3. Xaricdə ali təhsil sistemi
Xaricdə ali təhsil, əsasən, universitetlərdə həyata keçirilir: tələbələrin böyük
qismi aparıcı ali təhsil müəssisəsi kimi universitetlərdə təhsil alır. Bundan əlavə
konkret ixtisaslar üzrə ali təhsili institutlarda, bəzi ölkələrdə (məsələn, ABŞ-da,
İngiltərədə) ali kolleclərdə də (təhsil müddəti 4-5 il olur) almaq mümkündür.
Kolleclər universitetlər nəzdində və ya müstəqil fəaliyyət göstərir. Məsələn,
Oksford Universitetinin nəzdində 30-dan çox kollec fəaliyyət göstərir. Ali təhsil
almağın nisbətən geniş yayılmış forması qiyabi təhsildir. İngiltərədə tələbələrin
50%-i bu formada təhsil alır. Bu hal təhsil haqqının yüksək olması ilə bağlıdır.
Tələbələr təhsil haqqını ödəmək üçün işləmək məcburiyyətində qalırlar. Xarici
ölkələrin böyük qismində dövlət ali məktəbləri ilə yanaşı, qeyri-dövlət 16 (özəl)
təhsil müəssisələri də geniş yayılmışdır. Belə ali məktəblər ayrı-ayrı şəxslər, təhsil
korporasiyaları, monopolist ittifaqlar və s. tərəfindən açılır. Məsələn, ABŞ-da ali
məktəblərin yarıdan çoxu özəl məktəblər olub iri korporasiya və monopoliyaların
fondu hesabına maliyyələşir. Yaponiyada bütün ali məktəblərin 72%-i bu cür
fəaliyyət göstərir və ölkədəki tələbələrin 70%-dən çoxunu əhatə edir. Bəzi
ölkələrdə isə ali təhsil müəssisələri, əsasən, dövlətə məxsusdur (İngiltərə). Bir çox
ölkələrdə fərdi qaydada təhsil geniş yayılmışdır. Tələbələr özləri üçün fərdi tədris
planı seçir və tyutor-müəllimin rəhbərliyi altında işləyirlər. Ali məktəbə qəbulu, bir
qayda olaraq, ali təhsil müəssisələri özləri müsabiqə əsasında aparır. Qəbulda orta
məktəbdə alınan ballar həlledici əhəmiyyət kəsb edir. Xaricdə ali məktəblər üçün
ümumi cəhət tələbələrin mənimsəmələri üzərində sistemli nəzarət aparılmasından
və təlim göstəricilərinin ciddi şəkildə hesaba alınmasından ibarətdir. Yoxlama,
nəzarət həm universitetdaxili, həm də müvafiq qurumlar tərəfindən həyata keçirilir.
Bəzi ölkələrdə (məsələn, Almaniyada) universitet məzunları iki il ixtisas üzrə
işlədikdən sonra dövlət imtahanı verirlər. Bu dövrdə onlar praktik təcrübə qazanır,
ali məktəb də həmin müddətdə onlara nəzəri və metodik köməklik göstərir.
Universitetlərdə təhsilin keyfiyyətinə yuxarı qurumlar tərəfindən də nəzarət edilir.
Bəzi ölkələrdə bu işi Təhsil Departamentləri, bəzilərində isə xüsusi qurumlar
həyata keçirir. Məsələn, İngiltərədə ali məktəblərdə yoxlamanı Ali Təhsilin
Keyfiyyəti Şurası təşkil edir. Ali Təhsilin Keyfiyyəti Şurası hər 5-6 ildən bir ali
məktəbin son kursunun tələbələrinin mütəxəssis kimi hazırlıq səviyyəsini yoxlayır
(akkreditasiya). Hər hansı ixtisas üzrə keyfiyyət səviyyəsi aşağı olarsa, bu halda
həmin ixtisasa maliyyə vəsaiti (başqa sözlə, tələbə qəbulu) dayandırılır. Son illər
xarici ölkələrdə, xüsusən Avropa ölkələrində təhsil, o cümlədən ali təhsil sahəsində
inteqrasiya prosesi güclənməkdədir. Avropa Şurasına daxil olan ölkələrin böyük
əksəriyyəti (90%-dən çoxu) Boloniya prosesinə qoşulmuşdur. Boloniya prosesinin
şərtlərinə uyğun olaraq ali təhsildə islahatlar aparılır. İslahatla bağlı Avropa
Şurasının Təhsil və Ali Təhsil-Tədqiqat Komitələrinin proqramları hazırlanmışdır.
Boloniya prosesinə qoşulan ölkələr bu proqramların həyata keçirilməsində fəal
iştirak edir. Həmin proqramların reallaşdırılması Avropa ali təhsil zonası
yaratmağa, universitet məzunlarının Avropa ölkələrində işə düzəlmə imkanlarını
genişləndirməyə, diplomların və elmi dərəcələrin qarşılıqlı tanınmasına xidmət
edəcəkdir.
4. Ali təhsil sahəsində inteqrasiya. Boloniya prosesi.
Dünyada gedən qloballaşma təhsil sahəsində də özünü göstərir. Azərbaycan
təhsili, o cümlədən ali təhsil, dünyada gedən proseslərə daha sürətlə inteqrasiya
olunur. Bu, çox müxtəlif sahələrdə – təhsilin məzmunundan, texnologiyalarından
tutmuş idarəetmə sisteminədək özünü büruzə verir. Respublikamızın ali təhsil
sistemi Boloniya prosesinə qoşulmuşdur. Boloniya prosesi Avropa təhsil zonası
yaratmağa, Avropa Birliyinə daxil olan ölkələrdə vahid ali təhsil sistemi,
intellektual-mədəni əlaqələr sistemi formalaşdırmağa yönəlmişdir. 1999-cu ilin
iyun ayında 30 Avropa ölkəsinin təhsil nazirləri İtaliyanın Boloniya şəhərində
ümumavropa təhsil sisteminin gələcək inkişaf tendensiyalarını rəsmi surətdə
təsdiqlədi. Boloniya Deklarasiyasının əsas müddəaları nədən ibarətdir? Onları qısa
şəkildə nəzərdən keçirək.
1. İki-üçpilləli ali təhsil sisteminin tətbiqi. Boloniya prosesi ümumavropa ali təhsil
məkanı üçün ümumləşdirilmiş ixtisaslar strukturunun işlənib hazırlanmasını
nəzərdə tutur. Buna uyğun olaraq Azərbaycanın ali təhsil pilləsində üçmərhələli
struktur həyata keçirilir: bakalavriat, magistratura, doktorantura. Elmi dərəcələrin
verilməsində də Avropa modeli əsas götürülür: bakalavr, magistr, fəlsəfə doktoru,
elmlər doktoru.
2. Kredit sisteminin tətbiqi. Boloniya prosesi kredit sisteminə əsaslanır (kredit
latınca “creditum” – borc deməkdir). Tələbə ixtisas üzrə tədris planında müəyyən
edilmiş fənlərdən nəzərdə tutulmuş saatları yerinə yetirməklə kredit ballarını
toplamalı, imtahanları verməlidir. O, tədris planındakı fənləri hər semestr üçün özü
seçir və illik fərdi tədris planı tərtib edir. Hər semestrdə 30 kreditə qədər fənn
seçməklə 25.VI-dan 10.VII-dək fərdi tədris planı tutulur (kreditlərin sayı 38-i
aşmamaqla) və dekanlığa təqdim olunur. 1 kredit 22,5 saatdır; onun 15 saatı
auditoriya məşğələlərinə, 7,5 saatı auditoriyadankənar müstəqil işə ayrılır. Həftədə
auditoriya dərsləri 30 saat (gündə 6 saat), auditoriyadankənar iş 15 saat (gündə 3
saat) hesabı ilə planlaşdırılır. Tələbə kredit saatlarını yerinə yetirdikdən sonra
keçdiyi fənlərdən imtahan verir. Tələbə hər fənn üzrə imtahana qədər və imtahanda
azı 51 bal toplamalıdır; bu baldan aşağı olduqda o, krediti toplamamış hesab
olunur. Müəyyən fəndən akademik borcu qalan tələbələr üçün yay semestri təşkil
oluna bilər (6 həftəlik). Bu müddətdə müəllim mühazirə və məşğələlər yolu ilə
tələbələrə proqram materiallarını təkrar keçir. Növbəti semestrin əvvəlində həmin
fənn üzrə təkrar imtahan götürülür. Bu dəfə də kəsilən tələbələr həmin fənni
növbəti ildə yenidən keçməli olurlar (dərs gününün bir növbəsində, məsələn, I
növbədə öz məşğələlərində, digər növbədə – II növbədə isə aşağı kursda
akademborcu qalan fənnin məşğələlərində iştirak edirlər). Növbəti tədris ili üçün
fərdi plan tərtib edərkən tələbə buraya, ilk növbədə, əvvəlki ildən (illərdən)
akademborcu qalan fənləri daxil edir. Tələbə təhsil müddətində ixtisasdan asılı
olaraq 200 – 250 kredit toplamalıdır. O, bu kreditləri 7 ilə toplaya bilməsə, bəzi
fənlərdən – ümumpeşə və ixtisas fənlərindən topladığı kreditləri itirir və onları
yenidən toplamalıdır (mühazirə və məşğələlərdə yenidən iştirak etməli, imtahanları
yenidən verməlidir). Tələbələr fənni və müəllimi seçmək hüququna malikdirlər.
Hər hansı fənn üzrə lazımi sayda tələbə seçim etməsə, həmin fənn illik fərdi plana
daxil edilmir. Əgər normadan çox tələbə müəyyən fənni seçirsə, bu halda ikinci
qrup yaradılır və əlavə müəllim dəvət edilir.
3. Təhsilin keyfiyyətinə nəzarət. Boloniya prosesi təhsilin keyfiyyətinə nəzarət
mexanizmlərinin tətbiqini, bu məqsədlə təhsil sistemində Akkreditasiya
Agentliyinin yaradılmasını nəzərdə tutur. Azərbaycan Respublikasında Təhsil
Qanununa əsasən (16-cı maddə), təhsil müəssisələrinin akkreditasiyası xidməti
yaradılır. Təhsil Nazirliyinin dövlət akkreditasiya xidməti təhsilin keyfiyyətinə
nəzarəti həyata keçirir, təhsilin keyfiyyət səviyyəsini qiymətləndirir.
4. Mobilliyin genişləndirilməsi. Boloniya prosesi Avropa təhsil məkanına daxil
olan ölkələrin tələbə, magistr, doktorant və professor-müəllim heyətinin qarşılıqlı
əməkdaşlığını, tələbələrin Avropa universitetlərində sərbəst təhsil almasını,
mütəxəssislərin istənilən Avropa ölkəsində işləməsi üçün imkan yaradılmasını
nəzərdə tutur. Bu məqsədlə ali məktəblərin tələbə və mütəxəssislərinin Avropa
təhsil məkanında sərbəst və çevik hərəkətini – mobilliyini (mobillik latınca
“mobilic” – mütəhərrik, çeviklik deməkdir) təmin etmək vacib şərtdir.
5 . Dərəcələrin tanınması, məzunların işə düzəlməsinin təmin olunması. Boloniya
prosesinin mühüm istiqamətlərindən biri ali məktəb məzunlarının işlə təmin
olunması, Avropa məkanında iş yerləri ilə bağlı sərbəst seçim, sərbəst hərəkət
etmək imkanın yaradılmasıdır. Avropa təhsil zonasına daxil olan ölkələrin
universitetlərini bitirən gənc mütəxəssislərin istənilən ölkədə işləməsi üçün şərait
yaradılır, diplomların və elmi dərəcələrin qarşılıqlı tanınması proseduru həyata
keçirilir.
6. Fasiləsiz təhsil və ya ömür boyu təhsil – Avropa təhsil zonasının mühüm
elementini təşkil edir. Fasiləsiz təhsilin strukturunda iki mərhələ özünü göstərir:
baza təhsili və əlavə təhsil. Bu yarımsistemlərin hər biri müxtəlif formalarda
qurulur: əsas və paralel, dövlət və qeyri-dövlət təhsil müəssisələri, habelə
ixtisasartırma, stajkeçmə, məsafədən təhsil və s. Boloniya prosesinin göstərilən
prinsiplərinin kompleks şəkildə həyata keçirilməsi respublikamızın ali təhsil
sisteminin Avropa təhsil məkanına tam inteqrasiyasını təmin etməyə imkan
verəcəkdir.
Dostları ilə paylaş: |