müvəffəqiyyətinə imkan verir. Tam pedaqoji prosesə daxil olan proseslərin spesifikliyi onun əsas funksiyalarını müəyyənləşdirən zaman özünü göstərir. Təlim prosesinin əsas funksiyası öyrətmək, təhsil prosesinin əsas funksiyası təhsil almaq, tərbiyə prosesinin əsas funksiyası tərbiyə etmək, inkişaf prosesinin əsas funksiyası isə inkişaf etdirməkdir. Adı çəkilən proseslərin hər biri tam pedaqoji prosesdə digər funksiyaları da yerinə yetirir: təhsil təkcə təhsilalma funksiyasını yox, həm də tərbiyəedici, həm də inkişafetdirici funksiyasını da yerinə yetirir. Təlim isə həm təhsilləndirici, həm tərbiyəedici, həm inkişafetdirici, həm nəzarətedici funksiyanı yerinə yetirir və s.
Bütün digər proseslər kimi pedaqoji prosesində qanunauyğunluqları vardır.
Pedaqoji ədəbiyyatda pedaqoji prosesin qanunauyğunluğu anlayışını “pedaqogikanın qanunauyğunluğu” və ya “metodikanın qanunauyğunluğu” anlayışları ilə eyniləşdirmək hallarına da rast gəlmək olur. Halbuki, pedaqoji qanunauyğunluqları, yəni təlim, tərbiyə, təhsil və inkişaf qanunauyğunluqlarını bir elm kimi pedaqogikanın qanunauyğunluqları ilə eyniləşdirmək olmaz. Çünki birincilər obyektiv prosesə, ikincilər isə bu proses haqqındakı elmə aiddir. Pedaqogikanın və ya metodikanın bir elm kimi öz inkişaf qanunauyğunluqları vardır və onlar heç də həmişə pedaqoji prosesin qanunauyğunluqları ilə üst-üstə düşmür. Buna baxmayaraq, bəzən nəinki metodika sahəsində, hətta pedaqogika sahəsində də təlim və tərbiyənin qanunauyğunluqları pedaqogikanın qanunauyğunluqları ilə eyniləşdirilir.
Pedaqoji mənbələrdə vurğulanır ki, pedaqoji prosesin həm təlim üçün, həm də tərbiyə üçün ümumi qanunauyğunluqları vardır. Bunlar aşağıdakılardır: