Bilik və bacarıqların möhkəmləndirilməsi prinsipi. Bu prinsip təlimdə tələbələrə əsaslı biliklər verməyi, onların hafizədə uzun müddət saxlanmasını təmin etməyi nəzərdə tutur. Onun əsasında belə bir didaktik qanun durur: təlimdə bilik və bacarıqlar vaxtında nə qədər möhkəmləndirilirsə, şüurlu şəkildə mənimsənilərək təkrar və tətbiq edilirsə, biliklər bir o qədər möhkəm yadda qalır. Bu prinsipin həyata keçirilməsində müəyyən qaydalar gözlənilməlidir:
- bilik və bacarıqların ilkin mənimsənilməsində tələbələrin fəallıq və şüurluluğunu təmin etmək (yeni material nə qədər şüurlu və fəal şəkildə mənimsənilərsə, biliklər
daha möhkəm yadda qalar);
- möhkəmləndirmə zamanı hafizə (yaddaş) və təfəkkürün işini əlaqələndirmək
(yeknəsək təkrar yorucu və mexaniki xarakter daşıyır, bu halda biliklər tez unudu
lur);
- öyrənilən elmi bilikləri müntəzəm olaraq həyata və çalışmalara tətbiq etmək
(bilik nə qədər çox tətbiq edilirsə, bir o qədər möhkəm yadda qalır);
- biliklərin möhkəmliyi üçün bütün vasitələri (ilkin mənimsəmədə şüurluluq, təkrar və təfəkkürün vəhdəti, yaradıcı tətbiqetmə və s.) kompleks şəkildə tətbiq etmək.
Biz yuxarıda təlim prosesini tənzimləyən didaktik prinsipləri nəzərdən keçirdik.
Bu prinsiplər bütövlüklə tədris müəssisələrindəki təlim prosesi üçün səciyyəvidir.
Lakin ali məktəbdə tədris prosesinin özünəməxsus xüsusiyyətləri vardır ki, onlar da digər prinsiplərə tənzimlənir.
Ali məktəbdə təlimin spesifik prinsipləri kimi bunları qeyd etmək olar: a) təlimin peşə yönümlülüyü; b) təlimin elmi fəaliyyətdə əlaqələndirilməsi; c) təlimdə kollektiv və fərdi işin əlaqələndirilməsi prinsipləri.
Həmin prinsipləri qısaca nəzərdən keçirək.
Təlimin peşəyönümlüyü prinsipi.
Bu prinsip ali məktəbdə təlim prosesini öyrənilən peşəyə istiqamətləndirməyi nəzərdə tutur və belə bir qanuna əsaslanır: ali məktəbdə təlim prosesi nə qədər məqsədyönlü şəkildə peşəyə istiqamətləndirilirsə, peşəyönümü ideyası bütün iş formalarına, tədris olunan fənlərə nə qədər çox nüfuzedirsə, gənclərin bir mütəxəssis kimi hazırlıq səviyyəsi də bir o qədər yüksək olur.
Bu prinsip müəyyən didaktik qaydalarla həyata keçirilir:
- ayrı-ayrı fənlərin məzmunu və imkanları çərçivəsində müxtəlif vasitə və metodlardan istifadə etməklə peşəyönümü işini həyata keçirmək;
- fənndaxili və fənlərarası əlaqələrdən peşəyönümü işində istifadə etmək;
- ali məktəbdə, fakültədə peşəyönümü mühiti yaratmaq;
- fakültədə fəaliyyət göstərən kafedralar arasında peşəyönümü işini əlaqələndirmək.
Təlimin elmi fəaliyyətlə əlaqələndirilməsi prinsipi. Bu prinsip ali məktəbdə təlim prosesini elmi fəaliyyətlə vəhdətdə aparmağı nəzərdə tutur. Onun əsasında belə bir qanun durur: təlim və elmi fəaliyyət bir-birilə nə qədər düzgün və məqsədyönlü şəkildə əlaqələndirilirsə, tələbələr elmi axtarışlara geniş cəlb edilirsə, mütəxəssis hazırlığının keyfiyyəti bir o qədər yüksək olur.
Prinsipin reallaşması müəyyən qaydalarla həyata keçirilir:
- tələbələri yeni elmi kəşflərlə, eləcə də elmin həll edilməmiş problemləri ilə elmi metodlarla tanış etmək:
- tələbələri elmi problemlərin həllinə cəlb etmək;
- tədris prosesində elmi diskussiyalara geniş yer vermək;
- tələbələrin təlim işini elmi işlə sıx əlaqələndirmək;
- kafedraların elmi-tədqiqat işlərini mütəxəssis hazırlığının keyfiyyətini yüksəltmək vəzifəsinə yönəltmək.
Təlimdə kollektiv və fərdi iş formalarının əlaqələndirilməsi prinsipi
. Bu prinsip təlimin təşkilinin kollektiv və fərdi formalarını düzgün əlaqələndirməyi nəzərdə tutur. Ali məktəbdə təlimin kollektiv forması üstünlük təşkil etsə də elmi biliklərin mənimsənilməsi prosesi fərdi səciyyə daşıyır . Hər tələbənin zehni yükünü düzgün müəyyənləşdirmək və buna müvafiq olaraq onunla fərdi iş aparmaq lazım gəlir.
Fərdi iş forması müxtəlif məzmunda ola bilər: icmal tərtibi; mühazirə mətnlərinin tərtibi; laborator və praktik işlərin icrası; proqramın nisbətən çətin mövzularının öyrənilməsi; yeni mövzu ilə bağlı əvvəllər keçilən materialların təkrarı; müəyyən problem üzrə ədəbiyyatla tanışlıq; ilk mənbələr üzərində iş, elmi iş və s.
Tələbə fərdi iş formasında semestr ərzində hər fənn üzrə on tapşırığı yerinə
yetirməlidir. Müəllim fərdi iş üçün tapşırıqları vaxtaşırı semestrdə üç dəfə (müəyyən
qrafik üzrə) yoxlayıb qiymətləndirməlidir (on bala qədər).
Bu prinsipin tətbiqi bəzi qaydalara əməl olunması ilə bağlıdır:
- tələbələrin fərdi xüsusiyyətlərini, zehni və psixi inkişaf səviyyələrini, imkan və
qabiliyyətlərini yaxşı öyrənmək və bu əsasda fərdi işi müəyyənləşdirmək;
- fərdi işlə kollektiv işi düzgün əlaqələndirmək;
- fərdi işləri tələbənin gücünə, hazırlıq səviyyəsinə uyğun olaraq optimal şəkildə
aparmaq;
- fərdi işləri vaxtaşırı (qrafik üzrə) yoxlayıb müvafiq balla düzgün qiymətləndirmək və tələbəni həvəsləndirmək.
Nəzərdən keçirilən prinsiplər real təlim prosesində qarşılıqlı vəhdətdə tətbiq
olunur və bir-birini şərtləndirir. Hər hansı prinsipə etinasızlıq göstərmək digər prinsiplərin də təsir gücünü zəiflədə bilər.
Dostları ilə paylaş: |